Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1625/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan və yaşadığı ünvan 6-ə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Ermənistanda baş vermiş məlum hadisələrlə əlaqədar yaşadığı evi erməni milliyətindən olan bir şəxslə qarşılıqlı razılaşma əsasında dəyişmişdir. Bunun əsasında Xətai rayon (keçmiş Şaumyan) X4 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli qərarı ilə 6 (altı) nələr ailə üzvü ilə ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Həmin vaxtdan hal-hazırkı tarixə qədər qeyd olunan ünvanda yaşayırlar. Ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaşadığı mənzilə dair onunla mənzilin kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh təşkilat isə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə onun xahişindən imtina etmişdir və səbəb kimi yaşadığı mənzilin kirayə müqaviləsinin birtipli formasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, yaşadığı mənzil dövlət mənzil fonduna məxsusdur. Onunla qonşuluqda yaşayan insanlar müvafiq qaydada yaşadıqları mənzilləri özəlləşdirmişlər. Xətai rayon (keçmiş Şaumyan) X4 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli qərarı əsasında qeydiyyata düşməklə mənzildə məskunlaşmışlar və bu gün də ailə üzvlərilə birlikdə orada yaşayır, mənzildən istifadə edir və kommunal ödənişlər edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xətai RİH-nin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı onunla daimi kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan; AZE seriyalı 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Şaumyan (hazırda Xətai) rayon X4 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların qeydiyyatı haqqında” xx.xx.1989-cu il tarixli, 66/4.1 №-li Qərarının arxiv nüsxəsinin surətindən müəyyən olunur ki, Bakı şəhərindən köçmüş erməni millətindən olan vətəndaşlarla icraiyyə komitəsi və notariat kontorları tərəfindən təsdiq edilmiş qarşılıqlı müqavilələri olan aşağıda adları qeyd olunmuş şəxslərin özbaşına tikililərə və fərdi yaşayış evlərinə yaşayış yeri üzrə qeydiyyata alınmaları rayon daxili işlər şöbəsinə tapşırılmışdır: İddiaçı 6 nəfər ailə üzvü (özü, 2 qızı, 2 oğlu və bacısı) ilə birgə ünvan 2 ünvanına. “ASAN 3” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1, xx.xx.1947-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********52 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar ediləmişdir. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Xətai RİHnin 5-11/2-S-44saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı rayon XDS-in İK-nin 66/4.1 saylı xx.xx.1989-cu ıl tarixli qərarı əsasında ona yuxarıda qeyd olunan ünvana yalnız pasport qeydiyyatına alınmaqla yaşamağı üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-cı maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (müvafiq icra hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur). Lakin qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən xahişini təmin etmək imkan xaricindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən: Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər (10-cu və 28-ci maddələr). Mənzillərdən istifadə hüququ müddətsiz olaraq verilir (10-cu maddə). Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir (52-ci maddə). xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçı qanuni əsaslarla 1989-cu ildən məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyata alındığı mənzildə halhazıradək fasiləsiz və etirazsız olaraq yaşayır və istifadəsində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsini hər hansı başqa icarədardan müqavilə əsasında və ya müvəqqəti sakin kimi əldə etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Adsız döngə, ev 8, ünvanında yerləşən 1 №li mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Adsız döngə, ev 8 ünvanında yerləşən 1 saylı mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1625/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1625/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver