Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1620/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ; 71-ci maddəsinin İ və İİ, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 4-cü və 7.5-ci, həmçinin İnzibati Xətalar Məcəlləsinin 5.1-ci və 5.7-ci maddələri ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə və qanuni mənafeyinin qorunmasına köməklik göstərərək, məsələyə obyektiv hüquqi qiymət verərək, oğluna “Muhəmməd” adının verilməsində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində heç bir qadağa və məhdudiyyət olmadığı təqdirdə cavabdeh tərəfindən hüquqlarının həyata keçirilməsinə qanunsuz, əsassız və tövsiyə xarakterli özbaşına dövlət orqanı adından verilmiş rəsmi cavabına dair müvafiq məsuliyyət tədbirlərini nəzərdə tutaraq və eyni zamanda oğluna “Muhəmməd” adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə doğulmuş uşağının doğumunun “Muhamməd” adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yeni dünyaya gəlmiş oğlunun qeydə alınması və ona “Muhamməd” adının verilməsi barədə təxminən sentyabr ayının əvvəlində 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinə yazılı müraciət etmiş, lakin müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 05/Q-2704/15 nömrəli rəsmi cavab məktubunda uşağa “Muhamməd” adının verilməsi ilə bağlı qanunsuz və heç bir hüquqi əsası olmadığı halda “Mahəmməd” adının verilməsi tövsiyə edilməmişdir. Həmçinin həmin məktubda aidiyyətsiz istinadlar olunaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydalarının” 1.4-cü bəndinə və Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” qanunun 8-ci maddəsinə səhv istinadlar edilmiş və hüquqlarının həyata keçirilməsinə kobud qanun pozuntusuna yol verilərək müdaxilə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında 2020-ci il 05 avqust saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə (birinci instansiya məhkəmələri üzrə) inzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə baxılmasının təmin edilməsi, digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsinin davam etdirilməsi tövsiyə edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə bildirişində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki məhkəmə bildirişini aldıqdan sonra qısa müddət ərzində məhkəmə iclası (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflər işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını tələb etməmişlər. Göstərilənlərə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, 05/Q-2704/15 saylı imtina məktubunda qeyd olunur: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən şəxsin mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın, soyadın verilməsinə yol verilmir. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Göstərilənlərə əsasən, doğum qeydə alınarkən uşağa “Muhamməd” adının verilməsi tövsiyə edilmir. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 315363 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, İddiaçı ilə Nəfiyeva Röya Zöhrab qızı xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 4397 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alverdiyev, arvada Nəfiyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 14 nömrəli usaq poliklinikasının 193 saylı xx xxxxxxxx 2019-cu il tarixli tibbi arayışın surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, Nəfiyeva Röya Zöhrab qızının xx xxxx 2019-cu il ildə doğulmuş usağı X1 - 14 nömrəli usaq poliklinikasında qeydiyyatdadır və sağlamdır. İş materiallarında olan Bakı İnternational Medical Centre MMC-1 tərəfindən verilmiş TQS №103 nömrəli, **********26 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Nəfiyeva Röya Zöhrab qızından xx.xx.2019-cu il tarixdə saat 18:35 radələrində 1 (bir) kişi cinsli uşaq doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 1.4-cü maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında mübahisə olmadıqda uşağa adın verilməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla bağlı istisna yalnız «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında nəzərdə tutulmuşdur. Həmin Qaydaların tələblərinə əsasən isə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Hazırki halda isə uşağa «Muhamməd» adının verilməsində valideynlər arasında fikir ayrılığının olması, valideynlərdən birinin razı olmaması halı məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bundan başqa, «Muhamməd» adı uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir və qanunvericiliyin tələblərinə də zidd hesab edilmir. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı saymır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş uşağının doğumunun “Muhamməd” adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1620/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1620/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver