Məhkəmə qərarları › İş №2-1(112)-1621/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1621/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1621/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Sabunçu rayon Vergi İdarəsi tərəfindən xx.xx.2001-ci ildə, ********** № li “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Baki şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Tramvay, Ev 14Q olan vergi ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********452700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 16127,25 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, müəssisənin fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Müəssisə qeydiyyata alındığı vaxtdan bu yana hər zaman şəffaf fəaliyyət prinsipini rəhbər tutmuş, fəaliyyətini hər zaman qanunvericiliyin tələbləri üzrə həyata keçirmişdir. Müəssisə uzun illərdən bu yana fəaliyyətdə olsa da, böyük dövriyyələrlə işləməmiş, hər zaman ixtisaslaşdığı sahə üzrə mikro səviyyədə, yəni kiçik müəssisə olaraq xidmət göstərmişdir. Vergi Orqanının müvafiq qərarı ilə hesablanmış əlavə vergilər heç bir əsası olmadan, qanunsuz olaraq hesablanmışdır. ...“Vergi Orqanından daxil olmuş, 23 may 2023-cü il tarixli **********845700 saylı və 25 may tarixli **********148400 saylı Kameral uyğunsuzluq məktubunda, MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş "Mənfəət vergisi" bəyannaməsində gəlirlərin və xərclərin hesablanması zamanı təsdiqedici sənədlərin olmaması haqqında məlumatlar və bununla əlaqədar kameral uyğunsuzluqların baş verdiyi bildirilir. Göstərilən iradlara cavab olaraq bildirilir ki, 2022-ci ildə tərtib edilmiş müvafiq bəyannamədən də göründüyü kimi xərclərin hesablanması zamanı işçi-qulluqçulara hesablanmış və qeyri-nağd yolla, yəni maaş kartlarına bank hesabından ödənilməklə əmək haqqı, sosial sığorta xərcləri (hesablanmış bütün sığorta haqları da bank hesabından büdcəyə ödənilmişdir) və icarə haqqı (ödənilmiş icarə haqqlarını hər rübün "ödəmə mənbəyindən tutulmuş vergilər" hesabatında göstərməklə 14 faiz vergi büdcəyə ödənilmişdir) xərcləri gəlirdən çıxılmışdır. Digər təsdiqedici sənədi olmayan heç bir xərc gəlirlərdən çıxılmamışdır. Eyni zamanda müəssisənin fəaliyyəti çap işlərindən - müxtəlif əşyaların üzərinə loqo yazılmasından, yol kənarında böyük plaketlərin tərtib olunması, reklamların yazılmasından, fəxri fərmanlar hazırlamaqdan ibarət olduğu üçün heç bir mal-material alınmamışdır. Gərək olan materiallar ya dizaynerin hazırladığı məmulatlar hesabına, ya da sifarişçilərin təqdim etdiyi materiallar üzərinə yazılmaqla hazırlanmışdır”. Qeyd edilən izah məktubuna 2022-ci ilin mənfəət vergisi bəyannaməsi əlavə edilməklə, vergi orqanına göndərilmişdir. ”08 iyun 2023-cü il tarixli **********983000 saylı kameral vergi yoxlamasının başa çatdırılması üçün tələb olunan sənədlər (məlumatlar) haqqında, vergi orqanından ünvanlanmış məktubla bildirilir ki, uçot-baza məlumatlarına əsasən müəssisənin mülkiyyətində təsərrüfat subyektinin (obyektinin) olmasına baxmayaraq, təqdim edilmiş 2022-ci ilin "Mənfəət vergisi" bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.1 kodlu sətirində göstəricilər əks etdirilməmiş və "Əmlak vergisi "bəyannaməsi təqdim edilmədiyi üçün kameral uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin balansında heç bir obyekti - yəni, bina, ev, qurğu yoxdur. Müəssisə yarandığı gündən hal-hazıra kimi müxtəlif ünvanlarda icarəyə götürülmüş obyektdə fəaliyyət göstərmişdir. Həmin icarə müqavilələri obyektə kod alan zaman müvafiq vergi orqanlarına təqdim edilmişdir. Müəssisənin mülkiyyətində heç bir əmlakı olmadığı üçün "Əmlak vergisi" bəyannaməsi mükəlləfiyyəti yoxdur”...’’Vergi Orqanının **********568100 saylı qərarına əsasən MMC-nin şəxsi vərəqinə 2022-ci ilin mənfəət vergisi üzrə əlavə olaraq 16127,25 manat kameral vergi hesablanmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin 2022-ci il üzrə gördüyü işlər, xidmətlər illik "Mənfəət vergisi" bəyannaməsində olduğu kimi əksini tapmışdır və xərclər bölümündə də yalnız hesablanmış əmək haqları, sosial sığorta və icarə haqları öz əksini tapmışdır. Mövcud qanunvericiliklə mikro sahibkarlıq fəaliyyəti ilə qeydiyyatda olan vergi ödəyicilərinə şamil olunmuş 75 faiz güzəşt ləğv edilmişdir və müəssisə riskli vergi ödəyicisi kimi qeydiyyata alınmış, bununla da cəmiyyətin fəaliyyəti iflic olmuşdur. Vergi Orqanına qeyd edilən ətraflı və təsdiqedici məlumatlar təqdim edilməsinə baxmayaraq, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan, sadəcə cərimə tətbiq etmək niyyəti nümayiş etdirərək, vergi qanunvericiliyinin tələblərinə zidd olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” əlavə vergi öhdəliyinə cəlb olunmaqları ilə bağlı qərar qəbul etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman və s." satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyekti mövcud deyildir. Bununla əlaqədar iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********452700 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Beləliklə, qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********148400 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üçün 2022ci il üzrə 16127,25 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli 406-VİQD Ns-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 16127,25 manat əlavə məfəət vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, mənfəət vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 16127,25 manat əlavə mənfəət vergisi hesablamışdır. İddiaçı bu halla razılaşmır və hesab edir ki, vergi orqanına təqdim etdiyi bəyannamədə bütün xərcləri əks olunmuşdur. Həmçinin iddiaçının mülkiyyətində hər hansı bir təsərrüfat obyekti yoxdur. MMC icarə müqaviləsi bağlayaraq icarəyə götürdüyü yerlərdə fəaliyyət göstərir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Baxılan işdə cavabdeh iddiaçının xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman və s." satışında qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsini, həmçinin iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinin olmamasını əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışı üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının bildirdiyi kimi, onun fəaliyyətinin xarakteri xidmət göstərməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Qaydalarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı məhkəmə qeyd edir ki, qaydaların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsi istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. İddiaçı məhkəməyə notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi təqdim edərək müəssisənin icarə müqaviləsi əsasında icarəyə götürdüyü obyektlərdə faəliyyət göstərdiyini bildirmişdir. Baxılan işdə cavabdeh vergi orqanı bu halları araşdırmamış, nəticədə mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: Maddə 106.1. vergidən azaddır: - 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; Normadan göründüyü kimi mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının mənfəətini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar