Məhkəmə qərarları › İş №2-1(112)-1635/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1635/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1635/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı(Biləsuvar rayonunda qeydiyyatdadır, peşəsi traktorçu, işləmir), cavabdehin nümayəndəsi X1(Bakı şəhərində qeydiyyatdadır, DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının Sovet Ordusunda hərbi xidmətini, texniki peşə təhsili dövrünü, əmək kitabçasındakı stajını və 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982, 1985-1986-cı illərdə “Nizami” adına kolxozda, 1986-1996-cı illərdə Azadlıq kolxozunda işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, 1972-1975-cı illərdə Prişib 108 nömrəli orta texniki peşə məktəbində təhsl almış, 1975- 1976-cı illərə Sovet Ordusunda qulluq etmiş, 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrlər əmək kitabçasına qeyd olunmuşdur. Lakin 1975-1976, 1985, 1986-1996-cı illərdə Kirov, Nizami, Azadlıq kolxozlarında, 1986-1989-cu illərdə Nizami adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı bildirir ki, ümumi iş stajı 30 ildən çoxdur. Hazırda işləyir və 65 yaşı tamam olduğuna əsasən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. 17.01.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə DSMF publik hüquqi şəxsinin 9 saylı regional ərazi fililaına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22.06.2021-ci il tarixli cavab məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, İddiaçı cavabdehə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdehin 22.06.2021-ci il tarixli **********8 nömrəli məktubuna əsasən ******* nömrəli əmək kitabçasına, ******* nömrəli hərbi biletə və 537512 nömrəli əyani təhsil diplomuna əsasən iddiaçının ümumi sosial sığorta stajı 13 il 5 ay və eyni zamanda fərdi hesabda qeydə alınmış pensiya kapitalı 10187.04 manat təşkil edir. Belə olan halda, İddiaçı ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri" adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayararaq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda is müddəti sosial sığorta stajına daxil edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Belə ki, İddiaçı 1975-ci il tarixdən 1976-cı il tarixədək “Kirov” adına kolxozda, 1982-ci il, 1985-ci il tarixdən 1986-cı il tarixədək “Nizami” adına kolxozda, 1986-cı il tarixdən 1996-cı il tarixədək “Azadlıq” adına kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın -minirnum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X2 iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddiaçının stajı, pensiya kapitalının çatmadığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 22.07.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ИT- İ ******* saylı əmək kitabçasının, 537512 saylı diplomun və H3 ******* saylı hərbi biletin surətinə əsasən iddiaçının ümumi sığorta stajı 13 il 5 ay olmaqla tələb olunan(15 ildən) müddətdən azdır. Eyni zamanda fərdi hesabda qeydə alınmış pensiya kapitalı 10187,04 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu əsaslara görə yaşa görə əmək pensyasının təyin olunması qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır. Həmçinin iddiaçıya 17.01.2021-ci ildən yaşa görə müavinət təyin edilmişdir. Biləsuvar rayon Dövlət Arxivinin 31.08.2020-ci il tarixli, 170A nömrəli arxiv arayışına əsasən Çinarlı kənd sakini İddiaçı 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982-ci il, 1985-1986-cı illərdə “Nizami” adına kolxozda, 1986-1996-cı illər ərzində “Azadlıq” adına kolxozda işlədiyi aşağıdakı qaydada təsdiq edilir: 1975-ci ildə 103 gün, 1976-ci ildə 0 gün, 1982-ci ildə 13 gün, 1985-ci ildə 18 gün, 1986-ci ildə (6+ 191)197 gün, 1987-ci ildə 212 gün, 1988-ci ildə 192 gün, 1989-cu ildə 184 gün, 1990-ci ildə 331 gün, 1991-ci ildə 272 gün, 1992-ci ildə 309 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 272 gün, 1995-ci ildə 244 gün, 1996-ci ildə 201 gün ictimai təsərrüfatda adam günü iştirakı olmuşdur. Biləsuvar rayon Dövlət Arxivinin 31.08.2020-ci il tarixli, 170B nömrəli arxiv arayışına əsasən, Çinarlı kənd sakini İddiaçı 1986-1987-1988-1989-cu illərdə adam gününün az olması kolxozun texnika parkı müstəqil texnika birliyi olmuş, əmək haqqını texnika parkından alındığından, kolxozdan yalnız 6 aylıq müddətə buğda bülgüsü aparıldığı üçün 6 aylıq adam günü hesablanması Nizami adına kolxozun son hesab kitabında aparılmışdır.Göstərilən illərə adam gününün az olması Nizami adına kolxozun texnika birliyin arxiv sənədlərin Arxivə təhvil verilməməsinə görə tam stajı yuxarıda göstərilən illərə adam günlərinin tam şəkildə vermək mümkün olmadı. Məhkəmənin sorğusuna əsasən, Biləsuvar rayon Dövlət Arxiv İdarəsi tərəfindən İddiaçı kolxozlarda işlədiyi dövrə aid arxivdə saxlanılan sənədlərin surətləri təqdim edilişdir. Biləsuvar rayon Dövlət Arxivinin 46 nömrəli, 25 fevral 2022-ci il tarixli məktubunda məhkəmənin sorğusuna əsasən bildirilmişdir ki, İddiaçı işlədiyi kolxozlarda kişilər üçün adam günü norması 250 gün nəzərdə tutulmuşdur. ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 28 may 1976-cı il tarixdən 21 iyun 1978-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. 537512 nömrəli diploma əsasən iddiaçı 1972-1975-ci illər ərzində Prişib 108 nömrəli orta texniki peşə məktəbində çilingər peşəli geniş ixtisaslı traktorçu maşınist üzrə təhsil almışdır. İddiaçının ИТ- İ № ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı 08 il 10 ay 11 gün gündür. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinasında və iddia ərizəsinə təqdim etdiyi etirazında, iddiaçının 1975-1976-cı illərdə Kirov adına kolxozda, 1982, 1985-1986-cı illərdə Nizami adına kolxozda, 1986-1996-cı illərdə Azadlıq kolxozunda işlədiyi dövrlərin əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün əmək pensiyası təyin edilməsi üçün ümumi stajına daxil etməmişdir. Halbuki, işin faktiki hallarına əsasən iddiaçı Biləsuvar rayon ərazisində mövcud olmuş Kirov, Nizami və Azadlıq adına kolxozlarda işləmişdir. İddiaçının kolxozlarda 1975-ci ildən 1996-ci ilədək işləməsi Dövlət arxivində saxlanılan sənədlərlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.(4.1) Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosialhüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. İş materiallarında olan Dövlət arxiv arayışları mötəbər sənədlər olmaqla iddiaçnın kolxozlarda işlədiyi əmək stajını təsdiq edir. Cavabdeh tərəfindən həmin arxiv arayışlarının saxta olması, onda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Vətəndaşların sosial təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının 1975-ci ildən 1976-ci ilədək Kirov adına kolxozda, 1982-ci il, 1985-ci il tarixdən 1986-ci il tarixədək Nizami adına kolxozda, 1986-ci il tarixdən 1996-ci ilədək Azadlıq adına kolxozda işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarında toplanılmış sənədlər əsasında iddiaçının kolxoz stajının aşagıdakı qaydada müəyyən edilməsini mümkün hesab edir. Yəni iddiaçının kolxozda iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla hesablanmalıdır, (1975-ci ildə 103 gün, 1976-ci ildə 0 gün, 1982-ci ildə 13 gün, 1985-ci ildə 18 gün, 1986-ci ildə (6+ 191)197 gün, 1987-ci ildə 212 gün, 1988ci ildə 192 gün, 1989-cu ildə 184 gün, 1990-ci ildə 331 gün, 1991-ci ildə 272 gün, 1992-ci ildə 309 gün, 1993-cü ildə 296 gün, 1994-cü ildə 272 gün, 1995-ci ildə 244 gün, 1996-ci ildə 201 gün) cəmi 2845 adam günü : 250 adam günü norması = 11 il 03 ay 08 gün ) Beləliklə iddiaçının əmək kitabçası(08 il 10 ay 11 gün), Biləsuvar rayon Dövlət Arxivinin təqdim etdiyi arayışları(11 il 03 ay 08 gün), əyani təhsil (2 il 11 ay 19 gün)və həqiqi hərbi xidməti (2 il 11 ay19 gün) müddətləri nəzərə alınmaqla ümumi iş stajı cəmi 25 il 01 ay 27 gün təşkil edir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən çox iş stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının Sovet Ordusundakı hərbi xidməti, texniki peşə təhsil dövrü, əmək kitapçasındakı stajını və 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982, 1985- 1986-cı illərdə “Nizami” adına kolxozda, 1986-1996-cı illərdə Azadlıq kolxozunda işlədiyi dövrlərin sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sovet Ordusunda hərbi xidmətini, texniki peşə təhsili dövrünü, əmək kitabçasındakı stajını və 1975-1976-cı illərdə “Kirov” adına kolxozda, 1982, 1985-1986-cı illərdə “Nizami” adına kolxozda, 1986-1996-cı illərdə Azadlıq kolxozunda işlədiyi dövrlərin sığorta sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (sosial ödənişlərin təyinati üzrə mərkəzi filialına) həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar