Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1629/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə qanunsuz və əsassız hesablanmış 155.254,38 manat məbləğində əsas və 56.560,23 manat məbləğində faiz olmaqla, ümumilikdə 211.814,61 manat vergi və faiz borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş edir və bu halı onunla əsaslandırır ki, Baş İdarənin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə "xxxx" MMC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergilərin hesablanması barədə qərarlar qəbul olunmuşdur. Belə ki, vergi ödəyicisinin hazırki tarixə olan vergi borcu qeyd edilən qərarlar ilə hesablanmışdır. İddiaçının iddia tələbi qərarlar əsasında yaranmasına baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsində 211.814,61 manat vergi və faiz borcunun hesablanmasının qanunsuz və əsassız olduğuna görə həmin vergi borcunun ləğv edilməsinə dair qərar qəbul olunması xahiş edildiyindən iddia mümkün hesab edilməməlidir. Yuxarıda adı çəkilən vergi və vergi borcunun yaranmasına səbəb olan qərarlar vergi ödəyicisində elektron üsulla göndərilmiş və iddiaçı tərəfindən oxunmuşdur. Keçən 1 (bir) ildən artıq müddət ərzində iddiaçı tərəfindən həmin qərarlar ilə hesablanmış əsas vergi məbləğində münasibətdə hər hansı narazılıq bildirilməmişdir. Bu isə, son nəticədə, vergi orqanı tərəfindən aparılmış hesablamaların əsaslı olduğunu deməyə imkan verir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, subyektiv hüququn iddiaçıya münasibətdə mövcud olmaması, iddianın da mümkün olmaması anlamına gəlir. Hazırkı iş üzrə də məhz iddiaçı iddia tələbinə münasibətdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddia mahiyyət etibarı ilə hüquqi şəxs "xxxx" MMC barəsində hesablanmış vergi borcunun silinməsi ilə əlaqədardır. İddia tələbindən də göründüyü kimi iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi qismində çıxış edərək hüquqi şəxs barəsində hesablanmış vergi borcunun silinməsini xahiş edir. Halbuki, MMC-nin vergi borcu ilə bağlı mübahisələrə onun ayrıca prosessual şəxs olması nəzərə alınmalı və iddiaçı fiziki şəxs əvəzinə hal-hazırda borcu olan kimi göstərilən MMC iddiaçı olmalıdır. Başqa sözlə desək, iddiaçı, təmsilçi kimi hüquqi şəxs barəsində hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 46.Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 52.1.Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2.Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikasının hüquqi şəxslərinin statusu Mülki Məcəllənin, onların dövlət qeydiyyatına alınması isə Mülki Məcəllənin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və digər qanunvericilik aktları ilə tənzimlənir.Hüquqi şəxslər qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququ vardır. Vergi hüququ münasibətləri baxımından hüquqi şəxsin səciyyələndirən əsas əlamənt bundan ibarətdir ki, o, vergi münasibətlərinin iştirakçısı kimi vergi öhdəliklərinin daşıyıcısıdır və onların yerinə yetirilməsi üçün öz əmlakı ilə yalnız özü məsuliyyət daşıyır. Göründüyü kimi hüquqi şəxs ilə onun təsisçisi arasında olan mexanizm məhz onların ayrı-ayrılıqda icra etdikləri öhdəliklər üzrə cavabdehlik daşımaması üzərində qurulur. Başqa sözlə desək hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Doğrudur ki, MM-nin 52.2-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin konkret olaraq nədən ibarət olunması göstərilməmişdir. Ümumməlum olan faktdır ki, “öhdəlik” anlayışı geniş məna kəsb edir. Belə ki, vergi qanunvericiliyində kütləvi şəkildə tətbiq edilən vergi öhdəliyi anlayışı mülki-hüquqi anlayışlardan biri olan öhdəlikdən fərqlidir. Qeyd olunmalıdır ki, təşkilatı formadan asılı olmayaraq vergi borclarının vaxtı-vaxtında ödəmək hər bir vergi ödəyicisinin öhdəliyidir. Məhkəmə qeyd etmək istəyir ki, mübahisələndirilən borc məbləği hüquqi şəxsin təsisçisinə deyil, hüquqi şəxsin özü barəsində hesablandığından, bu zaman həmin borcu mübahisələndirmək hüququna məhz vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxs - "xxxx" MMC malikdir. Xülasə, iddiaçı vergi ödəyicisinin qanuni təmsilçisi olduğundan və hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımadığından, iddiaçı sözügedən vergi borcunu öz adından mübahisələndirilməsi üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə hesab edir ki, həmin tələbin subyektiv hüquq mənasında mümkünlüyü yalnız iddia hüquqi şəxs adından qaldırılmış olarsa mümkün ola bilərdi. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs barəsində hesablınmış vergi borcunu mübahisələndirmək səlahiyyətinə malik olmaması səbəbindən iddianı qaldırmağa subyektiv hüquqa malik olmadığından, iddianın mümkünlüyündən söhbət gedə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, vergi və faiz borcunun ləğv edilməsinə dair iddia qaldırılsa da, iddiaçının hüquqi marağına uyğun iddia həmin vergi və faiz borcunun yaranmasına əsas olmuş qərarın ləğvi ilə əlaqədar olmalıdır ki, həmin halın mövcudluğu da iddiaçının diqqətinə çatdırılmışdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, həmçinin iddiaçının əsl iddiaçı ilə əvəz edilərək hüquqi əxs olan "xxxx" MMC-nin iddiaçı qismində tanınması barədə ərizənin verilməsi, o cümlədən borc və faizin hesablanmasına səbəb olan vergi orqanının qərarının mübahisələndirilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında müzakirələrin aparılması və mümkünlüyə baxılacağını bildiyi təqdirdə məhkəmə iclasında iştirak etməmiş, iddianın mümkünlüyü şərtlərinin ödənilib-ödənilməməsinə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1629/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1629/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver