Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1633/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X3 tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxslər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “X7” aviaşirkəti) “2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi və onun 2016cı il ərzində ödənilmiş sosial sığorta haqlarının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdehlər sırasından çıxarılmış, iddia tələbi “İddiaçı 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin” məzmununda dəqiqləşdirilmiş, iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və “X7” aviaşirkəti iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixində yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası sığorta kapitalı əsasında hesablandığı üçün sığorta kapitalının fərdi şəxsi hesabında natamam əks etdirilməsi nəticəsində pensiya təminatı hüququ pozulmuşdur. Belə ki, fərdi şəxsi hesabında 2016-cı il üzrə ödənilmiş sosial sığorta haqlarının əks olunmasının təmin edilməməsi nəticəsində 2018-ci ildən hal hazıradək keçən müddət ərzində öz əməyi nəticəsində qazandığı və almalı olduğu pensiyanın məbləği ödənilməli olan məbləğdən az hesablanmışdır. Səbəbi isə 2016-cı ildə faktiki ödənilmiş sosial sığorta haqlarının fərdi şəxsi hesabında qeydə alınmamasıdır. O, 2016-cı ildə əmək fəaliyyətinə davam etdiyi halda, əmək haqqı aldığı halda, həmin əmək haqqından sosial sığorta haqlarının faktiki ödənilməsi baş verdiyi halda, fərdi şəxsi hesabında pulu qeydə alınmamışdır. Buna səbəb işəgötürən tərəfindən təqdim edilən 2016-cı il üzrə illik hesabatda onun adının hansısa səbəbdən texniki xəta nəticəsində göstərilməməsidir. Lakin işəgötürən tərəfindən faktiki olaraq həmin sosial sığorta haqlarının tam həcmdə ödənilməsi icra edilmişdir. Bununla bağlı müvafiq rüblük hesabatlar sosial sığorta elektron məlumat sistemində mövcuddur. İşçilərin sayına mütənasib şəkildə işəgötürən tərəfindən faktiki ödənilməli olan sosial sığorta haqlarının məbləği tam həcmdə ödənilmişdir. Lakin işəgötürən tərəfindən 2016-ci ildə verilən illik hesabatda onun adının hansısa texniki xəta səbəbindən göstərilməməsi nəticəsində və məsul şəxslər tərəfindən bu faktın həmin vaxt illik hesabat təqdim edilən dövrdə yoxlanılmaması səbəbindən onun pensiya təminatı hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı 26 aprel 2024-cü il tarixdə cavabdehə müraciət edərək, əmək pensiyasının təyin olunduğu gündən sonra 6 il işlədiyini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanmış, pensiya məbləği 508,52 manatdan 935,64 manata qalxmışdır. İddiaçı 2016cı il ərzində ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin qeydə alınmadığından həmin ödənişlərin qeydə alınmasını və əmək pensiyasının yenidən hesablanma öhdəliyinin cavabdehlərə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" MMC-nin (SUN:**********8) 2016-cı il üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatında iddiaçının məlumatları qeyd edilməmişdir. "xxxx" MMC sonuncu dəfə 22 aprel 2022-ci il tarixdə **********1 nömrə ilə qeydiyyata alınmış məktubla Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filiala müraciət edərək iddiaçının əmək haqqı barədə məlumatlarının səhvən İddiaçı Şərabəddin oğlunun (SSN: **********333) fərdi şəxsi hesabında əks olunduğunu bildirmişdir. "xxxx" MMC təqdim edilmiş sənədlər əsasında qeyd olunan məsələnin həll edilməsini xahiş etmişdir. Filial tərəfindən 25 aprel 2022-ci il tarixli **********5 nömrəli məktubla "xxxx" MMC-nin müraciətinə cavab olaraq 2016-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunanlar İddiaçı Şərabəddin oğlunun və İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə olan məlumatlarında düzəlişlər edilməsi üçün araşdırılması tələb olunan əlavə sənədlər (həmin sığortaolunanların “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarının (06) (Forma B3), əmək müqavilələrinin, əmək haqqı kartından bank çıxarışlarının, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin və İddiaçı əmək kitabçasının təsdiq olunmuş surətləri) tam olmadığından məlumatların araşdırılmasının mümkün olmadığı bildirilmişdir. MEİS-in “Sığorta” (Hesabat) altsistemində "xxxx" MMC-nin 2016-cı il üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatında iddiaçının məlumatlarında düzəlişlər edilməsi üçün tələb olunan lazımi sənədlərin təqdim edilməsi ilə bağlı Filial tərəfindən xx.xx.2020-ci il, xx.xx.2021 -ci il və xx.xx.2022-ci il tarixli məktublarla "xxxx" MMC-yə izahat verilməsinə baxmayaraq cari tarixədək müvafiq sənədlər tam olaraq təqdim olunmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC tərəfindən 2016-cı il üzrə tələb edilən sənədlər təqdim edilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün deyildir. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçıya aid hesabatlar vətəndaşın adı səhv yazılmaqla təqdim edilmişdir. Tərəflərindən "xxxx" MMC-yə düzəliş edilməsi ilə bağlı dəfələrlə müraciətlər olunmuş, lakin müvafiq düzəlişlər aparılsa da bununla bağlı zəruri sənədlər tam şəkildə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmamışdır. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək Orconikidze rayon daxili işlər şöbəsi nəzdində İdarədənkənar mühafizə şöbəsində 3-cü qrup nəzarətçi işləmiş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1982-ci il tarixdə Bakı şəhəri Orconikidze rayonu Daxili İşlər şöbəsi yanında İdarədənkənar mühafizə şöbəsinə Baş texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1983cü il tarixdə 3-cü dərəcəli radioquraşdırıcı qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə 4-cü dərəcə verilmişdir, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə iddiaçı Orconikidze rayonu Daxili İşlər şöbəsi yanında İdarədənkənar mühafizə şöbəsinə 4-cü dərəcə ilə mühafizə-yanğın siqnalizasiyasının elektromontyoru təyin edilmişdir. xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə Bakı aeroportu MA Aviasiya-texniki bazanın 2 nömrəli sexinə 3-cü dərəcə ilə mexanik qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə Bakı aeroportunun yenidən təşkili ilə əlaqədar olaraq, “AZALtrans” Bakı nəqliyyat aviaşirkətinə həmin vəzifəyə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə yenidən təşkil olunması ilə əlaqədar olaraq, “AZALtrans” Bakı nəqliyyat aviaşirkətinin adı dəyişdirilərək, “Azərbaycan Hava Yolları” BTA olmuşdur. xx.xx.1992-ci il tarixdə iddiaçı 3cü sinif 4-cü dərəcə ilə aviatexnik vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə ЯК-40 təyyarəsinin texniki reqlamentinin reqlament işlərinin operativ növləri üzrə sərbəst texniki xidmət göstərməyə buraxılmışdır. xx.xx.1993-cü il tarixdə АН-26 “Б” təyyarəsinin etalon texniki reqlamentinin reqlament işlərinin operativ növləri üzrə sərbəst texniki xidmət göstərməyə buraxılmışdır. xx.xx.1993-cü il tarixdə АН-32 “Б” təyyarəsinin aviasiya və radioelektron avadanlıqlarına bütün növ reqlament işləri üzrə sərbəst texniki xidmət göstərməyə buraxılmışdır. xx.xx.1994-cü il tarixdə əməyin ödənilməsinin yeni şərtlərinə keçmə ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 205 nömrəli qərarına əsasən, ETC üzrə v/p verilmişdir. xx.xx.1996-cı il tarixdə aviatexnikə 5-ci dərəcənin 2-ci sinfi verilmişdir. ETC üzrə İİİ dərəcə. xx.xx.1997-ci il tarixdə “Azalavia” BNA-nın yenidən təşkili ilə əlaqədar “AZAL” aviaşirkətinin aviatexniki hesab edilmişdir. xx.xx.1998-ci il tarixdə Aviasiya və radioelektron avadanlıqları üzrə 2-ci sinif 5-ci dərəcə aviatexnik vəzifəsində hesab edilmişdir. xx.xx.1999-cu il tarixdə aviasiya və radioelektron avadanlıqları üzrə texniki xidmətin operativ formaları üzrə 2-ci sinif 2-ci dərəcə aviatexnik vəzifəsinə qəbul edilmiş, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2008-ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığından əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2008ci il tarixdə “X8” MMC-yə aviatexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığından əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-yə 3-cü kateqoriya mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-nin "X8" filialına mühəndis vəzifəsinə qəbul edilmiş, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2019-cu il tarixdə texniki nəzarət şöbəsinin Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" MMC-nin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu İri sığortaedilənlərə İş idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən "Silk Way Aviaşirkəti” MMC-nin əməkdaşı İddiaçı (SSN **********393) əmək haqqı barədə məlumatı səhvən İddiaçı Şərəbəddin oğlunun (SSN **********333) sığortaedənin uçot nömrəsində əks olunmuşdur. Bununla Elektron informasiya sistemində məktubda qeyd olunan əməkdaşların hər ikisində 2016-cı il üzrə əmək haqqı barədə məlumatlarında düzəliş edilməsi xahiş olunmuşdur: - İddiaçı (SSN **********393) -2016-cı il üzrə əmək haqqı 12775,84 manat (On iki min yeddi yüz yetmiş beş manat 84 qəp.) təşkil edir -İddiaçı Şərəbəddin oğlunun (SSN **********333) -2016-cı il üzrə əmək haqqı 19694,11 manat (On doqquz min altı yüz doxsan dörd manat 11 qəp.) təşkil edir "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı (sosial sığorta nömrəsi **********393) 2016-cı ilin əmək haqqının aylar üzrə məbləği cəmi 12 775,84 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Şərəbəddin oğlunun (sosial sığorta nömrəsi **********333) 2016-cı ilin əmək haqqının aylar üzrə məbləği cəmi 19 694,11 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən iddiaçının 2016-cı il üzrə əmək haqqı cədvəli və əmək haqqısından 2016-cı il üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat (cədvəl şəklində) məhkəməyə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunda göstərilir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1.). Fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır (1.0.7.). Fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (1.0.8.). Fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır (1.0.9.). Pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (1.0.10. ). Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (1.0.15.). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). “Sosial Sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İşdən göründüyü kimi iddiaçı xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışır. Ona 2018-ci ildə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçıya əmək pensiyası təyin edilərkən onun 2016-cı il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmamış, bu isə onun əmək pensiyasına təsir göstərərək, pensiya məbləğinin azalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-də 2016-cı ildə İddiaçı adlı 2 əməkdaş çalışmışdır. Bunlardan biri hazırkı iş üzrə iddiaçı, digər əməkdaş isə İddiaçı Şərəbəddin oğlu olmuşdur. İddiaçının sosial sığorta nömrəsi **********333, İddiaçı Şərəbəddin oğlunun sosial sığorta nömrəsi isə **********393 olmuşdur. Həmin iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilmiş məlumatlarda səhvə yol verilmiş, iddiaçıya aid olan əmək haqqı məlumatları səhvən İddiaçı Şərəbəddin oğluna aid edilmişdir. Bu səbəbdən iddiaçının 2016-cı il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları ona pensiya təyin edilərkən nəzərə alınmamışdır. İddiaçının müraciətinə əsasən bununla bağlı məlumatlar "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının 2016-cı il üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə ödəmələri ona pensiya təyini zamanı nəzərə alınmamış, bu isə iddiaçının pensiya hüququnun pozulması ilə nəticələnmişdir. Bu səbəbdən iddia təmin edilməli iddiaçının 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2016-cı il ərzində ödənilmiş sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində almadığı pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1633/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1633/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver