Məhkəmə qərarları › İş №2-1(112)-1620/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1620/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1620/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “uşağın adının doğum akt qeydində “Muhamməd” kimi yazılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 14.04.2021-ci il tarixində Bakı şəhəri 7 nömrəli Doğum evində doğulmuş oğlan uşağının adının doğum akt qeydində “Muhamməd” kimi yazılması vəzifəsinin 5 saylı Bakı Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ildə X1 ilə faktiki nikaha daxil olmaqla evlənmişdir. X1 ilə faktiki nikahlarından 7 nömrəli Doğum evində 14.04.2021ci il tarixində oğulları dünyaya gəlmişdir. Ona doğum haqqında şəhadətnamə almaq məqsədilə cavabdeh 5 saylı Bakı Cavabdehnə müraciət etmiş və oğlan uşaqlarına “Muhamməd” adının verilməsini xahiş etmişdir. Lakin cavabdeh 5 saylı Bakı Cavabdeh 25.05.2021-ci il tarixli, 05-1096/76 saylı imtina cavabı ilə bildirmişdir ki, Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Seçdiyiniz ad Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsi mümkün deyildir. Adın verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərsiniz. İmtina qanunsuz olmaqla yanaşı həm də əsassızdır. Belə ki, övladına qoymaq istədiyi “Muhamməd” adı insanlara yad və deyilişi xoş səslənməyən ad deyil. Bir çox adlar kimi, məsələn Əli, Saleh, Əhməd, Mahmud, Mustafa, Rəcəb, Ömər, Abbas, Xalid, Zahid, Heydər, Nəbi, Tahir, Osman, Məftun kimi kişi adları, Xədicə, Səfiyyə, Sevda, Gülsüm, Ümmunisə, Aliyə, Tahirə, Hökumə, Mədinə, Həcər, Leyla və s. qadın adları kimi Muhamməd adı da ərəb dilindən dilimizə keçmiş adlardandır və Azərbaycanda Muhamməd adını daşıyan kifayət qədər uşaq var. Həmin uşaqlara da doğum haqqında şəhadətnamələrini müvafiq qeydiyyat şöbələri vermişdir. Soyadındakı Camal adı, qızı Xədicə və Mədinənin adı da ərəb mənşəli addır. Əgər Nihat, Onur, Tuncay, Tayfun, Tunar, Aysun, Sunay, Özcan, Atilla, Atilay kimi türk dilindən gələn, Pərviz, Rüstəm, Şahbaz, Pərvanə, Şükufə kimi fars dilindən gələn adlar, rus dilindən gələn Sveta, Tamara kimi adlar uşaqlara rahatlıqla qoyulursa və hal-hazırda bu adları daşıyırlarsa, Muhamməd adının övladına qoyulmasından imtina əsassızdır. Halbuki, Azərbaycan dilinin leksikonunda nə Nihat, nə Onur, nə Tuncay, nə Tunar, nə də Aysun kimi sözlər yoxdur. Adın səslənməsinə gəldikdə Muhamməd adı Rəyasət, Siyasət, Meyxoş, Marks, Fətiş və s. adlar kimi qulağa qəribə səslənmir. Hətta Xamməd, Məmməd adları da Muhamməd adının dəyişmiş formasıdır ki, bu adların qoyulmasına məhdudiyyət qoyulmayıb. Muhamməd adı ərəbcə Həmid, Əhməd, Mahmud sözləri ilə də qohumdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 12.10.2021-ci il tarixli, 05Q/2183/76 nömrəli məktubunda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 103 nömrəli doğum haqqında tibbi şəhadətnaməyə əsasən ana haqqında məlumat: soyadı Quliyeva, adı Lamiyə, atasının adı Ehtibar, doğum tarixi xx.xx.2002, şəxsiyyət vəsiqəsi seriya AZE nömrə ********; uşaq haqqında məlumat: soyadı Quliyev, adı -, atasının adı XXX, doğum tarixi 14.04.2021, FİN 8YV4KKA. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 23.12.2021-ci il tarixli, T/43 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı uşağın adının doğum akt qeydində “Muhamməd” kimi yazılması tələbi müzakirə edilmişdir. Müzakirə zamanı qeyd edilmişdir ki, “Məhəmməd” adının “Muhamməd” kimi yazılış forması Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilmir. Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olaraq bu ad “Məhəmməd” kimi yazılır. Bu yazılış forması sözlərin düzgün yazılış qaydalarını özündə ehtiva edən “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndə (Bakı, 2013, səh.825) “Məhəmməd” kimi yazılışı da öz əksini tapmışdır. Azərbaycan dilində adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Muhamməd” deyil, “Məhəmməd” formasında yazılmalıdır. Cavabdeh 5 saylı Bakı Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 25.05.2021-ci il tarixli, 05-1096/76 nömrəli məktubunda bildirilmişdir ki, 14.04.2021-ci il təvəllüdlü oğlan uşağınızın doğumunun qeydə alınması ilə bağlı 24.05.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizdə uşağınızın adının “Muhəmməd” yazılmasını göstərmisiniz. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Seçdiyiniz ad Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsi mümkün deyildir. Adın verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərsiniz. Beləliklə işin hallarından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı 14.04.2021-ci il tarixdə doğulmuş övladına “Muhamməd” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 5 saylı Bakı Cavabdehnə müraciət etmiş, inzibati orqan isə 25.05.2021-ci il tarixli, 05- 1096/76 nömrəli məktubu iddiaçının seçmiş olduğu adın “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olmadığından müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək hazırkı iş üzrə məhkəmə qaydasında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. Həmin Əsasnamənin 2.1.10-cu bəndinə əsasən müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11-ci bəndinə əsasən orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi Komissiyanın əsas vəzifələrindəndir. Qeyd edilməlidir ki, antroponimika onomastikanın antroponimləri öyrənən şöbəsidir. Antroponimlər insan adları, еtnonimlər tayfa və millət adları, hidronimlər dəniz, çay, göl adları, kosmonimlər kosmik obyеkt adları, tеonimlər səcdəgah adları, zoonimlər hеyvanlara vеrilən хüsusi adlar, ktеmatonimlər müəssisələrə və digər əşyalara vеrilən хüsusi adlar kimi izah olunur. Antroponimik kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınan adlar əsas sayılır. Şəxsin adı, atasının adı və soyadı rəsmi şəkildə qeydə alınır. Köməkçi ad kateqoriyasına ləqəb, təxəllüs, titul və fəxri adlar daxildir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, onomastik leksikanı müəyyənləşdirərkən isə sözün etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilən normaları, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyini nəzərə alınaraq, hesab edir ki, Muhammad adı ərəb mənşəli ad olduğundan və Azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərə aid olmadığından, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olaraq bu ad “Məhəmməd” kimi yazıldığından cavabdeh orqanın imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “uşağın adının doğum akt qeydində “Muhamməd” kimi yazılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “uşağın adının doğum akt qeydində “Muhamməd” kimi yazılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar