Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-162/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) (üçüncü şəxs X3) qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək Bakı ş, Ləhiş bağ massivində yerləşən 3018(2784) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum Mirağa Mirəlibala oğluna məxsus olması haqqında arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə AR MPM-nin 263.4cü maddəsinə əsasən ayrıca akt şəkildə tərtib edilmədən protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR PHŞ-yə verilməsi qərara alınmışdır. Sonradan dəqiqləşmə verilərək Bakı ş, Ləhiş bağ massivində yerləşən 2301 kv.m ölçüdə 3018(2784) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum Mirağa Mirəlibala oğluna məxsus olması haqqında arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində 3018 nömrəli bağ sahəsi mərhum Mirağa Mirəlibala oğlundan ona miras qalmış, cavabdehə qeydiyyatın aparılması barədə müraciət etmiş, müraciətin təminindən imtina edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hesab edir ki, Ləhiş bağ massivində 2500 kv.m torpaq sahəsinə çıxarış verilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin faktiki yerləşməsi ilə sxematik xəritədə uyğunsuzluq mövcuddur. Bölgü sxemin təqdim edilməsi məqsədə uyğundur və torpaq sahəsinin bir hissəsi torpaq sahələr arası yolda yerləşir. Faktiki torpaq sahəsi 2397,0 kv.m təşkil edir. İcarə müqaviləsinin arxiv nüsxəsində və arxiv cizgisində bğın nömrəsi 3018/2784 olaraq göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki yerləşməsi ilə sxematik xəritədə uyğunsuzluq mövcuddur. Bölgü sxemin təqdim edilməsi məqsədə uyğundur və torpaq sahəsinin bir hissəsi torpaq sahələr arası yolda yerləşir. Faktiki torpaq sahəsi 2397,0 kv.m təşkil edir. Bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 0,25 ha ölçüdə Ləhiş bağ massivində olan 3018 nömrəli bağ sahəsi Mirağa Mirəlibala oğluna ayrılmışdır. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 2397 kv.m təşkil edir. Tikili mövcud deyildir. Bağ sahəsinin 2 tərəfi hasar, 2 tərəfinə isə 4 daş hündürlüyündə mişar daşı düzülərək sərhədlənmə aparılmışdır. 16 dekabr 2024-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki torpaq sahəsi 2397 kv.m təşkil edir. Torpaq sahəsində tikili yoxdur, sxematik xəritə və arxiv cizgisində bağ sahəsinin iki tərəfi yol kimi göstərilir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqəsi torpaq kateqoriyasına aiddir. Sxematik xəritə ilə uyğunsuzluq var, bir hissə torpaq sahələri arası yola düşür. 2785 bağ sahəsinin bir hissəsinin həmin sahəyə düşdüyü bildirildi, 2785 saylı bağa dair sənəd təqdim edilmədi. Ekspert rəyindən görünür ki, mütəxəssis rəyində göstərilən həmin hallar ekspert rəyi ilə də müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 2397 kv.m sahənin təqribən 96 kv.m hissəsi yola düşür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, iddiaçının mərhum atasının mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir. iş materiallarında olan bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi bağ sahəsi iddiaçının atasına verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi müvafiq müqavilə əsasında iddiaçının mərhum atasına ayrılmışdır. Həmin sənəd isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd qismində çıxış edən həmin müqavilə hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənəd öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan özü də iddiaçının mərhum atasına ayrılan torpaq sahəsinin ayrılması ilə bağlı mövcud olan sənədi mübahisələndirmir. Nəzərə alınmalıdır ki, sxematik xəritədə uyğunsuzluq olması şəxsin məsuliyyət sferasına aid olmayan hallardır. Bununla bağlı ilkin olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı barədə mübahisələr ilə bağlı “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə araşdırması zamanı təqdim edilən rəylərlə də həmin uyğunsuzluq müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçı və mərhum atasının təqsir sferasına aid olmayan həmin uyğunsuzluq cavabdeh tərəfindən aradan qaldırılmaqla arayışın verilməsi təmin edilməlidir. Digər tərəfdən cavabdeh etiraz və imtinada qeyd edir ki, torpaq sahəsinin bir hissəsi torpaq sahələr arası yolda yerləşir. Faktiki torpaq sahəsi 2397,0 kv.m təşkil edir. İcarə müqaviləsinin arxiv nüsxəsində və arxiv cizgisində bğın nömrəsi 3018/2784 olaraq göstərilmişdir. Məhkəmə bununla əlaqədar qeyd edilməsini zəruri hesab edir ki, bağ nömrəsinin 3018/2784 olaraq göstərilməsi nə qədər ki, arxiv nüsxə mövcuddur və faktiki olaraq iddia edilən torpaq sahəsi naturada müəyyən edilməkdədir imtina qismində çıxış edə bilməz. Digər tərəfdən faktiki iddia olunan torpaq sahəsini yola düşən hissəsi ilə bağlı da dəqiqləşmə ərizəsindən görünür ki, hər hansı mübahisə yoxdur. Belə ki, iddiaçı faktiki istifadədə olan 2397 kv.m sahədən yola düşən 96 kv.m hissədə iddia tələbini azaltmış və məhz 2301 kv.m torpaq sahəsinə dair arayışın verilməsini xahiş etmişdir ki, yola düşən hissədə iddia tələbində azalma mövcud olduğundan həmin hal da imtina əsası qismində çıxış etməkdədir. Digər tərəfdən məhkəmə araşdırması zamanı 2301 kv.m təşkil edən hər hansı üçüncü şəxslə mübahisəli vəziyyətdə olmayan, yola da düşməyən sahə ilə bağlı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş şəxslə də mübahisəli vəziyyətin olmadığı müəyyən edilmişdir. Belə ki, hazırkı iddia məhz yola düşməyən iddiaçının faktiki istifadəsində olan 2301 kv.m hissə ilə bağlıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz mülkiyyət hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi mülkiyyət hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz mülkiyyət hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbi təmin olunduğundan, 50 manat ekpsertizanın keçirilməsinə dair xərcin ödənilməsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı ş, Ləhiş bağ massivində yerləşən 2301 kv.m ölçüdə 3018(2784) nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum Mirağa Mirəlibala oğluna məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-162/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-162/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver