Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16267/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2003-cü ildən 2018-ci ilədək ödənilməmiş pensiya məbləği vəsaitinin hesablanıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər müxtəlif vəzifələrdə, xx.xx.1985xx.xx.1997-ci il tarixlərində isə Azərbaycan SSR Ticarət Nazirliyinin 8 saylı mağazasında işləmişdir. Mağaza Bakı şəhərində keçmiş Fioletov küçəsi, ev 3-də yerləşirdi. xx.xx.1986-cı ildə kassa aparatında kassir kimi işləyərkən saat 2 radələrində mağazanın müdiri yerə tökülmüş suyu təmizləməyi də ona tapşırdı. Döşəməni təmizləyərkən kassa aparatının yaxınlığında elektrik cərəyanının onu vurması nəticəsində yerə yıxılarkən başı kassa aparatının küncünə toxundu və huşunu itirərək yerə yıxıldı. Elektrik xəttinin kassa aparatının yanından keçən hissəsi zədəli imiş, lakin bu barədə heç kimin xəbəri olmamışdır. Döşəmədə olan elektrik xəttinin o vaxt zədəli olması xx.xx.1991-ci ildə tərtib olunmuş (Forma H-1) bədbəxt hadisənin baş verməsi haqqında 01 saylı aktla da təsdiq olunur. Başından aldığı zədəyə görə uzun müddət müalicə almışdır. Nərimanov rayonunda yerləşən poliklinikada qeydiyyatdan keçmiş və orada adına 2944 saylı psix karta açılıb. Sonralar arabir işə getsə də, müdiriyyət onu həmişə nəzarətdə saxlayırdı və xəstəliyi ilə bağlı lazım olanda icazə verilirdi. Uzun müddət qəbul etdiyi və hələ də istifadə etdiyi psixotrop tərkibli dərman vasitələri nəticəsində zamanın və hadisələrin necə keçdiyini, eləcə də pensiya yaşının nə vaxt çatdığını bilməmiş və kimsə də bu haqda nəsə deməyib. Bütün bu üzrlü səbəbdən də 20 il əmək stajı və 57 yaşı olanda əmək pensiyasına cixmalı olacağı halda, pensiyaya uzun illər sonra, xx.xx.2021-ci ildə çıxmışdır. Belə ki, xx.xx.2006cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən o, 20 il əmək stajı olmaqla 57 yaşında əmək pensiyası hüququnu qazanmalı idi. Lakin Azərbaycan Respublikasının 13 iyun 1997-ci il, 321-İQD saylı Qanununa əsasən həmin maddədə göstərilən yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığına görə əmək pensiyası hüququnu 60 yaşı olanda, yəni xx.xx.2003-cü ildə qazanmış və bu vaxt əmək stajı 25 il 8 ay 26 gün olmuşdur. Yuxarıda qeyd etdiyi xəstəlik nəticəsində vaxtı, illəri, yaşının neçə olduğunu belə unutmuş və nəticədə əmək pensiyasına 18 il sonra çıxmışdır, çünki uzun illər aldığı müalicələr onu tam sağaltmasa da, səhhəti nisbətən yaxşılaşmışdı. xx.xx.2021ci ildə pensiyaya cixarkən əmək stajını da düzgün hesablamamışdılar. Pensiyası hesablanasında arxiv arayışlarını yox, təkcə əmək kitabçasını təqdim etmişdi, əvvəlki illərdə işlədiyi iş yerlərinin əmək kitabçasına qeyd edilmədiyini də unutmuşdur, elə bu da xəstəliyinin əlaməti idi. Pensiyanın düzgün hesablanmaması haqqında müraciət edəndə bildirdi ki, əvvəlki iş yerləri əmək kitabçasında qeyd edilməyib və ona izah edildi ki, arxiv arayışı ilə dedikləri təsdiq olunarsa, pensiyası yenidən hesablanacaq. Müraciəti əsasında Mərkəzi Arxivdən verilən sənədləri Əmək və X1 Nazirliyi (ƏƏSMN) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə təqdim etdi və həmin arxiv arayışı əsasında 1960-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr və 1961-ci ilin yanvar, fevral aylarını əmək stajı kimi hesablayıb 24 il 1 ay 18 gün stajla pensiyası yenidən hesablandı. xx.xx.2021-ci ildə stajı 23 il 2 ay hesablanmışdı. xx.xx.2023-cü ildə yox, xəstəliyi səbəbindən 18 il sonra, xx.xx.2021-ci ildə pensiyaya çıxdığından ona verilməli olan 18 ilin pensiyasının hesablanıb ödənilməsi və stajının da yenidən hesablanması ilə bağlı müraciətinə ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X2nda baxılmiış və 30 iyul 2025-ci ildə verilən cavabda bildirilmişdir ki, pensiya işi qovluğunda olan məlumatlara əsasən sığorta stajı yenidən hesablanmış və 25 il 8 ay 26 gün olduğu müəyyən edilmişdir. Lakin pensiya məbləğində artım hesablamadılar və bildirdilər ki, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilir. Eyni zamanda ona bildirildi ki, pensiya hüququ xx.xx.2003-cü ildə yaransa da, xx.xx.2021-ci ildə müraciət etmiş və ona Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq pensiya əvvəlki 3 il ödənilməklə xx.xx.2018-ci ildən hesablanıb. Müraciətlərində həmişə həmin dövrlərdə başından aldığı zədə nəticəsində ağırxəstə olduğunu, Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin ruhi-əsəb xəstəlikləri dispanserində müalicə aldığını qeyd etsə də, bunu ödənilməmiş pensiya məbləğinin verilməsində nəzərə almırlar. Nəzərə almaq lazımdır ki, bu gün belə həkim nəzarətindədir, vaxtaşırı müayinəyə gedir, xəstəliyinin müalicəsi üçün elə dərman vasitələrindən istifadə edir ki, o dərmanlar ancaq həkim resepti əsasında və məhdud sayda buraxılır. Bütün bunları üzrlü səbəb kimi nəzərə almadan “Əmək pensiyaları haqqında “Qanunun 32-ci maddəsini əsas götürüb ona almadığı pensiya məbləğinin 3 ilini xx.xx.2018-ci ildən hesablayıb verdilər. Halbuki pensiya yaşı tamam olanda, təqdim etdiyi sənədlərdən də məlum olur ki, ruhi-əsəb dispanserində qeydiyyatda və müalicədə olmuş, özünü idarə edə bilməmişdir ki, bu da üzrlü səbəb sayılmalı və ötürülmüş müddət üçün pensiya məbləğinin hamısı ödənilməli idi.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona ötən dövlərə gorə ödənilməmiş yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın 30 07.2025-ci il tarixli 3-17-1/2-H- 178694/2025 nömrəli məktubu ilə ona ötən dövrlər (24 03.2003-cü il tarixindən- (hüququnuz yaranan tarixdən) üzrə olan fərq məbləğinin hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi barədə ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 24 03.2003-cü il tarixində yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakın İddiaçı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixində müraciət etdiyi üçün ona xx.xx.2018-ci il tarixindən (xx.xx.2021-ci il tarixli müraciətindən 3 il əvvələ) yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq huququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Sözügedən Qanunun tələblərinə uyğun olaraq, İddiaçı ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək iddiaçının aylıq pensiyasının üzərinə əlavə edilməklə, hazırda ödənişi 393,33 manat məbləğində olmaqla ödənilir. İddiaçı pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən onun 25 il 8 ay 26 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyası məbləğində (393,33 manat) dəyişiklik olmamışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6869/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə eyni tərəflər (hazırkı cavabdeh DSMFnin qurumu - Sosial Ödənişlərin Təyinatı X2) arasında eyni predmetlə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir.
11. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi məsələsinə zərurət qalmadı.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva