Məhkəmə qərarları › İş №2-1(112)-1626/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1626/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1626/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının inzibati binaya qeydiyyatının bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi RPİ-yə qarşı «iddiaçının inzibati binaya qeydiyyatının bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı müvafiq (əvvəllər qeydiyyatda olduğu) ünvandan məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq Binəqədi RPİ-nin inzibati binasına – ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Bu yaxın ərəfədə iddiaçı Binəqədi RPİ tərəfindən inzibati binadan pasport qeydiyyatından çıxarılmış və iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi etibarsız sayılmışdır. İddiaçı faktiki olaraq ünvan 3-də yerləşən fərdi yaşayış evində yaşayır. Onun yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və evin hüquqmüəyyən edici sənədləri olmadığından pasport qeydiyyatına alınmaq mümkün deyildir. İddiaçının başqa bir ünvana da qeydiyyata alınmağı mümkünsüzdür. İddiaçı pasport qeydiyyatının bərpası ilə bağlı Binəqədi RPİ-nə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Verilmiş cavabda yaşayış yeri olmayan şəxs kimi qeydiyyata alınma barədə müsbət rəy verilməsinin qanuna müvafiq olmaması və iddiaçının yaşadığı fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınma məsələsinə baxılacağı və imtina sayılmaması göstərilmişdir. İddiaçı bunun tamamilə əsassız olduğunu hesab edir, belə ki, fərdi yaşayış evinin nə vaxt konkret olaraq sənədləşdiriləcəyi məlum deyil. İddiaçının hal-hazırda qeydiyyatsız qalmağı hüquqlarını tamamilə məhdudlaşdırmışdır və bu halın nə qədər davam edəcəyi məlum deyildir. İddiaçının yaşadığı özbaşına tikilinin sənədləşdirilməsi hal-hazırda mümkünsüzdür, ölkədə bu prosesə başlanılmamışdır və belə görünür ki, bu hal uzun müddət davam edəcəkdir, məhkəmə qaydasında da özbaşına tikililərə mülkiyyət hüququ tanınması mümkünsüzdür və qanunvercilikdə nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən iddiaçının ilkin müraciətinə verilmiş imtina məktubunda “imtina sayılmaması” ifadəsinin göstərilməsi vətəndaşın məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deməkdir və bu cavab imtina sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarı da ləğv edilməmişdir və qanunvericlikdə də vətədaşın pasport qeydiyyatının məhkəmə qərarı olmadan ləğv edilməsi qaydaları nəzərdə tutulmamışdır. Beləliklə iddiaçının ünvan 1 ünvanına (inzibati binaya) pasport qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyəti qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin adları qeyd olunan vətəndaşlar hazırda ünvan 3 ünvanında faktiki yaşayırlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh isə gəlməmişdir. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Göründüyü kimi, mövcud qanunvericiliyin sadalanan müddəalarının tələblərinə görə inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən ayrıca inzibati icraat aparmalıdırlar. «İnzibati icraat haqqında» Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki mübahisə üzrə məhkəmə icraatında iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati binadan çıxarılmazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması inzibati aktın qəbul edilməsi ilə nəticələnməsə də, bu inzibati icraatda qanunvericiliyin tələbləri gözlənilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya etimad göstərərək onu inzibati binaya qeydiyyata almışdır. Buna baxmayaraq, cavabdeh etimad göstərdiyi vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarmış, aparılmış inzibati icraat barəsində iddiaçını məlumatlandırmamış, onun dinləmə hüququnu təmin etməmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından yalnız şəxsiyyət vəsiqəsi qeyri-aktiv statusuna keçdikdən sonra məlumatlı olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının inzibati binadan qeydiyyatdan çıxarılması ilə bağlı inzibati icraat prosessual baxımından düzgün aparılmamışdır. Həmçinin qeyd edilməlidir ki, «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa, bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı iş üzrə 6 oktyabr 2021-ci il tarixli qərarı, 2-1(102)-1719/2021 saylı iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərarı). Kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Həmçinin qeyd olunmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun qeyd olunan müddəalarından məzmunu belə deməyə əsas verir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyat alınması onun uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratdılmasına xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan qaydada inzibati icraat aparılıb-aparılmamasından asılı olmayaraq, cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin İddiaçı buna heç bir tutarlı əsas olmadan Bakı şəhəri Binəqədi RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılması, həmçinin qeydiyyatının bərpa olunmasından imtina ilə bağlı hərəkətləri qanunsuzdur və belə hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi RPİ-nin inzibati binasına qeydiyyata alınması (qeydiyyatının bərpa edilməsi) öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi RPİ-nin inzibati binasına qeydiyyata alınması (qeydiyyatının bərpa edilməsi) öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar