Məhkəmə qərarları › İş №2-1(112)-1630/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1630/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1630/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 2003-cü ildə yaşa görə əmək pensiyası hüququ yarandığı üçün ona həmin ildə 397 manat əmək pensiyası təyin edilmişdir. Lakin 2020-ci ilin aprel ayından etibarən onun pensiya məbləği azaldılmış və 384 manata çatdırılmışdır. Hazırda onun pensiya məbləğindən 13 manat kəsilmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 978,82 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 978,82 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədi ilə onun yazılı razılığıın mümkün qısa müddətdə inzibati orqana təqdim olunması xahiş olunmuş, əks halda müvafiq tədbir görüləcəyi bildirilmişdir. Yazılı razılıq ərizəsi təqdim olunmadığından artıq alınmış pensiya məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ona yaşa görə əmək pensiyasının 2020-ci ilin aprel ayından ödənilən pensiya məbləğinin bərpa edilməsi, artıq ödəmə adı altında pensiya tutulmasının dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və artıq ödəmə adı ilə ondan hər ay tutulan pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:

1. Əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi;

2. Artıq ödəmə adı ilə ondan hər ay tutulan pul məbləğinin ona qaytarılmasıdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh tərəfindən artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələb olunmuş və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərək pensiya məbləği 397,94 manatdan 384,55 manatadək azaldılmışdır. İddiaçı hazırda əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və artıq ödəmə adı ilə hər ay tutulan pul məbləğinin ona geri qaytarılmasını xahiş edir. İddia tələbinin birinci hissəsinə (əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi) münasibətdə Məhkəmə aşağıdakiları bildirir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması barədə qərarın qəbulu ilə bağlı prosessual pozuntulara yol verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, inzibati orqan tərəfindən adıçəkilən xx.xx.2021-ci il tarixli qərarın (əmək pensiyasının yenidən hesablanması barədə qərar) qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat düzgün aparılmamış, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə qanunvericiliyin tələbləri nəzərə alınmamış, xx.xx.1941-ci il təvəllüdlü pensiya alan şəxsin izahatı alınmadan, ona pensiyanın azaldılma səbəbləri, hesablama qaydası ilə bağlı heç bir məlumat verilmədən, qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Halbuki inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda xx.xx.1941-ci il təvəllüdlü şəxsin pensiyasının azaldılması şəxsin pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məqsəd isə konkretdir. Maraqlı şəxs, xüsusi ilə də hazırki halda xx.xx.1941-ci il təvəllüdlü pensiya alan şəxs pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını pensiya kartından pul çəkərkən müəyyən etməsin, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olsun ki, minimum yaşayış üçün nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar (əmək pensiyasının yenidən hesablanması barədə) ləğv edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə bildirir ki, “Əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2021-ci il tarixli qərarın hüquqi nəticəsi kimi iddiaçıya ödənilən pensiya məbləği 397,99 manatdan 384,55 manatadək azaldılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmadığından və əmək pensiyasının yenidən hesablanması barədə qərarı ləğv olunduğundan, həmin qərarın hüquqi nəticəsi kimi iddiaçıdan tutulmuş pensiya məbləğləri ona geri qaytarılmalıdır. Beləliklə məhkəmənin qənaətinə görə iddia tələbi ikinci hissədə də əsaslıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və artıq ödəmə adı ilə ondan hər ay tutulan pul məbləğinin ona qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar