Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1625/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, iddiaçının qanuni təmsilçisi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 8673,51 manat əsas borcun və 9198,92 manat faiz borcunun qanunsuz hesab edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 63 463,6 manat əsas borcun və 15 800 manat faiz borcunun iddiaçıdan tələb edilməsinin qanunsuz hesab edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobillərə texniki xidmət göstərilməsi sahəsində ixtisaslaşmış sahibkarlıq subyektidir. İddiaçı yarandığı gündən bu sahədə fəaliyyət göstərmiş, müəyyən müddət ərzində onun fəaliyyətində böhran vəziyyəti yarandığından, bir sıra öhdəliklərini tam yerinə yetirə bilməmiş, bu üzdən 2008-ci ildən məcburi dövlət sosial sığorta haqqlarının bir qismini tam ödəyə bilməmiş, bununla əlaqədar barələrində məhkəmə qərarları qəbul edilmişdir. Həmin qərarlarla müəyyən edilmiş penya borcu “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən silinmiş, həmin dövrdən 2022-ci ilədək isə iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə yaranan borclarını ödəmişdir. Məhkəmə qərarı iddiaçı tərəfindən icra edilərək məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc tam ödənilmiş, lakin məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin Vergi Xidmətinə verildiyi tarixdən sonra Vergi Xidməti tərəfindən iddiaçıdan 108 488,36 manat məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borc tələb edilməyə başlanılmışdır. 2018-ci ildə iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək əsasssız hesablanmış borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın məhkəmə araşdırması zamanı iddiaçının şəxsi hesab vərəqəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən düzəliş aparılaraq, məcburi dövlət sosial sığorta haqqları üzrə ödənilməmiş borcun 20 811,53 manat olması müəyyən edilmişdir. Bundan sonra isə iddiaçı iddiasını geri götürmüş, iş üzrə icraata xitam verilmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında bildiriş göndərərək, xx.xx.2024-cü il tarixə olan dövlət büdcəsinə 19,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 34934,39 manat, İşsizlikdən sığorta fonduna 1,09 manat, İcbari Tibbi Sığorta Fonduna 16,45 manat olmaqla ümumilikdə 34971,48 manat məbləğində borcun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddət ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tövsiyə etmişdir. Hesablanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilməmiş borcla əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən iddiaçının əmlakının siyahıya alınmasına dair qərar qəbul edilmişdir. İddiaçının Dövlət Sosial Müdafiə Fonduna 34934,39 manat, o cümlədən 25 735,5 manat məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş əsas borcu və 9198,92 manat faiz borcu olmamışdır. İddiaçının Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borcu 17 061,99 manat və bu məbləğə hesablanmış 9145,59 manat faiz borcu vardır. İddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borcunun toplanaraq 17 061,99 manat olması da cavabdehin əsassız olaraq ondan məcburi dövlət sosial sığorta haqları üzrə 108 488,36 manat pul tələb etməsi nəticəsində baş vermişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan məcburi dövlət sosial sığorta haqqları üzrə 108 488,36 manat pul tələb edildiyinə görə iddiaçı bu borcun əsassız hesab edilməsi üçün 2018-ci ildə məhkəmədə iddia qaldırmış, uzun illər məhkəmə çəkişməsi getdikdən sonra isə iddiaçının rəhbəri barəsində cinayət işi açılmış, araşdırma nəticəsində tələb edilən borcun əsassız olaraq şişirdilməsi müəyyən edilmiş və iş üzrə icrata xitam verilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən həmin məbləğin azaldılaraq iddiaçının şəxsi hesab vərəqəsində 20 811,53 manat olması göstərilmişdir. Lakin, sopnradan iddiaçının şəxsi hesab vərəqəsində iddia ərizəsində göstərilən məbləğdə borc qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, müəssisənin xx.xx.2024-cü il tarixinə “Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS)” vərəqəsi üzrə 25735,51 manat əsas vergi, 9608,13 manat faiz, "İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 76136,13 manat əsas vergi, 6488,06 manat faiz, ümumilikdə məcburi dövlət sosial sığorta üzrə isə 101871,64 manat əsas vergi, 16096,19 manat faiz olmaqla 117967,83 manat borcu mövcuddur. Yaranmış borc müəssisə tərəfindən təqdim edilmiş hesabatlar əsasında verilmiş hesablamaların vaxtında ödənilməməsi nəticəsində yaranmışdır. Vergi ödəyicisinə göndərilən “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi barədə məktubda müəssisənin Dövlət Sosial Müdafiə Fonduna yalnız “Muzdla işləyənləri işə götürən sığortaedənlər(MDSS)” vərəqəsi üzrə mövcud olan borc məbləği göstərilmişdir. Eyni zamanda bildirilir ki, göndərilmiş materiallar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçı tərəfindən vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X6 iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixədək olan mdss haqları üzrə əsas borcunun 9290,79 manat olması nəzərə alınmaqla müəssisənin şəxsi hesab vərəqəsinə müvafiq düzəlişlərin edilməsi müvafiq vergi orqanına tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ( və ya müvafiq fondalara) borcu aşağıdakı kimidir: vergilər üzrə 352,55 manat əsas, 4,16 manat faiz borcu; məcburi dövlət sosial sığorta haqları üzrə 76003,58 manat əsas, 16244 manat faiz borcu; işsizlikdən sığorta haqları üzrə 153 manat əsas, 6,91 manat faiz borcu; icbari tibbi sığorta haqları üzrə 612 manat əsas, 27,30 manat faiz borcu. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixli müraciətində əsassız olaraq hesablanmış MDSS haqları üzrə 63 463,6 manat əsas borcun və 15 800 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, elektron baza məlumatlarına əsasən iddiaçının 2018-ci ilin 01 oktyabr tarixinə İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) üzrə 74668 manat 03 qəpik borcu yaranmışdır. Həmin borcun açıqlanması məktuba əlavə edilən cədvəldə öz əksini tapmışdır. İddiaçının 2015-ci ilin 01 yanvar tarixinə olan penya və maliyyə sanksiyası üzrə 9558 manat 51 qəpik borcu 2018-ci ilin 27 iyun tarixində tam şəkildə silinmişdir. Həmçinin müəssisə tərəfindən 2108-ci ilin aprel-may ayları ərzində penya və maliyyə sanksiyası üzrə olan borcun 10%-i ödənildiyindən adı çəkilən Qanuna əsasən 90 % penya borcu, yəni 8188 manat 18 qəpik 2018-ci il 27 iyun tarixdə silinmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində şəxsi hesab vərəqəsində göstərilmiş vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 16.1-ci maddəsinə əsasən 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllədə həmçinin göstərilmişdir ki, vergi ödəyicisi olan hər hansı şəxs: həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur (71.1.). Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar (71.2.). İddiaçı hazırkı iddia ərizəsində onun şəxsi hesab vərəqəsində mövcud olan məcburi dövlət sosial sığorta haqqı üzrə 63 463,6 manat əsas borcun və 15 800 manat faiz borcunun silinməsini xahiş edir. Tələbin əsası ondan ibarətdir ki, iddiaçı 2008-ci ildən məcburi dövlət sosial sığorta haqqlarının bir qismini tam ödəyə bilməmiş, bununla əlaqədar barəsində məhkəmə qərarları qəbul edilmişdir. Həmin qərarlarla müəyyən edilmiş penya borcu “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən silinmiş, həmin dövrdən 2022-ci ilədək iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə yaranan borclarını ödəmişdir. Lakin, vergi orqanı ondan məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış 108 488,36 manat borc tələb edilməyə başlamış və məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının şəxsi hesab vərəqəsində düzəliş edilmiş və məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcun 20 811,53 manat olması müəyyən edilmişdir. Bundan sonra iddia geri götürülmüş, iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçının şəxsi hesab vərəqəsinə yerləşdirilmiş borc həmin dövrdə mövcud olmuş borcdur ki, yenidən tələb edilir. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur (77.1.). Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir (77.2.). Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir (77.3.). Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: verginin ödənilməsi; verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda (77.4). Vergi Məcəlləsində həmçinin qeyd edilir ki, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür (94.0.). Hal-hazırda iddiaçı cavabdeh tərəfindən onun məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmadığını əsas gətirərək şəxsi hesab vərəqəsində olan borcunun silinməsini istəyir. Belə olan halda həmin hesablamanın səhv olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsaslanaraq hesab edir ki, həmin qərarla iddiaçının xx.xx.2017-ci il tarixinə olan borcu 9290,79 manat olması təsdiq edilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (xx.xx.2018-ci ildən qüvvəyə minib) Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir (1). Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir (2). Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir (3.). Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir (4). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının 2018-ci ilin 01 oktyabr tarixinə işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) üzrə 74668 manat 03 qəpik borcu yaranmışdır. İddiaçının 2015-ci ilin 01 yanvar tarixinə olan penya və maliyyə sanksiyası üzrə 9558 manat 51 qəpik borcu 2018-ci ilin 27 iyun tarixində tam şəkildə silinmişdir. Həmçinin müəssisə tərəfindən 2108-ci ilin aprel-may ayları ərzində penya və maliyyə sanksiyası üzrə olan borcun 10%-i ödənildiyindən adı çəkilən Qanuna əsasən 90 % penya borcu, yəni 8188 manat 18 qəpik 2018-ci il 27 iyun tarixdə silinmişdir. Həmin qurum tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, iddiaçının 2018-ci ilin 9 ayı ərzində cəmi sosial sığorta borcu 154446,11 manat olmuş, bundan 62365,61 manat ödənilmiş, 17746,69 manatı isə silinmişdir. Eyni zamanda yuxarıda qeyd edilən Qanuna əsasən iddiaçının xx.xx.2015-ci il tarixinə olan penya və maliyyə sanksiyası üzrə 9558,51 manat borcu, həmçinin ödənilmiş 10 faiz maliyyə sanksiyası üzrə 8188,18 manat penya borcu xx.xx.2018-ci ildə silinmişdir. İddiaçı öz tələbinin əsası kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsaslanmışdır. Həmin qərarda iddiaçının xx.xx.2017-ci il tarixinə MDSS üzrə borcunun 9290,79 manat olması qeyd edilmişdir. İPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, istintaqı aparılmış həmin cinayət işi üzrə araşdırma iddiaçının rəhbəri X3 əməlində Azərbaycan Respublikası Conayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibinin olub-olmaması istiqamətində aparılmışdır. Həmin qərarla şəxsin əməlində həmin addənin tərkibinin olmadığı müəyyən edilmişdir. Bu isə yalnız həmin faktla bağlı (cinayət hadisəsinin mövcud olub-olmaması) hazırkı işə baxan məhkəmə üçün məcburidir. İdddiaçının vergi məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olub-olmması və onun məbləğinə aid hissədə isə həmin qərar məhkəmə üçün preyudisial hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Cavabdehin imtinasını əsaslıdır və iddianın təmin olunmasını istisna edən faktlar imtinada öz əksini tapmışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1625/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1625/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver