Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1628/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs Cavabdeh2 ASC) qarşı “kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına, ”Muğanbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasi Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən onun 20 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə restrukturizasiyanın düzgün aparılması vəzifəsinin və Fərmanın digər bəndlərinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında 20 fevral 2015-ci İİ tarixdə bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" ASC ona 6.390,00 (altı min üç yüz doxsan) ABŞ dolları məbləğində kredit vermişdir. Belə ki, həmin kredit məbləğinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş sonradan ölkədə baş verən devalvasiya nəticəsində həmin kredit məbləğinin ödənişinin aparılması qeyri-mümkün olmuşdur. O dəfələrlə Mərkəzi Banka və “Muğan” Bankda olmuşdur. Mərkəzi Banka şifahi və yazılı müraciətlər etmişdir. Belə ki, Mərkəzi Bankın işçiləri onun ərizələrinin araşdırmalarını aylarla uzadaraq “Muğan” Bankın xeyrinə qərarlar vermişlər. Bu barədə rəhbərliyiə bildirəndə ona deyilmişdir ki, köməklik göstərəcəklər. O da öz növbəsində Mərkəzi Banka inanmışdır. Bir neçə aydan sonra “Muğan” Bankdan ona bildirilmişdir ki, Mərkəzi Bank heç nə ilə köməklik göstərə bilməyəcək, gətirib pulun qalanını versin. Nəticədə ölkə Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasi Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı icra olunmamış qalmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10466/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə “Muğanbank ASC”-nin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Mərkəzi Bankın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli (11.000,00 manat dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 219 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Bununla belə iddiaçı tərəfindən qeyd edilən müddət ərzində bu məsələ ilə bağlı ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka hər hansı müraciət daxil olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixli 14-xx-xx-005525 saylı kredit müqaviləsi üzrə qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Mərkəzi Bankın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi göndərilsə də nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş borcverən Cavabdeh2 ASC ilə borcalan İddiaçı arasında bağlanmış 14-xx-xx-005525 nömrəli 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 26%, 24 ay müddətinə olmaqla 20 fevral 2017-ci il arixinədək 6390 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 7.3-cü maddəsinə əsasən tərəflər bu müqavilədən irəli gələn vəzifələrini tam olraq icra edənədək müqavilənin şərtləri öz qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2019-cu il tarixli kredit borcuna restruktrizasiyanın şamil olunması ilə bağlı müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Sizin qeyd etdiyiniz kredit borcu üzrə gecikmə günləri 360 gündən az olduğu üçün Fərmana müvafiq olaraq həmin kreditin restruktrizasiya edilməsi nəzərdə tutulmur. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh2 ASC tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/19-8150/1 nömrəli məktubunda qeyd olunmuşdur ki, kreditor "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 14-xx-xx-005525 saylı kredit müqaviləsi üzrə "Paytaxt" filialından götürülmüş kreditin "Şərq" filialına miqrasiyası zamanı (sıfırlanıb) gecikdirilmiş günlərin sayı 742 gün (xx.xx.2018-ci il tarixədək), kreditin "Şərq" filialından "Baş Ofis"ə miqrasiyası zamanı (sıfırlanıb) gecikdirilmiş günlərin sayı 175 gün (xx.xx.2018-ci il tarixədək) və kreditin "Baş Ofis"- də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (551 saylı Fərman) gecikdirilmiş günlərin saylı 219 gün təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 26-04573-2020 nömrəli məktubda bildirilmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunur ki, sizin 01 mart 2019-cü il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunuzun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmasa da, həmin kreditlərə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə də Fərmanın əhatə dairəsinə düşməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 26-10811-2020 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırırıq ki, Fərman çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Təqdim edilmiş məlumatlara əsasən, sizin 01 mart 2019-cü il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunuzun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmasa da, həmin kreditlərə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Bununla yanaşı bildiririk ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın: -1-ci bəndinə görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. -2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. -7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; -8-ci bəndinə əsasən məyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adı çəkilən Qaydanın: -2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir; -6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. -6.2-ci bəndinə görə fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. -6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. -6.6-cı bəndinə əsasən Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Sadalanan normalardan görünür ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən tədbirlər baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə ikisini qarşılamaq məqsədilə tətbiq edilir. Kredit müqavilələri üzrə borc məbləği Fərmanın təsir dairəsinə düşdükdə kompensasiya alacaq şəxslər siyahısına daxil edilir, hesablanmış kompensasiya məbləği banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilir. Bundan əlavə kompensasiya hesablanaraq əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra kredit müqaviləsi üzrə borc məbləği qaldıqda isə əsas kredit borcunun qalıq məbləği restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilir. Kredit borcunun qalıq məbləğinin restruktrizasiya olunacaq kreditlər siyahısına daxil edilməsi üçün tələblər isə yuxarıda adıçəkilən Qaydaların 6.1.1, 6.1.2 və 6.1.3-cü bəndlərində sadalanır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 14-xx-xx-005525 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-dən 6390 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə yaranmış borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş, yaranmış borca kompensasiya məbləği hesablanmış, lakin yerdə qalan boc məbləği üzrə kredit müqaviləsi Fərman çərçivəsində restruktrizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. İddiaçının kredit müqaviləsinin xx.xx.2012-ci il tarixdən sonra bağlanması və müqavilə üzrə borcunun 2019-cu il martın 1-nə elan edilmiş məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən çox olmaması işin mübahisələndirilməyən halıdır. Cavabdehin iddiaçının kredit müqaviləsinin Fərman çərçivəsində restruktrizasiya olunacaq kreditlər siyahısına daxil edilməməsinin əsası kimi Qaydaların 6.1.1 və 6.1.3-cü bəndlərindəki iki hala istinad edir -Fərmana əsasən xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar olduğu halda borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu üzrə gecikdirilən günlərin sayı 360 gündən az, yəni 219 gün təşkil edir; - fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmış, qeyd edilən müddət ərzində iddiaçının cavabdehə müraciəti daxil olmamışdır. Cavabdehin qeyd edilən imtina dəlilləri hazırkı iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusu ilə Cavabdeh2 ASC-dən əldə edilmiş xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, iddiaçının kredit müqaviləsi üzrə ödənişi birinci dəfə xx.xx.2015-ci il tarixdə, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə olmuş, xx.xx.2016-cı il tarixdən sonrakı tarixlərdə qalıq borcdan borcalan tərəfindən ödənişlər edilməmişdir. Bundan əlavə məhkəmənin sorğusuna cavabdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, 14-xx-xx-005525 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin "Paytaxt" filialından götürülmüş kreditin "Şərq" filialına miqrasiyası zamanı xx.xx.2018-ci il tarixədək gecikdirilmiş günlərin sayı (sıfırlanıb) 742 gün olmuş, kreditin "Şərq" filialından "Baş Ofis"ə miqrasiyası zamanı (sıfırlanıb) xx.xx.2018-ci il tarixədək gecikdirilmiş günlərin sayı 175 gün və kreditin "Baş Ofis"- də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (551 saylı Fərman qəbul edildiyi günə gecikdirilmiş günlərin saylı 219 gün olmuşdur. “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Azərbaycan Respublikasının Mərkəzi X2 32/1 nömrəli, 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. -2.1.1-ci bəndinə görə kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlərdir (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla). -2.1.2-ci bəndinə görə məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. -3.1-ci bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. -3.2-ci bəndinə əsasən məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. -3.3-cü bəndinə əsasən MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. -3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. -3.6-cı bəndinə görə məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. -3.9-cu bəndinə görə məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. -3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi kreditin verilməsi haqqında məlumatlar, o cümlədən həmin kreditlə bağlı sonrakı bütün hərəkətlər, kreditin tam ödənilməsi və ya borcun silinməsi ilə bağlı məlumatlar məlumat təchizatçısı olan kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatı (ləğvedici) tərəfindən X1 Kredit Reyestrinə daxil edilməsi üçün təqdim edilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı gecikdirilmiş günlərin sayı kredit portfelinin bankın bir filialından digər filialına köçürülməsi ilə əlaqədar hər dəfəsində sıfırlanmış, bu səbəbdən Mərkəzi Kredit Reyestrində iddiaçının gecikmə günlərinin sayı Fərman qəbul edilən tarixədək az görünür. Halbuki, "Paytaxt" filialından "Şərq" filialına,"Şərq" filialından "Baş Ofis"ə köçürüldükdən sonra gecikmə günləri ilə yanaşı Baş Ofis"- də olan gecikmə günlərinin sayı cəmi 1136 gün təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestrinə lazımı məlumatları daxil etmək öhdəliyi daşıyan Cavabdeh2 ASC məlumatları reyestrə tam daxil etməmiş, nəticədə MKR-də iddiaçının kredit üzrə gecikmə günlərinin sayı 219 gün olaraq əks olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikmiş günlərin sayı barədə məlumat bazasına yalnış məlumat ötürülmüşdür. Bundan əlavə, cavabdehin istinad etdiyi fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığı, iddiaçı tərəfindən isə qeyd edilən müddət ərzində bu məsələ ilə bağlı ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka hər hansı müraciət daxil olmaması ilə bağlı məhkəmə razılaşmır. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: -7.1-ci bəndinə görə Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. -7.4-cü bəndinə əsasən Palata tərəfindən vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır. Həmin əməkdaşlar tərəfindən fiziki şəxslərin Fərmandan və bu Qaydadan irəli gələn müraciətləri araşdırılır və bu Qaydanın 8.5-ci bəndində müəyyən edilmiş hallarda Apellyasiya Komissiyasına təqdim edilir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı portal üzərindən onlayn qaydada xx.xx.2019-cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasına restruktrizasiya edilmə ilə bağlı müraciəi qeydə alınmış, müraciətinə xx.xx.2019-cu il tarixdə portal üzərindən onlayn qaydada Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyaisya Komissiyasında baxılmış və 26388 nömrəli imtina qərarı yerləşdirilmişdir. Göründüyü kimi iddiaçının restrukturizasiya ilə bağlı müraciətinin xx.xx.2019-cu il tarixədək olması öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 14-xx-xx-005525 saylı kredit müqaviləsi üzrə qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 14-xx-xx- 005525 saylı kredit müqaviləsi üzrə qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1628/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1628/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver