Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1627/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək (təxirə salınmaqla) bu barədə tərəflərə məlumat verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və işin növbəti hazırlıq icraatının iclası xx.xx.2020-ci il tarixə təxirə salınmış, həmin tarixdə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə dəftərxanası vasitəsilə inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə vəsatət təqdim edərək, bildirmişdir ki, iddia verilərkən AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Şəxsi heyət Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli cavab məktubunda iddiaçının hərbi xidmətini təsdiq edəcək sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etməli olduğu bildirilmişdir. İddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli cavab məktubu heç bir halda iddiaçının hüquq və qanuni mənafeyini məhdudlaşdıran inzibati akt hesab edilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik)hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının hazırkı tələb üzrə müvafiq məsələ ilə bağlı cavabdehə müraciət etdiyi və cavabdeh tərəfindən də ona cavab verilmədiyi bildirilsə də, onun müraciətinin surəti və həmin müraciətin cavabdehə çatdırılmanı təsdiqləyən sənəd iddia ərizəsinə əlavə edilməmiş, eləcə də məhkəmə icraatında təqdim olunmamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı ilk öncə ərizə və xidmətini bilavasitə təsdiq edəcək sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etməli, Komissiya imtina etdiyi təqdirdə iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1627/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1627/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver