Məhkəmə qərarları › İş №2-1(112)-16210/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16210/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16210/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İdris oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “yerləşmə sxeminin hazırlanması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yerləşmə sxeminin hazırlanması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı tərəfindən notarial qaydada verilmiş etibarnaməyə əsasən, X4 ərazisində yerləşən torpaq sahəsi üzərində təmsilçilik hüququ verilmişdir. Həmin torpaq sahəsi əvvəlcə Cavabdeh1 balansında olmuş, daha sonra isə Cavabdeh2 tabeliyinə keçmişdir. Bu fakt Abşeron Rayon Arxiv İdarəsindən aldığı sənədlərlə də təsdiq olunur. Lakin həmin sənəddə torpaq sahəsinin yerləşmə sxemi əlavə olunmamışdır ki, bu da torpaq sahəsinin hüquqi və fiziki istifadəsində ciddi çətinliklər yaradır. Əlavə olaraq əmlak sənədi olan qonşular da torpaq sahəsinin İddiaçı məxsus olduğunu təsdiqləyirlər. Bu barədə yaşayış ərazisinin çıxarışı olanlardan şahid olaraq X2 bu faktı təsdiqləməyə hazırdır və torpaq sahəsinin İddiaçı məxsus olduğunu əyani şəkildə bilir. Bu səbəbdən Abşeron və Sabunçu rayonlarının İcra Hakimiyyəti və 1 saylı ərazi idarəsindən torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması və təqdim olunmasını tələb edir. Cavabdehlər tərəfindən xx.xx.2025-ci il tarixli etiraz məktubunda bildirilmişdir ki, iddiaçıya 0,1 ha torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Cavabdeh2ndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edirik ki, imtinamız əsaslı olmuşdur. Beləki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən onun iddia etdiyi yerdə yerləşməsi barədə heç bir sübut yoxdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəf məhkəmə baxışı iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin ərizədə qeyd olunan tələblərə riayət olunmamış, iddia ərizəsinin giriş hissəsində cavabdeh göstərilməmişdir. Belə olan halda, yenidən düzgün tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və ya iddia ərizənizi formal xətalar aradan qaldırılmaqla qanunvericiliyin tələblərinə uyğun dəqiqləşdirməsi tövsiyyə olunmuşdur. Bunulardan əlavə olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin də araşdırılması zərurəti yaranmışdır. İddia ərizəsinin giriş hissəsində iddiaçı qismində İddiaçı qeyd edilsə də, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia ərizəsi X3 tərəfindən imzalanmış, lakin iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı etibarnamə iş materiallarına əlavə edilməmişdir. Beləliklə, X3 mübahisəli torpaq sahəsininə dair cizginin verilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna da malik deyildir. Belə ki, İPM-in 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. İddia ərizəsi etibarnamə əlavə edilməklə tərəfindən imzalansa da, İddiaçı ilə qohumluq əlaqəsini əsdiq edən sənəd - doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surəti və şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsində üç fərqli cavabdeh – Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi göstərilmişdir. Lakin inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir. İddiaçıya iddia tələbini dəqiqləşdirərək, konkret pozulmuş hüquqlarının nədən ibarət olduğunu və bir cavabdeh göstərməklə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, göstərilənlərə münasibət bildirməsi üçün vaxt verilmiş, lakin iddiaçı tərəfindən iddiaya münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, ərizə onu imzalamaq səlahiyyəti olmayan nümayəndə tərəfindən, iddiaçının adından imzalanmışdır. Nümayəndənin etibarnaməsi məhkəməyə təqdim olunmadığından onun X1 adından iddia qaldırmaq və onu məhkəmədə təmsil etmək səlahiyyətləri nəzərdə tutulub-tutulmadığını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən MPM-in 149.1-ci maddəsinin tələblərində də iddia ərizəsinin iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı olduğu xüsusilə qeyd edilir. Bu hal da o qənaətə gəlməyə əsas verir ki, etibarnamədə iddia ərizəsinin imzalanması üçün verilmiş səlahiyyət xüsusi vurğulanmalı və etibar edilən şəxsə iddia ərizəsinin imza edilməsi səlahiyyətinin verilməsi aşkar qeyd edilməlidir. Prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd olunanlarla yanaşı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olma məsələsi də iş üzrə araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə 3 müxtəlif cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçıya məhkəmə tərəfindən yazılı şəkildə hüquqi yardım məktubu ünvanlanmışdır. Cavabdehin müəyyənləşdirilməsi məhkəmənin vəzifəsi deyildir, məhkəmənin yardımetmə vəzifəsi bu baxımdan yalnız formal xarakter daşıyan xətaların aradan qaldırılmasında və cavabdeh baxımından yol verilmiş aşkar səhvlərin aydınlaşdırılmasında ifadə olunur. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mülmükünlük şərtlərinə əməl edilməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “yerləşmə sxeminin hazırlanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar