Məhkəmə qərarları › İş №2-1(112)-16245/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16245/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16245/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “müvafiq dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək avtomobilin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək tərəfindən müvafiq dövlət rüsumu ödənilməklə Bakı şəhərinə aid 77 və ya digər kodlu, eyni hərf kombinasiyalı, 007 dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, X1 27 ci və 29-cu maddələrinin təminatı altına alınmış xüsusi rəqəm və hərf kombinasiyalarının verilməsini xahiş etsə də, cavabdeh müraciəti xx.xx.2025-ci il tarixində alınmasına və üzərindən 35 gündən artıq müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə cavab verməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ərizəyə əsasən iddiaçı 77 kodlu seriyası eyni hərflərdən ibarət olan (istənilən hərflər) rəqəmlərin kombinasiyası 007 təşkil edən dövlət nömrə nişanının verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2025-ci il tarixli imtina məktubunda arzu etdiyi qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həllinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, hazırda sərfiyyatda “77” kodla başlayan eyni və fərqli hərflərin kombinasiyalarından ibarət son rəqəmləri 007 olan dövlət qeydiyyat nişanları yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində müvafiq dövlət rüsumu ödənilməklə Bakı şəhərinə aid 77 və ya digər kodlu, eyni hərf kombinasiyalı, 007 dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin ona imtina cavab verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, “X2” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən 8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək; 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək 24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək dövlətin yol hərəkəti sahəsində vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 27-ci maddəsinin İ hissəsinə əsasən qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. İV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. Vİ. Bu maddənin İİİ, İV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”na əsasən 1.1. Bu Qayda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-İVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və avtonəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi qaydasını tənzimləyir. 1.2. Avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. 1.3. Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 2.1. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. 2.2. Dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili; 2.2.3. dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması; 2.2.3-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Yuxarıda göstərilən normalar nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının verilməsi prosesində şəffaflığın və əlçatanlığın təmin edilməsinə yönəlmişdir. Bu qaydalara görə dövlət qeydiyyat nişanları üzrə rüsumların məbləği və mövcud rəqəm-hərf kombinasiyaları barədə məlumatlar açıqlanmalı, vətəndaşlara həmin kombinasiyaları internet və ya xüsusi terminallar vasitəsilə seçmək, sifariş etmək və rüsumu ödəmək imkanı yaradılmalıdır. Eyni zamanda bu məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində və qeydiyyat məntəqələrində açıq şəkildə yerləşdirilməlidir. İşdən görünür ki, iddiaçı müvafiq dövlət rüsumu ödənilməklə Bakı şəhərinə aid 77 və ya digər kodlu, eyni hərf kombinasiyalı, 007 dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Qeyd edilməlidir ki, iddiaçının müraciəti üzrə 77 kodlu, eyni hərf kombinasiyalarından ibarət, 007 nömrəli dövlət qeydiyyat nişanlarının sərfiyyata buraxılıb-buraxılmaması barədə, həmçinin həmin dövlət qeydiyyat nişanlarının sərfiyyata buraxılmasının hansı əsaslar və qaydalarla aparılması barədə məlumatın əldə edilməsi üçün cavabdehə sorğu göndərilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubunda hazırda sərfiyyatda “77” kodla başlayan eyni və fərqli hərflərin kombinasiyalarından ibarət son rəqəmləri 007 olan dövlət qeydiyyat nişanlarının olmadığını bildirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də aydın olur ki, seçim hüququ yalnız mövcud olan dövlət qeydiyyat nişanlarına münasibətdə mövcuddur. Qanun inzibati orqana mövcud olmayan və ya sərfiyyatda olmayan kombinasiyanı yaratmaq və ya vətəndaşa vermək öhdəliyi qoymur. Cavabdehin məhkəmə sorğusuna cavabdeh məktubundan da müəyyən edilir ki, “77” kodu ilə başlayan və sonu 007 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Yəni iddiaçı tərəfindən tələb olunan konkret dövlət qeydiyyat nişanı mövcud kombinasiyalar siyahısına daxil deyil. Buna görə cavabdehin həmin kombinasiyanı vermək kimi bir öhdəliyi yoxdur. Belə olan halda məhkəmə inzibati orqanı mövcud olmayan dövlət qeydiyyat nişanını yaratmağa və ya verməyə məcbur edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan dövlət qeydiyyat nişanı mövcud olmadığından cavabdehin həmin nişanın verilməsi üzrə qanuni öhdəliyi yaranmamışdır. Odur ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqları pozulmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “müvafiq dövlət rüsumu ödənilməklə Bakı şəhərinə aid 77 və ya digər kodlu, eyni hərf kombinasiyalı, 007 dövlət qeydiyyat nişanının verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar