Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1636/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı 10 may 2023-cü il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 9 iyun 2023-cü il tarixli məktubla ona pensiyanın təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İddiaçı 31 dekabr 1978-ci il tarixdən bu günədək ayrı-ayrı müəssisələrdə 35 ildən artıq işləmişdir. 6 yanvar 2010-cu il tarixdə "xxxx" TASC-nin xüsusilə zərərli və ağır sahə olan “Dəmirçi, termiki emal və qazan-qaynaq” sexinə zərərli və isti iş şəraitində işləyən “pəstah təmizləyən” peşəsinə işə qəbul olunmuşdur. O, 16 mart 2011-ci il tarixdən bu günədək əvvəl “Tökmə” sexində, sonra isə “Tökmə və termiki emal” sexində zərərli iş şəraitində “tökməni əl və ya sumbata ilə təmizləyən” peşəsində işləmişdir. Cavabdeh qurum imtina məktubunda iddiaçının 6 yanvar 2010-cu il tarixdən 16 mart 2011-ci il tarixədək “pəstah təmizləyən” peşəsində işlədiyi müddəti nəzərə almadan 11 il, 2 ay, 19 gün güzəştli iş stajının olduğunu qeyd etmişdir. Halbuki, həmin dövrdə işlədiyi “Dəmirçi, termiki emal və qazan-qaynaq” sexində bütün peşələrdə işləyənlər (fəhlələr, mütəxəssislər və s.) sex xüsusilə ağır və zərərli olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verən iş şəraitində işləmişdir. Həmin sexdə termiki peçlərdən çıxmış isti pəstahı, metalı sumbata və ya əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) təmizləyən təmizləyicilər güzəştli şərtlərlə pensiya hüququ verən peşələr hesab olunur. Yəni, isti metalın nə ilə təmizləməsindən asılı olmayaraq həmin peşə zərərli hesab edilir. Təmizləyicilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci bölmə Metal emalı, Tökmə istehsalı 11.1-ci hissəsinin “a” bəndində, 11.5-ci hissəsinin Metal email üzrə sair peşələr “a” bəndində, 35-ci bölmə Ümumi peşələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Çünki, işçinin işlədiyi peşənin, sex və sahənin ağır və zərərli olmasını peşənin spesifik xüsusiyyətlərini iş yerinin rəhbərliyi bilir. İşlədiyi müəssisə onun işlədiyi sahənin, peşənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olması barədə “İzahlı arayış”ı təqdim etmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən təmizləyici peşəsində zərərli və ağır iş şəraitində 60 yaşı tamam olanadək 13 il, 3 ay, 8 gün işləmiş və həmin peşədə işləməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd olunur ki, qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə və ya güzəştli şərtlərə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahəsinin spesifik xüsusiyyətləri ilə izah olunur. Bu şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyət müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 32-ci maddələrinə, İPM-in 2, 34, 67 və 73-cü maddələrinə əsaslanaraq, İddiaçı 10 may 2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 avqust 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı 12 may 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 20 aprel 2023-cü il tarixli KŞ-10-04 nömrəli arayışında şəxsin həmin müəssisədə 6 yanvar 2010-cu il tarixdən 15 mart 2011-ci il tarixədək olan dövr ərzində “pəstah təmizləyən” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin bu vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısında öz əksini tapmadığından, ona yaşa görə pensiya təyin etmək mümkün olmamışdır. Beləliklə, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az olmuşdur. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 19 gün (16 mart 2011-ci il tarixdən 16 avqust 2015-ci il tarixədək, 1 may 2016-cı il tarixdən 31 avqust 2020-ci il tarixədək, 1 oktyabr 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövrlər) təşkil edir. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan sosial sığorta haqları 2015-ci il üzrə 4 ay, 2016-cı il üzrə 4 ay, 2020-ci il üzrə 1 ay onun fərdi hesabının sığorta hissəsində (ümumilikdə 9 ay) öz əksini tapmamışdır. Bu səbəbdən qeyd edilən ayları onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab olunur ki, imtina qanunidir və iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Metal emalı” (11) bölməsinin “Tökmə istehsalı” (11.1) bəndinin fəhlələr yarımbəndində tökməni sumbata və əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) düzəltməklə məşğul olan təmizləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi pəstah təmizləyən vəzifəsi yuxarıda göstərilən tökməni sumbata və əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) düzəltməklə məşğul olan təmizləyicilər vəzifəsinə uyğun deyil. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifə ilə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 27.1, 29.1-1-ci maddələrinə, İPM-in 47-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə etdiyini bildirdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il tarixdə doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan iddaçı İddiaçı məxsus olan APM seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 31 dekabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hazırkı dövrədək müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayış, həmçinin KŞ seriaylı 10-04 saylı 20 aprel 2023-cü il tarixli arayışdan qeyd olunmuşdur ki, termiki emal sexində “pəstah təmizləyən” tökməni əllə və sumbata (çəkiclə, qələmlə, pnevmoalətlə) düzəltməklə məşğul olan İddiaçı 6 yanvar 2010-cu il tarixdə işə qəbul edilmiş (əmr № 14/K) və hazırkı vaxtadək həmin müəssisədə işləyir. İşlədiyi vəzifələr üzrə iş stajı 13 il, 3 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri “pəstah təmizləyən” peşəsi tökməni əlləvə sumbata (çəkiclə, qələmlə, pnevmoalətlə) düzəltməklə məşğul olan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təqsdiq edilmiş siyahının Xİ bölmə, İ hissə, “a” bəndində göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sosial sığorta məlumatlarını özündə ehtiva edən məlumat cədvəlindən görünür ki, 2006-cı ilin yanvar ayından 2023-cü il sentyabr ayınadək İddiaçı işlədiyi "xxxx" TASC-də işlədiyi müddət ərzində 68.089,47 manat ümumi gəlir əsasında dövlət büdcəsinə 14.847,56 manat ödənilmiş sosial sığrta haqları üzrə 18,288,08 manat məbləğində pensiya kapitalı hesablanmışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 10 may 1962-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasında və arayışda qeyd olunanlarda onun 31 dekabr 1978-ci il tarixdən əmək fəaliyyətinə başladığı, 25 oktyabr 1981-ci il tarixdən 1 dekabr 1983-cü il tarixədək hərbi xidmət keçdiyi, 11 iyun 1985-ci il tarixdən bugünədək əmək fəaliyyətini davam etdirdiyi təsdiq edilir. İddiaçı «Əmək pensiyaları haqqqında» Qanunun 9-cu maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə quruma təqdim edilmiş "xxxx" MMC-nin KŞ seriaylı 10-04 saylı 20 aprel 2023-cü il tarixli arayışda iddiaçının 6 yanvar 2010-cu il tarixdən 16 mart 2011-ci il tarixədək “pəstah təmizləyən” peşəsində işlədiyi müəyyən edilmişdir və həmin vəzifə tökməni əllə və sumbata (çəkiclə, qələmlə, pnevmoalətlə) düzəltməklə məşğul olan təmizləyicilər vəzifəsinə uyğun deyil. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan sosial sığorta haqları 2015-ci il 04 ay, 2016-cı il 04 ay, 2020ci il 01 ay üzrə fərdi hesabının sığorta hissəsində (ümumilikdə 09 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına ail edilmədiyi üçün yuxarıda qeyd olunan ayları iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajının 11 il, 02 ay, 19 gün (16 mart 2011-ci il tarixdən 31 avqust 2015-ci il tarixədək, 1 may 2016-cı il tarixdən 31 avqust 2020-ci il tarixədək, 1 oktyabr 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövrlər), yəni 12 il 6 aydan az təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Nəsimi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının “11.Metal emalı” bölməsinin “11.1.Tökmə istehsalı” bəndində (“a” yarımbəndində) tökməni sumbata və əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) düzəltməklə məşğul olan təmizləyicilər nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə ilk növbədə növbədə qeyd edir ki, iddiaçının 25 il sığorta stajı toplaması hazırkı işin mübahisələndirilməyən hallarına aiddir. Lakin nəzərə alınmalıdır ki, həm «Əmək pensiyaları haqqında» Qanunun müddəaları kişilərə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini azı 25 il sığorta stajı (ümumi iş stajı) və həmin müddətin daxilində və ya ondan əlavə 12 il 6 aydan artıq güzəştli pensiya hüququ verən işlərdə iş stajı ilə şərtləndirir. Məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il taroxədək qüvvədə olan tələbləri, eləcə də həmin Qanunun 9.8-ci maddəsinin tələbləri baxımından qiymət verilməsinə zərurət qalmır. Hazırkı işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə 25 il sığorta stajı ilə bağlı şərt ödənilsə də, onun güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı 12 il 6 ay həddində toplanmamışdır. Əmək kitaçasına əsasən onun 6 yanvar 2010-cu il tarixdən 15 mart 2022-ci il tarixədək (1 il 2 ay 9 gün) müddətdə işlədiyi “pəstah təmizləyən” peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Həmin Siyahıda nəzərdə tutulan müvafiq işlərdə onun stajı isə, ümumilikdə 11 il, 02 ay, 19 gün (16 mart 2011-ci il tarixdən 31 avqust 2015-ci il tarixədək, 1 may 2016-cı il tarixdən 31 avqust 2020-ci il tarixədək, 1 oktyabr 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövrlər) təşkil edir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçının tələbi əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1636/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1636/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver