Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1628/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla Daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilməklə yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3, mənzil 8 ünvanında yerləşən mənzilə dair onun daimi əsaslarla istifadə hüquqları hissəsinin dəyişdirilərək, Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyətçi kimi hüquqlarının qeydiyyata alınması və xüsusi mülkiyyətçi kimi mülkiyyətdən çıxarışın, texniki pasportun onun adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixində X5 (mülki etibarnamə əsasında) alqı-satqı müqaviləsi yolu ilə (N»3M-195) ünvan 2/m 8 ünvanında yerləşən mənzili adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında xx.xx.2016-cı il tarixində DƏDRX-də hüquqları qeydiyyata alınmış, N°0973454 saylı mülkiyyətdən çıxarış verilmişdir. Mülkiyyətdən çıxarışda göründüyü kimi həmin mənzil əvvələr eyni şərtlərlə X6 mülkiyyətində olmuşdur. Sözügedən mülkiyyətdən çıxarışda onun hüququları, “xüsusi mülkiyyətçi” kimi deyil mənzildən daimi əsaslarla istifadə hüququ olan şəxs kimi qeyd edilmişdir. Sözügedən məsələyə dair Azərbaycanm Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə hüquqlarını xüsusi mülkiyyətçi olaraq DƏDRX-də qeydiyyatdan keçirilməsinə dair müraciəti idarə tərəfindən xx.xx.2019-cu il tarixində imtina ilə cavablandırılmışdır. İmtinanın əsası kimi konkret olaraq heç bir fakt və qanun norması göstərilməmiş, qanunsuz olaraq imtina verilmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən qanunsuz şəkildə verilmiş imtinanı əsas gətirib məhkəmə qaydasında inzibati aktın qəbul edilməsinə dair inzibati orqanın üzərinə öhdəlik qoyulması mütləqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X7 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 izahat verərək və iddia tələbini qanunsuz və əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X4 izahat verərək, mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini, hazırda həmin mənzilin daimi istifadə hüququ ilə iddiaçının istifadəsində olduğunu bildirdi və qeyd olunanların nəzərə alınmaqla mübahisənin məhkəmənin mülahziəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan SSP Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Nümunəvi Müqavilə”nin və Bakı şəhər Xəzər rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 132 saylı sərəncamının surətlərindən görünür ki, ünvan 2, ünvanında yerləşən 8 saylı mənzil vətəndaş X6 ailə tərkibi ilə daimi yaşayış yeri kimi rəsmiləşdirilərək, o, mənzilin icarədarı hesab edilmiş və onunla xx.xx.2016-cı ildə nümunəvi müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixli mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqısı haqqında müqaviləsinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X9imi istifadə hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli Çıxarış əsasında ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən əldə edilmiş xx.xx.2016-cı il tarixli qeydiyyat nömrəsi 11/1647 olan arayışa əsasən özünə məxsus ünvan 3, mənzil 8-i xx.xx.2016-cı ildən başlayaraq daimi istifadə hüquqlarını İddiaçı daimi istifadəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* №-li çıxarışı ilə İddiaçı ünvan 2 mənzil 8 ünvanına dair daimi istifadə hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2465 nömrəli reyestr kitabının 229514 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********66-05101-091001 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3, mənzil 8 ünvanının hüquq subyekti dövlət qeyd edilmişdir. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 2, mənzil 8 ünvanında qeydiyyatdadır. Həmin ünvanda iş üzrə üçüncü şəxslər X13 və X11 qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli 887 saylı məktubundan görünür ki, ünvan 3, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 01 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********52 saylı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzillər ayrı-ayrı tarixlərdə müxtəlif vətəndaşların adlarına qeydə alınmışdır. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********56 №li xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, ünvan 2, mənzil 8 ünvanının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri 07 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M-195 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqı müqaviləsi əsasında mənzilə yaranan istifadə hüququnun qeydiyyatı aparılıb və RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı hazırda ünvan 3ünvanında yerləşən 8 saylı mənzilə dair onun qeydə alınmış“daimi əsaslarla istifadə hüquqları” hissəsinin dəyişdirilərək DƏDR-də xüsusi mülkiyyətçi kimi hüquqlarının qeydiyyata alınması və xüsusi mülkiyyətçi kimi mülkiyyətdən çıxarışın, texniki pasportun onun adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini barədə qərar qəbul edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı onun adına dövlət reyestrdən verilmiş çıxarışda müvafiq düzəlişlər edilməklə onun xüsusi mülkiyyət hüququnun tanınmasını tələb etsə də, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının mübahisəli mənzili aldığını iddia etdiyi alqı-satqı müqaviləsində vətəndaş X13 tərəfindən iddiaçıya ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə daimi istifadə hüququ satılmış, eyni zamanda X10 da həmin mənzil Bakı şəhər Xəzər rayon İcra hakimiyyətinin sərəncamı ilə daimi yaşamaq üçün istifadəyə verilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair iş materiallarında hər hansı sənəd mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1628/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1628/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver