Məhkəmə qərarları › İş №2-1(112)-1631/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1631/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1631/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsi) “bağ sahəsinə çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ““Çinar bağçılığın X7” üzvü kimi Bakı şəhər X12 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0,6 ha hissəsinin plan-ölçüsünün tərtib edilərək iddiaçının adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin vaxt siyahıda olan şəxslərin əksəriyyəti erməni və digər millətlərdən olan şəxslər olmuşdur. Bağçılıq yoldaşlığı haqqında təlimata və Nizamnaməyə uyğun olaraq Reyestr Xidmətinin razılığı əsasında Kollektivin yığıncağının qərarı ilə köhnə siyahıda adları qeyd olunan və məlum hadisələrlə əlaqədar olaraq Azərbaycan Respublikasını tərk etmiş şəxslər siyahıdan çıxarılmış və yerinə müəssisədə uzun müddət çalışmış və müxtəlif imtiyazlara malik olan şəxslərlə əvəz olunması qərara alınmışdır. Bundan sonra məhkəmənin tövsiyyəsi ilə "xxxx" ASC-nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyə edilmişdir. Bu tovsiyədən irəli gələrək “Çinar bağçılığın X11” yaradılaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birliyin yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Azərbaycan Respublikasını tərk etdiyi üçün onların əvəzinə "xxxx" ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, “Çinar bağçılığın X11”nin daxili qaydaları və nizamnaməsinə əsasən uzun müddət birliyin ictimai tədbirlərində iştirak etməyən, yığıncaqlara və iclaslara laqeydlik göstərdiyinə görə torpaq sahəsini digər şəxsə vermək səlahiyyəti və hüququ vardır. Yenilənmiş əvvəlki siyahı Əmlak Xidmətləri Məkanına “Çinar bağçılığın X11” tərəfindən təqdim olunmuş və qeyd edilən yenilənmiş siyahıda onun da adı var. “Çinar bağçılığın X7” 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 saylı protokolundan çıxarışa əsasən “102” nömrəli bağ sahəsi ona verilmişdir. Həmin qərar “Çinar bağçılığın X7” “153” nömrəli “bağçının üzvlük kitabçası”nda da öz əksini tapmışdır. Siyahıda olan Birliyin üzvlərinin hər birinə 0,6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölümnüşdür. Bütün üzvlərə bağçının üzvlük kitabçası verilmişdir. Daha sonra isə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0.0562 ha ölçüdə torpaq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb və 100 (bir yüz) nəfərdən çox şəxsə çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri dəfələrlə təqdim etsə də, ona ayrılan və istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə müraciət edərək ona ayrılmış və istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək qeydiyyata alıb çıxarışın verilməsini bildirsə də, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli **********55 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli **********44 nömrəli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilərək bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmadığını nəzərə almağını bildirmişlər. Əvvəlki cavab məktubunda isə göstərilmişdir ki, arxivdə olan siyahıda onun adı aşkar olunmamış, təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Arxivdə olan həmin siyahıda əksəriyyəti digər millətlərdən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və qeydiyyata alınmış “Çinar bağçılığın X11”-nin ümumi iclasının protokolunun qərarı ilə "xxxx" ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir və həmin protokoldan çıxarışın arxivdə olması mümkün deyil. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2021 tarixli **********44 nömrəli məktubunda qeyd edilən məhkəmə mübahisəsi “Çinar bağçılığın X11”nin xeyrinə yekunlaşmışdır. Torpaq Məcəlləsində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). Rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində göstərilir ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır (Maddə 2.2.2). Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (Maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (Maddə 33.2). İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (Maddə 73.1). xx.xx.1971-ci il tarixdən "xxxx" ASC-də işləməyə başlamışdır. Həmin il işə başladıqdan 2 (iki) ay sonra həmin zavodun “qaynaqçı” sexində iş əsnasında xəsarət alaraq 55 % iş qüvvəsini itirmişdir (xəsarət sağ əlinin 4 (dörd) barmağını itirməklə olmuşdur). Bundan əlavə xəsarət aldıqdan sonra işlədiyi müddətin sonunadək zəhərləyici maddələrlə işləmişdir. Buna görə də əmək pensiyasına 5 (beş) il tez çıxmışdır. X1 da onunla birlikdə 1984-cü ildən həmin zavodda çalışmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Kiçik Müəssisəsi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsi) iş üzrə “bağ sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021 və xx.xx.2022-ci tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmayıb. Həmçinin göstərilən ümumi əraziyə dair İdarəyə digər şəxs olan "xxxx" Kiçik Müəssisəsinin müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********44 və xx.xx.2022-ci il tarixli, **********62 nömrəli cavab məktubları ünvanlanmışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ümumi sahəsinin faktiki ölçüsü 0.0562 ha-dır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən Bakı Şəhər X12nin İcraiyyə Komitəsinin 10/369 saylı xx.xx.1989-cu il tarixli “Bakuelektrobıtpribor” İB-nin 200 nəfər əməkdaşına Əzizbəyov rayonu Türkan bağ massivində torpaq sahəsinin ayrılmasına icazə verilməsi barədə qərarı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 1 saylı Bakı şəhər Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş Xəzər rayonu Türkan qəsəbəsində “Bakelektrobıtpribor” İB -nin kollektiv bağçılıq-yoldaşlığına Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxeminə əsasən döngə nöqtələrinin koordinatları:

1. X=429674.7855; Y=4469886.1912;

2. X=429330.8686; Y=4469957.0993;

3. X=429256.4815; Y=4469634.7675;

4. X=429657.6204; Y=4469554.8179. “Çinar” bağçılığın X7 xx.xx.1997-ci il tarixli yığıncağının 5 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri X12 icraiyyə Komitəsinin 22 oktyabr 1989-cu il tarixli 10/369 №-li Qərarına əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində “Bakelektrobıtpribor” ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X9 uzun müddət birliyin ictimai tədbirlərində iştirak etmədiyinə, yığıncaqlara və iclaslara laqeydlik göstərərək gəlmədiyinə, eləcə də birliyin fəaliyyəti ilə heç vaxt maraqlanmadığına görə həmin sahə ondan alınmış və "xxxx" ASC-nin işçisi İddiaçı verilmişdir. Onun bağ sahəsi 102 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562,5 kvadrat metr hesab edilmişdir. 153 saylı bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə yoldaşlıq bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və 5 saylı xx.xx.1997-ci il tarixli protokala əsasən bağ sahəsinin ölçüsü 562,5 kv.m olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 102 saylı bağ B.Ş.X.D.S.İ.K-in 10/369 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş SSRİ-nin 50 illiyi adına Bakı Soyuducular Zavodunun zavod kollektiv bağçılıq birliyinə üzv fəhlə və qulluqçuların xx.xx.1986-cı il tarixə olan siyahısında 153-cü sırada X2 adı qeyd edilmişdir. İddiaçı tərəfindən “Çinar” X4 Birliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində “Bakuelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12,45 ha torpaq sahəsinin bölgü sxemi məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********44 saylı xx.xx.2021-ci il tarixli bildirişdə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmayıb. Bundan əlavə, qeyd olunan bağ sahəsinin yerləşdiyi ümumi əraziyə dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 1143/2021 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********62 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********44 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-Ə-0744-8/2023 **********55 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********44 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin 2-1(112)-103/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Kiçik Müəssisəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi barədə şəxslərin adına reyestrdən çıxarışların verilməsi hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin 2-1(112)-1214/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər X12 icraiyyə Komitəsinin 10/369 №li xx.xx.1989-cu il tarixli qərarına əsasən “Çinar” bağçılığın X7 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li protokolu ilə Babayev X10 ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən faktiki sahəsi 0,0562 ha olan 22 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Babayev X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Babayev X3 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********00 3-21-3- 30/2-31600/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Çinar” (Bakelektrobıtpribor) bağçılıq yoldaşlıq birliyinə aid bölgü sxemi, eləcə də həmin bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 102 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Qeyd edilən torpaq sahəsinə elektron baza məlumatlarında digər şəxslərin müraciəti barədə məlumat aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Çinar” bağçılıq yoldaşlığına aid sənədlərin, həmçinin müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Türkan bağ massivində yerləşən 102 saylı bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,05625 ha, faktiki olaraq 0,0562 ha-dır. Bağ sahəsinin sərhədləri bir tərəfdən mişar daşı ilə hasarlanmışdır. Qalan üç tərəfdən isə döngə nöqtələrinə mişar daşları qoyulmuşdur. Döngə nöqtələrinin araları isə şərtidir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 45727/2023 **********27 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən “Çinar” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bölgü sxemi yoxdur. Həmçinin İddiaçı adına “102” saylı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Həmçinin “Vüqar KM” ilə üstüstə düşmə halı bağçılıq yoldaşlığın bir hissəsinə aiddir. Qeyd olunan koordinatlarla üstüstə düşmə halı yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir).

II. İddianın növü və mümkünlüyü

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədən: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir; 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; 3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş bağ sahəsinə dair iclas protokolundan çıxarış, üzvlük kitabçası mövcuddur. Bağ sahəsi iddiaçının faktiki istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçının qeyd olunan bağ sahəsinə qanuni gözləntisi vardır. Cavabdeh qurum tərəfindən "Çinar” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin xx.xx.1986-cı il tarixə 200 nəfərdən ibarət siyahısı təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş "Çinar” bağçılıq-yoldaşlıq birliyinin arxiv qovluqlarına baxış keçirilmiş, həmin qovluqlarda 1986-cı ilə dair üzvlərin siyahısı mövcud olsa da, sonrakı dövrə dair qalan üzvlərinin siyahısı mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş SSRİ-nin 50 illiyi adına Bakı Soyuducular Zavodunun zavod kollektiv bağçılıq birliyinə üzv fəhlə və qulluqçuların xx.xx.1986-cı il tarixə olan siyahısında 153-cü sırada X2 adı qeyd edilmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən təqdim edilmiş "Çinar” bağçılıq-yoldaşlığın üzvlük kitabçasının və üzvlərin iclasının protokolundan çıxarışın olmasına baxmayaraq, iddiaçının həmin bağçılıq-yoldaşlığın üzvü olmamasına dair cavabdehin dəlilini məhkəmə əsaslı hesab etmir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçı üzərinə düşən sübutetmə yükünü icra etmiş, yəni plan və ölçü sənədini və çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, arxiv qovluğuna əsasən “Çinar” bağçılıq-yoldaşlığına dair qovluğun və üzvlərinin siyahının faktiki olaraq natamam olması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq “Çinar bağçılığın X7” 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 saylı protokolu ilə İddiaçı ayrılmış Bakı şəhəri Türkan qəsəbəsində yerləşən 0,0562 ha (562 kv.m), 102 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla İddiaçı adına çıxarışın verilməsi və plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi təmin edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Çinar bağçılığın X7” 14 yanvar 1997-ci il tarixli yığıncağının 5 saylı protokolu ilə İddiaçı ayrılmış Bakı şəhəri Türkan qəsəbəsində yerləşən 0,0562 ha (562 kv.m), 102 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla İddiaçı adına çıxarışın verilməsi və plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar