Məhkəmə qərarları › İş №2-1(112)-1623/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1623/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1623/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 22.11.1995-ci ildə hərbi xidmətdən tərxis olunan İddiaçı (bundan sonra – İddiaçı) barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 04.05.2016-cı il tarixdə 05195 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” Məlumat Vərəqi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir.

2. İddiaçı 11.05.2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı – bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 13.05.2016-cı il tarixli, 16/2835 saylı Qərarına əsasən iddiaçının ərizəsinə baxaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq iddiaçıya 22 il xidmət ilinə müvafiq olaraq 01.06.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsini qərara almışdır.

4. Cavabdeh 25.07.2016-cı il tarixdə iddiaçıya təyin etdiyi yaşa görə əmək pensiyasını yenidən hesablayaraq iddiaçıya 01.01.2007-ci ildən 31.12.2007-ci ilədək təyin olunmuş pensiyanın məbləğinin 114 manat 66 qəpik, 01.01.2008-ci ildən 30.06.2008-ci ilədək 177 manat 85 qəpik, 01.07.2008-ci ildən 31.08.2010-cu ilədək 254 manat 91 qəpik, 01.09.2010-cu ildən 30.06.2011-ci ilədək 268 manat 35 qəpik, 01.07.2011-ci ildən 30.06.2013-cü ilədək 308 manat 67 qəpik, 01.07.2013-cü ildən 31.01.2016-cı ilədək 328 manat 83 qəpik, 01.02.2016-cı ildən isə ömürlük 352 manat müəyyən edilməsini qərara almışdır.

5. İddiaçı 2017-ci ildə cavabdehə müraciət edərək 1995-ci ildən 31.12.2006-cı ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 02.05.2017-ci il tarixli 03/8p/02-211 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli, 184-İİİ QD nömrəli Qanununa və bu Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əmək pensiyaları sahəsində idarəetmə Dövlət Sosial Müdafiə Fonduna 01 yanvar 2007-ci il tarixdən verilmişdir. İdddiaçının ərizəsində qeyd etdiyi 1995-ci il tarixdən 31 dekabr 2006-cı ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

6. Bundan sonra iddiaçı həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi 03.12.2018-ci il tarixli 12/4307 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, ““Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bu Fərmanın 4-cü bəndinin icrası məqsədi ilə yuxarıda göstərilən qurumların, o cümlədən Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatına dair sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təhvil verilmişdir. Bundan başqa, 01 yanvar 2007-ci il tarixədək Müdafiə Nazirliyinin pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi dövlət büdcəsindən bu xərclər üçün ayrılmış pul vəsaiti hesabına həyata keçirilirdi. Həmin tarixdən sonra məlum dəyişiklərlə əlaqədar olaraq Müdafiə Nazirliyinin büdcəsində pensiya təminatı ilə bağlı vəsaitlər dövlət tərəfindən nəzərdə tutulmamışdır, yəni Azərbaycan Respublikası vahid büdcə təsnifatının 271140 «Hərbi təqaüdlər və pensiyalar» xərc maddəsi üzrə Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun bank hesabına hər ay məcburi dövlət sosial sığorta haqları köçürülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu isə öz növbəsində məcburi dövlət sosial sığorta haqlarından toplanmış vəsait hesabına hərbiçi pensiyaçıların pensiyalarının müəyyən məbləğinin ödənilməsini, habelə dövlət büdcəsindən transfer olunmuş (dotasiya) pul vəsaiti hesabına pensiya məbləğlərinin qalan hissəsinin ödənilməsini həyata keçirir. İddiaçıya 01 yanvar 2007-ci il tarixədək alınmamış pensiya məbləğlərinin ödənilməsi qeyd olunan səbəblərə görə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə» nin 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü maddəsində məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək əsas funksiyalarından biri kimi göstərilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçıya 01 yanvar 2007-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin verilməsi məsələsi birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir.”

7. İddiaçı 04.06.2021-ci il tarixdə yenidən müvafiq tələblə cavabehə müraciət etmiş, cavabdeh təkrar olaraq iddiaçının müraciətini təmin etməkdən imtina edərək, iddiaçıya ünvanladığı 21.06.2021-ci il tarixli, **********9 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 4 may 2016-cı il tarixli, 05195 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən 1 iyun 2016-cı il tarixində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 1 yanvar 2007-ci il tarixindən hesablanmaqla ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi dövr (1995-2007-ci illər) Mərkəzi Filiala müraciət edilən 4 iyun 2021-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir.

8. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan aldığı cavablarda və Müdafiə Nazirliyinin göndərdiyi məktublarda heç bir nəticə olmadığı üçün bütün bunları nəzərə alıb iddiaçının almadığı pensiya məbləğlərinin alması üçün qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “1995-ci ildən 2007ci ilədək ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması

10. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1962-ci il təvəllüdlüdür. 1980-ci ildən etibarən SSRİ-nin ordu sıralarına çağırılmış, əsgərlik illərindən dərhal sonra texnikumu bitirdikdən sonra gizir kimi xidmətlərini davam etdirmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra 1992-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan gündən etibarən N saylı hərbi hissədə Ağdərə rayonu istiqamətində Mühəndis İstehkam tağımının komandir müavini vəzifəsində xidmət etmişdir. İddiaçı 1995-ci il noyabrın 22-də Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxılmışdr. İddiaçı və digər hərbi qulluqçu yoldaşlarının şəxsi işləri qərargahda yanıb məhv olmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı sənədlərin bərpa olunması üçün Rusiyanın müxtəlif vilayətlərinə sorğular göndərmişdir. 2016-cı ildə Soratov vilyətinin Puqaçova şəhərindən müsbət cavablar gəlmişdir. İddiaçının xidmətləri barədə cavab aldıqdan sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən müharibədə xidməti illərini hesablayıb ona ömürlük pensiya təyin etmişlər. 1995-ci ildən 2016-cı ilədək almadığı pensiya məbləğini 2005-ci ildən ödəmişlər. 11.Cavabdeh məhkəməyə təqdim etdiyi 25.08.2021-ci il tarixli, **********0 saylı iddiaya etirazında göstərmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçının ərizəsində iddia etdiyi 1995-ci il tarixdən 2007-ci il tarixədək olan dövrlər üçün hesablanaraq ödənilməsi tələbi qanunamüvafiq olmadığından təmin edilməməlidir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 10.05.2016-cı il tarixdə “Məlumat vərəqi” göndərilmiş və 11.05.2016-cı il tarixdə öz ərizəsinə əsasən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsi ilə təyinat aparılmış, keçmiş dövrünə münasibətdə isə həmin qanunun 32.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən 01.01.2007-ci il tarixdən pensiyasının hesablanaraq ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadı mövcuddur.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır.

17. Belə ki, inzibati orqanla iddiaçı arasında yaranmış hazırkı mübahisə inzibati hüquq münasibətlərində yaranan mübahisədir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasn öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının hazırkı tələbi ona təyin edilmiş pensiya məbləğinin ödənilməyən illər üzrə ödənilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçının belə bir tələb irəli sürməklə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçının məhkəməyə müraciət etdiyi dövrdə qüvvədə olan İPM-in 8.1.4-cü maddəsinə əsasən hazırkı iddiaya cavabdehin yerləşdiyi yerin, yəni Bakı şəhərinin yurisdiksiyasına aid olduğu Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İPM-də öhdəliyin icrası haqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamış, həmçinin iddiaçının hazırkı tələbi ona pensiya ödənilməsi ilə bağlı olmuşdur ki, mülkiyyət anlayışına daxil olan bu tələb üçün İPM qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə istinadən iddia müddətinin tətbiq edilməsi nəzərdə tutulmamışdır.

18. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçıya 04.05.2016-cı il tarixdə verilmiş məlumat vərəqinə əsasən cavabdeh tərəfindən 01.06.2016-cı il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiya təyin edilmiş, pensiya ödənişi 01.01.2007-ci il tarixdən etibarən ödənilməyə başlanmışdır.

19. İddiaçı onun 22.11.1995-ci ildə tərxis olunduğunu, həmin tarixə 22 ildən artıq xidmət etdiyini bildirməklə pensiya hüququnun 1995-ci ildən yarandığını və ona pensiya ödənişinin həmin tarixdən həyata keçirilməli olduğunu iddia edir.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın iddiaçıya məlumat vərəqi verilən 04.05.2016-cı il tarixdə qüvvədə olan redaksiyasına əsasən: - 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, ... və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ...xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. - 3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyinedilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

21. Göründüyü kimi, iddiaçının cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuya yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk növbədə həmin şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatı əks etdirən Məlumat vərəqi verilməlidir.

22. İddaçıya belə bir məlumat vərəqi 04.05.2016-cı il tarixdə verilmiş, orada iddiaçının hüququnun 22.11.1995-ci il tarixdən yarandığı göstərilmişdir.

23. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra mətndə - ƏPQ) iddiaçıya pensiya təyin edilən 01.06.2016-cı il tarixə qüvvədə olan redaksiyasına əsasən: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

24. Maddələrin tələblərindən göründüyü kimi, şəxsə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, lakin ƏPQ-nin qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən tez olmamaqla təyin edilməlidir. Lakin cavabdeh iddiaçıya pensiya təyin edərkən həmin normanın tələbini nəzərə almamış, iddiaçıya 1995-ci ildə yaranmış hüququna əsasən ƏPQ-nin qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən pensiya təyin etmək yerinə 01.01.2007-ci il tarixdən təyinat və ödəmələr aparmışdır.

25. Cavabdeh iddiaya etirazında tələbin təmin edilməməsi əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadına istinad etmişdir.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin həmin maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu norma Qanuna iddiaçının müraciətindən sonra, 01.07.2017-ci il tarixdən daxil edilmiş, həmin maddənin tətbiqi ilə bağlı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2017-ci il tarixli qərardadında isə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi Ali Məhkəmə həmin maddəni müvafiq tələblə inzibati orqana 01.07.2017-ci il tarixdən sonra müraciət edən şəxslərə şamil etmişdir.

27. İşin yuxarıda sadalanan hallarında isə görünür ki, iddiaçı həmin tarixdən əvvəl cavabdehə müraciət etmiş, cavabdeh isə 02.05.2017-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verərkən ən çoxu əvvəlki üç il üçün ödəniş aparılmasına deyil, müvafiq səlahiyyətin Fonda 01.01.2007-ci il tarixdən verilməsinə istinad etmişdir.

28. Belə olan halda məhkəmə cavabdehin həmin 02.05.2017-ci il tarixli, həm də 21.06.2021-ci il tarixli imtina məktubunda göstərilənləri əsaslı saymır.

29. Pensiya ödənişinin 1995-2005-ci illər üzrə verilməsinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda istinad olunduğu kimi ƏPQ yaşa görə əmək pensiyasının onun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini təsbit edir.

30. ƏPQ-də Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyin tətbiqi yalnız 9.8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

31. ƏPQ-nin 9.5-ci maddəsi hərbi qulluqçulara yaşa görə əmək pensiyasının təyin edilməsi qaydasını tənzimlədiyindən, deməli, həmin norma iddaçıya da tətbiq edilməlidir.

32. Qanun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu da nəzərdə tutulmuşdur. Lakin ƏPQ-nin 9.8-ci maddəsinin məzmunundan da göründüyü kimi orada əvvəlki qanunvericiliyin yalnız yaş və staj barədə tələblərinin nəzərə alınması müəyyən edilmiş, şəxsə pensiya təyin edilməsinin müddəti və ya keçmiş müddət üçün alınmamış pensiyaların ödənilməsi qaydası ilə bağlı belə bir qayda nəzərdə tutulmamışdır.

33. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi ona 1995-2005-ci illər üzrə pensiya ödənilməsi hissəsində əsaslı hesab edilə və təmin oluna bilməz.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2007-ci il tarixədək olan dövr üzrə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar