Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1631/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə inzibati orqan (cavabdeh) Bakı şəhəri Xətai RİH-ə təqdim edilmişdir. İddia ərizəsində tələb olunla əsaslandırılır ki, İddiaçı xx xxxxxxxx 1991-cı il tarixdə doğulmuşdur. O, 14 avqust 2009-cu il tarixdən 27 iyun 2013-cü il tarixədək hərbi xidmətdə, 27 iyun 2013-cü il tarixdən 23 iyun 2014-cü il tarixədək S.Q.T.T.M-də dinləyici, 23 iyun 2014-cü il tarixdən 4 iyul 2017-ci il tarixədək 066 saylı H/H Qrup Komandiri, 4 iyul 2017-ci il tarixdən N sentyabr 2020-ci il tarixədək N saylı hərbi hissənin bölük komandiri, N sentyabr 2020-ci il tarixdən N yanvar 2021-ci il tarixədək N saylı hərbi hissənin bölük komandiri, N yanvar 2021-ci il tarixdən N sentyabr 2021-ci il tarixədək N saylı hərbi hissənin bölük komandiri, N sentyabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək 405 saylı hərbi hissınin qrup üzrə komandiri olmuşdur. İİ Qarabağ müharibəsi başlayan gündək, yəni 27 sentyabr 2020-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək Vətən müharibəsində - Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak etmişdir. 2020-ci ilin oktyabr ayında Hadrut istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ağır yaralanmışdır (aldığı xəsarətin dərəcəsi barədə məlumatlar ərizəyə əlavə edilir). Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Bakı şəhəri Xətai RİH-ə müraciət etmişdir. Lakin 11 may 2022-ci il tarixli R-37068 saylı məktubla məsələnin həllindən imtina edilmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Xətai r/m, İnzibati Binaya məxsus olan bina evində qeydiyyatda olmuşdur. Mənzil məsələsinin həlli ilə bağlı o, Bakı şəhəri Xətai RİH-ə müraciət etmişdir. Bakı şəhəri Xətai RİH-in 11 may 2022-ci il tarixli imtina məktubu ilə ona imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, o (iddiaçı), Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 7 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Qeyd olunmalıdır ki, o (iddiaçı), Xətai rayonunda İnzibati binaya dekabr ayından qeydiyyata düşmüşdür. İddiaçı ailəsinin evi olmadıqından məcburiyyətdən hərbçi olması ilə əlaqədar ipoteka ilə ünvan 1 ünvanında 1 otaqlı ev almışdır. Ailə vəziyyəti ilə əlaqədar 1 otaqa özü, iki övladı, arvadı, valideynlərinin birgə yaşaması mümkün deyil. İddiaçının adına daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olmadığından, cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə və İPMin 33, 34, 58.7, 68, 70-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 58.1, 67ci maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.9-cu maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 52, 53-cü maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli Fərmanının 2.3cü yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.9.8-ci bəndinə əsaslanaraq, iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəməıdən xahiş olunur. Bakı şəhəri Xətai RİH başçısı aparatının məhkəməyə iddia ilə bağlı ünvanlanmış 1034 saylı 9 avqust 2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı ərizə ilə Xətai RİHə müraciət edərək Vətən müharibəsi əlili olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı təqdim etdiyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 4 aprel 2022-ci il tarixli arayışa əsasən ünvan 1 (1 otaq, ü/s 57.6 kv.m, y/s 34 kv.m) iddiaçının şəxsi mülkiyyətində olduğundan onun xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd edilənlərə və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci bəndinin birinci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin üçüncü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin bəndin üçüncü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında surəti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqlliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlilliyə görə 300 manat məbləğində Prezident təqaüdü alır. Prezident təqaüdü xx.xx.2027-ci il tarixədək təyin olunmuşdur. İş materiallarında surəti olan Bakı şəhəri Xətai bələdiyyəsinin 20 aprel 2022-ci il tarixli arayışında qeyd olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarında surəti olan 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) arvad: X1 (xx.xx.1992-ci il təvəllüdlü); 2) uşaq: X4 (xx.xx.2015-ci il təvəllüdlü); uşaq: X3 (xx.xx.2017ci il təvəllüdlü). İş materiallarında surəti olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 4 aprel 2022-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı daşınmaz əmlak aşkar edilmişdir: ünvan 1 (1 otaq, ü/s 57,6 kv.m, y/s 34 kv.m). İş materiallarına surəti əlavə olunan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İddiaçı ünvanlanmış 22 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, Sizinlə (İddiaçı ilə) Bank "xxxx" ASC arasında bağlanmış 02 iyun 2021-ci il tarixli MİDA- 114/21/016 saylı kredit müqaviləsinə əsasən ünvan 1 (yeni qaydalarla Hövsan qəsəbəsi, Muğan küçəsi, 54, M5, m1) ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün Sizə Fondun vəsaiti hesabına 44.000 manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit üzrə borc qalığı xx.xx.2022-ci il tarixə 43.356,48 manat təşkil edir. Göründüyü kimi, inzibati icraatda araşdırça zamanı İddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mövcudluğu aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1 İddiaçı hazırkı yaşayış yeridir. Diqqət çəkən məqam ondan ibarətdir ki, iddiaçı həmin mənzili hərbi qulluqçu kimi ona verilmiş güzəştli kredit vasitəsilə əldə etmişdir. Bundan başqa, iddia ərizəsində tələbin əsaslandırılmasında məlum olur ki, iddiaçı RİH-də tərxis olunmuş hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini istəyir, lakin işdə olan sənədlərdən müəyyən edilir ki, onun hərbi qulluqçu kimi hərbi xidmət dövrü 15 təqvim ilindən az olmuşdur. Məhkəmənin qənaətinə görə İddiaçı ona yaşayış sahəsi ilə təmin olunma məqsədi ilə Bank "xxxx" ASC tərəfindən verilmiş güzəştli kreditlə yaşayış sahəsi əldə etdiyindən, o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota götürülə bilməz. cavabdeh Xətai RİH-in imtinası qanuna zidd sayıla bilməz. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1631/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1631/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver