Məhkəmə qərarları › İş №2-1(112)-1626/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1626/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1626/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4, Zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X7 və Zamanov qızının nümayəndəsi və vəkili X8 iştirakı ilə, iddiaçı X13 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların qeydə alınması və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “H” nömrəli ayrılmış bağ sahəsinin (Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 fevral 1998-ci il tarixli 123 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri Mərdəkan bağlar sahəsində 204 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “N” nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona həmin bağ sahəsinə dair 26 nömrəli Order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə C- 81/2-112/2 sayla verilmiş Arxiv arayışından da görünür ki, Mərdəkan 204 nömrəli ВTK-da 120 “N” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. xx.xx.2021-ci il tarixdə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli **********98 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, qeyd edilən bağ sahəsinə dair eyni ВTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə göstərdiyi bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün çölölçmə işlərinin aparılması idarənin mütəxəssisləri tərəfindən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Ona görə də məhkəməyə müraciət edir. Bildirir ki, onun tərəfindən lazım olan bütün sənədlər cavabdehə təqdim olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən bağ torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamından çıxarışa və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 26№-li orderə əsasən Mərdəkan BTK№204 sahəsi 0,12 ha olan bağ №120n İddiaçı ayrılmışdır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyd edilən bağ sahəsinə dair eyni ВТК nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə (X22) ayrılmışdır və eyni nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi ilə bağlı digər şəxslər tərəfindən İdarəyə müraciət daxil olmuşdur. İdarəyə daxil olan məlumata əsasən,bağ sahəsinə iddia edən digər şəxs X16 iddiaçı qismində çıxarışın verilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir və iş məhkəmənin icraatındadır (2-1(112)-5539/2021). Bundan əlavə göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün çölölçmə işlərinin aparılması idarənin mütəxəssisləri tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********98 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, sözügedən bağ sahəsi mübahisəlidir. Belə ki, nümayəndənin kənardan göstərdiyi ümumi hasarlanmış sahə digər fiziki şəxslər tərəfindən istifadə olunduğundan, içəriyə daxil olub texniki baxış keçirmək mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, vizual baxış keçirilmiş bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 120 “b” və 120 “q” saylı bağların ərazisinə uyğun gəlir.

6. X16 və X19 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, iddiaçı tərəfindən çıxarış verilməsi tələb olunan torpaq sahəsi hazırda ərizəçilərin istifadəsində olduğundan, eləcə də həmin bağ sahəsi 120 “n” saylı bağ sahəsi deyil, onlara məxsus 120 “b” və 120 “q” saylı bağ sahəsi olduğundan hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxslər qisminə cəlb olunmalıdırlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X16 və X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə icraatında üçüncü şəxslərin iştirakı zəruri cəlbetmə qaydasında üçüncü şəxslər kimi nəzərə alınmalıdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 №-lı sərəncamı ilə vətəndaş İddiaçı Mərdəkanda 204 №-lı ВТК tərkibində 120n №-lı bağ sahəsi ayrılmışdır.

8. Məhkəmənin Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 120n saylı bağ sahəsinin və 120 nömrəsi ilə əlifba sırasına əsasən sıralanmış bağ sahələrinin sxematik xəritəsinin və 120n saylı bağ sahəsinin qeydiyyat qovluğundakı sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Mərdəkan qəsəbəsi, 120n saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin qeydiyyat qovluğundan görünür ki: -Bağların sxematik xəritəsinə əsasən 120 “n”, 120 “b” və 120 “q” saylı bağ sahələri bir cərgədə yerləşir; -Bağlar Təsərrüfatı İdarəsinin 20№-li orderinə əsasən, Mərdəkan 204№-li BTK nəzdində 120 “n” nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X20 ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir; -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 239 nömrəli Sərəncamına əsasən, Mərdəkan qəsəbəsi, 120 “N” saylı bağ sahəsində vətəndaş X17 tikdiyi 1 mərtəbəli, 2 yaşayış otağı sahəsi-23,76m2, köməkçi sahə-53,04m2, açıq eyvan-27,65m2, torpaq sahəsində hin-7,54m2, ayaqyolu-2,16m2, qaraj-26,40m2, hovuz- 19,17m2, cəmi torpaq sahəsi - 1200m2 dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır; - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyon rayonu, Mərdəkan qəsəbəsi, ev 120N saylı bağ evi və altındakı 0,12 ha torpaq sahəsinə X17 hüquqları xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; -Həmin bağ evi və altındakı torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirilmiş (xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına, daha sonra xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 adına), hazırda bağ evi və altındakı 0,12 ha torpaq sahəsi üzərində X15 xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı mövcuddur. -Eyni zamanda arxiv qovluğunda olan sənədlərə əsasən, Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən 120n nömrəli orderlə X9 204№-li BTK nəzdində sahəsi 0,12 ha olan 120 N nömrəli bağ sahəsi ayrılmışdır. X16 tərəfindən Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətdə Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən ona məxsus olan Köçəri bağlar sahəsində 204№-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adına keçirilməsini xahiş etmişdir.

9. Arxiv qovluğunun əsli tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmişdir.

10. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində bağ sahəsinin ünvanında texniki yanlışlığa yol verilərək 120 “H” kimi göstərilmişdir, əslində bağ sahəsinin nömrəsi 120 “n”-dir. Odur ki, bağ sahəsinin nömrəsinin 120 “n” kimi oxunması xahiş olunur. İddia ərizəsində yol verilmiş formal xəta məhkəmə tərəfindən nəzərə alınmışdır. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 120 “N” nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi kimi dəyişdirilmişdir.

11. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X25 (120n nömrəli bağ sahəsi ilk olaraq adına rəsmiləşdirilən şəxs) və X26 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə icraatında üçüncü şəxslərin iştirakı zəruri cəlbetmə qaydasında üçüncü şəxslər kimi nəzərə alınmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. X16 tərəfindən Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış müraciətdə Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən ona məxsus olan Köçəri bağlar sahəsində 204№-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120n saylı bağ sahəsini İddiaçı adına keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar, məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarı 14 (on dörd) vərəq olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Qərarın X1 bağ sahəsi verilməsi barədə müvafiq hissəsi məhkəməyə təqdim olunmuşdur. Qərarın 2.3.100-cü bəndinə əsasən, 204№-li BTK nəzdində X9 torpaq sahəsi ayrılmışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, bağ sahələrinin ayrılması, addan-ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X20 Mərdəkan BTK №204 nəzdində 120n saylı bağ sahəsi ayrılmışdır.

14. Məhkəmə tərəfindən aparılmış yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının göstəriyi sahə sxematik xəritəyə əsasən 120 b və 120 q saylı bağ sahələrinin ərazisidir və üzərində tikili mövcuddur. 120 n saylı bağ sahəsi X15 faktiki sahibliyində və istifadəsində olmaqla torpaq sahəsində bağ evi mövcuddur.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsini müvəqqəti olaraq X2 vermişdir.

16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X26 izahat verərək bildirdi ki, Mərdəkan bağ sahəsində yerləşən 120N saylı bağ evini altındakı 0,12 ha torpaq sahəsi ilə birlikdə alqısatqı müqaviləsi əsasında satın almışdır, torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir, iddiaçını və digər üçüncü şəxsləri tanımır.

18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X16 və X10 nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq 120 “b” və 120 “q” saylı bağ sahələrinin ərazisidir. Vaxtilə İddiaçı bacısının əri ilə biznes əlaqələri olub, ona görə formal olaraq həmin razılıq ərizəsi tərtib olunub. İddiaçı faktiki və hüquqi olaraq həmin torpaq sahəsinə heç vaxt sahiblik həyata keçirməyib. Qeyd edilən torpaq sahəsi vaxtilə onlara məxsus olmuş və həmin torpaq sahəsi hazırda X11 faktiki sahibliyində və istifadəsindədir.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İddia mümkündür.

III. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

12. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

13. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

14. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

17. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

18. X35 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

20. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

IV. Məhkəmənin mövqeyi

21. Mərdəkan bağ massivində 204№-li BTK nəzdindəki 120n saylı bağ sahəsinə dair üç order mövcud olmuşdur: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli qərarına əsasən X20; - Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına əsasən 120n nömrəli orderlə X9; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 №-lı sərəncamı ilə İddiaçı;

22. Arxiv qovluğunda X7 qeyd edilən 120n saylı bağ sahəsindən İddiaçı xeyrinə imtinası mövcuddur.

23. Məhkəmə müəyyən edir ki, Mərdəkan bağ massivində 204№-li BTK nəzdindəki 120n saylı bağ sahəsinə mülkiyyət hüququ faktiki və hüquqi olaraq vaxtilə X25 tərəfindən qanuni əqdlər əsasında bir neçə dəfə ötürülmüş və hazırda X15 mülkiyyətində olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir.

24. İddiaçının iddia etdiyi torpaq sahəsi Mərdəkan bağ massivində 204№-li BTK nəzdindəki 120n saylı bağ sahəsi olsa da, iş materiallarına (eləcə də yerində müayinəyə) əsasən müəyyən edilir ki, həmin sahə faktiki olaraq 120n saylı bağ sahəsi ilə qonşu olan 120 b və 120 q saylı bağların ərazisidir. Mərdəkan bağ massivində 204№-li BTK nəzdindəki 120 b və 120 q nömrəli bağlara dair isə digər üçüncü şəxslərə məxsus (X19 və X16) orderlərin mövcud olduğu bildirilir. 204№-li BTK nəzdindəki 120 b və 120 q nömrəli bağların ərazisinə uyğun gələn sahə üzərində sahibliyin kimin tərəfindən həyata keçirilməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur.

25. Beləliklə, məhkəmə müəyyən edir ki, Mərdəkan bağ massivində 204№-li BTK nəzdindəki 120n saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X17 adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin adına özgəninkiləşdirilmişdir (X12, X6) və hazırda bağ evinin altındakı torpaq sahəsi ilə birlikdə mülkiyyətçisi X26 olmaqla sonuncu tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Mərdəkan qəsəbəsindəki 204 BTK nəzdindəki 120n saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Mərdəkan qəsəbəsindəki 204 BTK nəzdindəki həmin 120n saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisi yoxdur.

26. Məhkəmə əlavə olaraq qeyd edir ki, üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş X9 aid olduğu bildirilən 120 q saylı bağ sahəsinə dair orderdə də Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarına istinad edilir. İş materiallarında olan Bakı şəhər XDS İK-nin həmin xx.xx.1991-ci il tarixli 3/318№-li qərarında X9 204№-li BTK nəzdində hansı bağ sahəsinin ayrılması göstərilməmişdir. Lakin həmin qərara istinadən hər birinin sahəsi 0,12 ha olmaqla 120 N və 120 Q saylı bağ sahələrinə dair orderlərin verildiyi iddia olunur. Məlumdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333№li qərarına əsasən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 ha-dan çox olmamalı idi. Belə olan təqdirdə, X7 adına eyni zamanda həm 120 N, həm də 120 Q saylı bağ sahələrinə dair verilmiş orderlərin etibarlı olaraq eyni dərəcədə hüquqi qüvvəsinin olubolmamasının müəyyən edilməsini məhkəmə hazırkı məhkəmə araşdırmasının predmeti hesab etmir. Müəyyən edilən hal ondan ibarətdir ki, 204№-li BTK nəzdindəki 120 N saylı bağ sahəsinə dair vaxtilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli qərarı əsasında order X17 adına verilmiş (yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya münasibətdə olan xx.xx.1998-ci il tarixli qərarından əvvəl) və daha sonra məhz həmin şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və 204№-li BTK nəzdindəki 120 N saylı bağ sahəsi iddiaçının sahibliyində və istifadəsində olmamışdır (hazırda da deyil).

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar