Məhkəmə qərarları › İş №2-1(112)-1637/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1637/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1637/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması və kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ("xxxx") MMC-yə 600 kv.m. torpaq sahəsinin əvəzinin MMC-nin daimi istifadəsi üçün ayrılması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin, 214.000 manat kompensasiyasının ödənilməsi vəzifəsinin isə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmişdə "xxxx" kiçik müəssisəsi, sonradan MMC-yə çevrilmiş və hazırda adı dəyişdirilərək İddiaçı X4 və təchizatı üzrə İstehsalat Birliyinin təsisçilərindən biri olmuşdur. İstehsalat Birliyi ünvan 1 ünvanda yerləşmişdir. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə "xxxx" kiçik müəssisəsi İstehsalat Birliyinin tərkibindən ayrılaraq müstəqil hüquqi şəxsə çevrilmişdir. Həmin sərəncamla Birliyin ərazisindən göstərilən ünvanda 600 kv.m. torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Bu müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilərək, dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müəssisə beton istehsalı və satışı ilə məxsus olmuşdur. Ərazidə onun tikililəri və qurğuları olmuşdur. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramına dair” Prezidentin 2011-ci il 04 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin yerləşdiyi ərazi daxil olmaqla Bakı Beynəlxalq Dəniz Vağzalından başlayaraq, Nobel prospekti boyunca Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək ərazidə yerləşən yeni bulvar və avtomobil yolunun tikintisilə əlaqədar oradakı müəssisə və obyektlərin qanunla müəyyən edilmiş qaydada köçürülərək sökülməsi cavabdehə tapşırılmışdır. Köçürülən hüquqi və fiziki şəxslərə kompensasiyanın ödənilməsi Maliyyə Nazirliyinə aid edilmişdir. Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanunun, habelə Azərbaycan Respublikası MM-in 157.9-cu maddəsinin tələblərinə əməl etmədən söküntü işlərini aparmış, zərərin əvəzini ödəməmiş, torpaq sahəsinin əvəzini verməmişdir. Əmlak məsələləri Dövlət Xidmətinin (keçmiş Komitəsi) özü İddiaçı ("xxxx") MMC-nin istifadəsində olmuş tikililərin bazar qiymətini, hər kv.m. üçün 1500 manat hesabı ilə 214.000 manat müəyyən etmişdir. Xətai Rayon İcra Hakimiyyəti istifadədə olmuş 600 kv.m. torpaq sahəsinin əvəzini ayırmaqdan və sökülmüş tikililərin kompensasiyasını ödəməkdən imtina etmişdir. Odur ki, kompensasiya ödənilməli, müvafiq torpaq sahəsi daimi istifadə üçün ayrılmalıdır. 2021-ci il aprelin 07-də Bakı Şəhər İcra Hakimiyyətinə bu məqsədlə müvafiq müraciət edilmişdir. Lakin cavabdeh iddiaçının müraciətinə cavab verməkdən və onu təmin etməkdən boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1637/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, İddiaçı MMC-nin 600 kv.m torpaq sahəsinin əvəzinin MMC-nin daimi istifadəsi üçün ayrılması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin, 214.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin isə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq X2 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınmış yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən və yuxarıda adlan qeyd olunan müəssisə və obyektlərin köçürülməsi işinin “müvafiq tapşırıqlar” əsasında Azərbaycan Respublikası ƏMDK-si tərəfindən həyala keçirildiyi 2014-cü ilin sonlarında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuş ilkin sənədlər və məlumatlar araşdırılması və vəsait ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmənin həyata keçirilməsi Xətai rayon İcra Hakimiyyəti nəzdində yaradılmış komissiyaya həvalə edilmişdir. İddiaçı ("xxxx") MMC iddia ərizəsində 600 kv.m torpaq sahəsinin əvəzinin MMC-nin daimi istifadəsi üçün ayrılması vəzifəsini BŞİH-nin. 214.000 manat kompensasiyasının ödənilməsi vəzifəsi isə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasını tələb etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Xətai Rayon İcra Hakimiyyəti büdcə təşkilatı olduğuna görə kompensasiyanın ödəməsi səlahiyyəti və imkanları xaricindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DVX Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən qurumun əvvəlki adı "xxxx" MMC, qurumun hazırkı adı İddiaçı MMC, qeydiyyata alındığı tarix xx.xx.2001-ci il, hazırkı ünvanı ünvan 3məd Hadi küçəsi, ev 136, giriş “J”, mənzil 1-dir. İş materiallarına əlavə edilmiş X4 və İxracı üzrə X1 Təmir Tikinti İdarəsinin xx.xx.1992-ci il tarixli 14 nömrəli əmrinə əsasən İdarənin balansında olan 1300 m2 sahədən 600 m2 istifadə olunmayan sahə və işlənmiş balans dəyəri 2210 manat olan qaraj birlik tərəfindən təsis olunmuş "xxxx" kiçik müəssisəsinə verilmişdir (ünvan: 7-ci Qaraşəhər küçəsi 2). İş materiallarına əlavə edilmiş İTTİ-nin baş mühəndisi, İTTİ-nin mühasibi, iş ustası və M.Q.İ.İ.U.İ.B-nin nəzdində təşkil edilmiş "xxxx" kiçik müəssisəsinin direktoru tərəfindən tərtib və imzaları ilə təsdiq edilmiş xx.xx.1992-ci il tarixli aktda qeyd olunmuşdur ki, birliyin 18 fevral 1992-ci il tarixi 01-15 №-li əmrinə əsasən İTTİ-nin balansında olan 1300 m2 sahədən 600 m2 və bir ədəd dəyəri 2210 manat olan dəmir qarajı "xxxx" kiçik müəssisəsinin balansına (ünvan: 7-ci Qaraşəhər küçəsi 2) verilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 585 nömrəli sərəncamına əsasən maye qazın istehsalat və təchizi üzrə istehsalat birliyi "xxxx" kiçik müəssisəsinin təsisçilik üzvlüyündən azad edilməsi, "xxxx" kiçik müəssisəsinin müstəqil fəaliyyət göstərilməsinə icazə verilməsi (ünvan: 7-ci Qaraşəhər küçəsi 36, 600 kv.m torpaq sahəsi) qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, DX-03/01-03-391- 2202 nömrəli məktubunda bildirilmişdir ki, sizin adınızdan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə Bakı Beynəlxalq X2 prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsi altına düşən obyektlərin sökülməsi ilə əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kompensasiyasının ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 15 aprel 2019-cu il tarixdə daxil olmuş müraciətə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Bildirilir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə digər obyektlərlə bərabər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adının qeyd olunduğu siyahı kompensasiya ödənilməsi üçün Maliyyə Nazirliyinə göndərilmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan torpaq sahəsi və tikililərə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcud olmadığı üçün kompensasiya hesablanması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin istifadəsində olmuş Bakı şəhəri, Nobel prospektində yerləşən torpaq sahəsinin alındığını nəzərə alaraq əvəzində digər torpaq sahəsinin ayrılması məsələsinə köməklik göstərilməsi barədə 11 aprel 2019cu il tarixli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ərizənizdə qeyd edilən ərazidə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən söküntü işləri aparılmadığından məsələ ilə bağlı aidiyyəti üzrə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1164 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH-ti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Xətai Rayon İH-ti tərəfindən yaradılmış komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m qiyməti 1000 manat, köməkçi sahəsinin 1 kv.m 750 manat, həyətdə aparılan əlavə (yardımçı) tikililərin isə 1 kv.m 50-350 manat və həmin ərazidə yerləşən qeyri-yaşayış səhələrinin (obyektlərinin) 1 kv.m isə 300 manat olduğu "xxxx" Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən müraciətimiz əsasında müəyyən edilmişdir. Məktubda qeyd edilən "xxxx" MMC-yə aid torpaq sahəsi və tikililərə dair söküntüköçürülmə işlərinin aparılıb-aparılmaması, müvafiq kompensasiyanın hesablanmasıhesablanmaması ilə bağlı hər hansısa məlumat aşkarlanmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-255/17 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-3130/17 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işlərinin aparılmasına dair məlumatın aşkar edilməsi mümkün olmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi qərara alınmışdır. İddiaçı həmin ünvanda "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilmiş 600 kv.m. torpaq sahəsi və tikilililərin kompensasiya ödənilmədən söküldüyünü, bununla da ona ziyan dəydiyini iddia edərək hazırkı tələbində 600 kv.m torpaq sahəsinin əvəzində daimi istifadə üçün müvafiq torpaq sahəsinin ayrılması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin, tikililərə görə 214.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hər iki cavabdehə müvafiq tələblərlə bağlı müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar həmin ünvanda söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının sökülən ərazidə tikili və torpaq sahəsinə dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi”nin olub-olmamasıdır. İş üzə iddiaçı sözügedən ünvanda tikililərə görə kompensasiya olaraq 214.000 manatın ödənilməsini tələb etsə də iddiaçıya aid həmin ərazidə qanuni istifadə və mülkiyyətində olan müvafiq daşınmaz əmlakların olduğu müəyyən olunmur. İddiaçı həmin ərazidə söküntüyə məruz qalmış hansı tikililərin olduğunu qeyd etməmiş, həmin tikililərə dair hüquqlarının qeydiyyatını həyata keçirən qurum tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müəssisə ilə bağlı sənədlərdə X4 və İxracı üzrə X1 Təmir Tikinti İdarəsinin xx.xx.1992-ci il tarixli 14 nömrəli əmrinə əsasən Qönçə” kiçik müəssisəsinə dəmir qarajın verildiyi müəyyən olunur ki, qeyd edilən qaraj daş tikili olmamış, qeyri-yaşayış sahəsi kimi qarajın ölçü, yerləşmə vəziyyətini əks etdirən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən tərtib edilmiş texniki pasportu təqdim edilməmişdir. Həmçinin, işin hallarından müəyyəndir ki, iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydə alınmamışdır. Qeyd edilməlidir ki, X4 və İxracı üzrə X1 Təmir Tikinti İdarəsinin xx.xx.1992-ci il tarixli 14 nömrəli əmrinə əsasən "xxxx" kiçik müəssisəsinin balansına 600 kv.m torpaq sahəsinin verildiyi qəbul edilmiş olsa belə torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin həmin ərazidə fəaliyyət göstərməsi məqsədi ilə bağlı olmuş, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla torpaq sahəsinin müəssisənin adına özəlləşdirilməsi və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması müəyyən olunmamışdır. Belə olan halda yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının torpaq sahəsi və tikilillərlə bağlı mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. İddiaçı torpaq sahəsinin əvəzi olaraq Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq torpaq sahəsinin ayrılmasını tələb etsə də qeyd edilən tələbin də hüquqi və faktiki əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir. Torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq əvəzin ödənilməsini tələb etmək hüququ yaranmamağı ilə yanaşı, qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 225 nömrəli sərəncamında yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinə deyil, bilavasitə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Başqa sözlə, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmadığından sonuncunun söküntü, tikinti işləri altına düşən torpaq əvəzi olaraq hər hansı torpaq sahəsini ayırmaq öhdəliyi də mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar