Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1637/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilərək təyin edilmiş və xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin verilməsinin davam etdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-cı il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almışdır. Ona təyin edilən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Müavinətin dayandırılmasının səbəbinin müəyyənləşdirilməsi və müavinətin verilməsinin davam etdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən 11 aprel 2021-ci il tarixli məktubla müavinətin ödənilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır və ona müavinətin verilməsi davam etdirilməlidir. Cavabdehin məktubundan göründüyü kimi ona 2 əsasdan müavinət ödənilməsindən imtina edilmişdir. Birinci əsas kimi onun fərdi sahibkar olaraq fəaliyyət göstərməyi göstərilmişdir. Bu dəlil əsassızdır. Ona görə ki, o, xx.xx.2011-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınsa da fəaliyyət göstərməmiş, xx.xx.2022-ci il tarixdən fəaliyyəti xx.xx.2032-ci ilə qədər dayandırılmış, sonradan isə vergi qeydiyyatının ləğv edilməsi barədə müraciət etmişdir. Göründüyü kimi vergi qeydiyyatı olsa da sahibkar kimi fəaliyyət göstərməmişdir. Cavabdehin göstərdiyi ikinci əsas “sosial müavinət haqqında” 29 noyabr 2019-cu il tarixli Qanuna edilmiş dəyişiklik göstərilmişdir. Həmin dəyişikliyə əsasən Qanundan “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Həmin sözlərin qanundan çıxarılması onun qanunda edilmiş dəyişiklikdən əvvəl yaranmış hüququnu poza bilməz, çünki həmin dəyişikliyin geriyə qüvvəsi yoxdur. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxan əlilliyi olan övladlarıdır. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yasa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, xx.xx.2019-cu il tarixdən İddiaçı yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixədək davam etdirildiyi aşkar edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarına əsasən, İddiaçı sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********994300 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınmış, xx.xx.2012-ci il tarixdə ləğv edilmiş, xx.xx.2012-ci il tarixdə fəaliyyəti bərpa edilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyqun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatını həyata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı yaşa görə müavinət almaq üçün müraciət etdiyi tarixdə adına aktiv VOEN (**********) olduğu üçün onun bu müavinəti almaq hüququ yaranmamışdır. Bundan əlavə, İddiaçı bu müavinəti almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə (hal-hazırda 63 yaş) çatmadığından və “Sosial müavinətlər haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 aprel 2022-ci il tarixli, **********6 saylı imtina məktubunda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixdən sizə yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən imtina məktubunu iddiaçı işdə olan təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixdə təhvil almışdır. İşdə olan fiziki şəxsin fəaliyyət dayandırma ərizəsinə əsasən İddiaçı fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Fəaliyyətin dayandırıldığı tarix xx.xx.2022-ci il, bərpa ediləcəyi tarix isə xx.xx.2032-ci il qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya verilmiş 024452 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən o, həqiqətən Fərid Əhmədov küçəsi (Daş Karxanası), 265 saylı mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli **********210000 nömrəli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması barədə məlumat müəyyən edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Vergilər Departamenti vergi ödəyiciləri uçotu idarəsinə təqdim olunmuş xx.xx.2018-ci il tarixli ərizəyə əsasən sahibkarlıq fəaliyyətinə və vergi ödəmə öhdəliyini yaradan digər fəaliyyətə xitam verdiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi orqanında uçotdan çıxarılmağını xahiş etmişdir. İddiaçı göndərilmiş “Vergi ödəyicisinin Vergilər Nazirliyinin məlumat bazasına əsasən vergi öhdəlikləri barədə” ********** saylı, xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, vergi uçotunun ləğv edilməsi ərizəsi **********210000 ilə dövlət qeydiyyatına alınmışdır. Ərizə qeydiyyata alınan tarixdə Vergilər Nazirliyinin məlumat bazasında vergi ödəyicisinin; 1. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) – **********-150** AZ ***3 Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 265 20120504 Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti Pərakəndə Ticarət Market; **********-150** AZ ***3 Bakı şəhəri, Nərimanov rayonu, X5 ev 265 20111022 Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti Pərakəndə Ticarət Mağaza Ərzaq; 2. Vergi ödəyicisinin nəzarət kassa aparatları – MİNİ- T4** ME ***94 20120508 Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti; 3. X3 - **********-15002PO1 20141101 Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti; 4. ƏDV-nin məqsədləri üçün qeydiyyat -; 5. Bank hesabları - AZ38PAHA41040AZNSC********** "xxxx" Açıq Səhmdar Cəmiyyəti AZN 20141028; 6. Cəmi vergi borcu – 40,89 manat; 7. Vaxtında təqdim edilməmiş bəyannamələr -; məlumatları (öhdəlikləri) öz əksini tapmışdır. Ləğvetmə prosedurları çərçivəsində göstərilən uçot obyektlərinin qeydiyyatı (uçotu) və vergi ödəyicisinin ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə edilən hesabdan (hesablardan) başqa, digər bank hesabları son səyyar vergi yoxlaması başlayanadək bağlanılmalıdır (ləğv edilməlidir). Qeyd olunan prosedurların tərəfindən yerinə yetirilməməsi təqdim etdiyi ərizənin icrasının gecikməsinə səbəb olacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********582700 saylı, 08 avqust 2022-ci il tarixli məktubla bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyətinin aktiv olduğu, xx.xx.2022-ci il tarixdən fəaliyyət dayandırma ərizəsi ilə müraciət edərək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üzrə vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmiş, qeyd olunan tarixə ödənilmiş vergi məbləği isə 4,50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınması, xx.xx.2012-ci il tarixli ərizəyə əsasən vergi uçotunun xx.xx.2012-ci il tarixdən ləğv edilməsi, xx.xx.2012-ci il tarixdən fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası, xx.xx.2018-ci il tarixli **********210000 nömrəli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Uçot baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş 2057 saylı, 14 avqust 2019-cu il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsində heç bir növ pensiya almır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun 754 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı 130 manat sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında 13427 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən vətəndaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olmuşdur. Hüququnu itirmişdir. Qeyd olunan dövrdə yaşa görə müavinət üzrə artıqvermə müəyyən edilmişdir. (Artıqvermə məbləği: 3648,49 manat) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli uçota dair arayışa əsasən İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti “Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi” ərizəsinin xx.xx.2018-ci il tarixli məlumatlarına əsasən İddiaçı fəaliyyətinə xitam verilməsi səbəbi ilə vergi ödəyicisi kimi ləğv olunma tarixi xx.xx.2018-ci il, ləğv olunma səbəbi fəaliyyətə xitam verilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi” ərizəyə əsasən İddiaçı cavabdehə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi”nə ünvanlanmış ərizədən görünür ki, İddiaçı cavabdehə yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin dayandırılması haqqında **********1 saylı, xx.xx.2021-ci il tarixli qərarında İddiaçı barədə xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə aktiv VÖEN olduğundan artıq vermə aşkar edilməsi əks olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinət təyinatı üzrə 12025 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 180 manat aylıq müavinət təyin olunmuş və xx.xx.2022-ci il tarixli 3274 saylı qərar ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda sosial müavinətin hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər. X6 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, sosial müavinət hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu sosial müavinət almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olubolmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. – hesab edilmişdir. İşin materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırki vəziyyətdə iddiaçının dinlənilmə hüququ təmin edilmədən və inzibati icraat aparılmadan xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmış, cavabdeh tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Beləliklə işin materiallarından aydın olur ki, cavabdeh iddiaçıya təyin edilmiş müavinəti inzibati icraat aparmadan və bu barədə qərar qəbul etmədən faktiki hərəkətlə dayandırmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin faktiki olaraq dayandırılmasından sonra xx.xx.2021-ci il tarixdə sosial müavinətin dayandırılması barədə, xx.xx.2022-ci il tarixdə artıqvermənin müəyyən edilməsi barədə, xx.xx.2022-ci il tarixdə isə yenidən sosial müavinətin təyinatı barədə qərarlar qəbul edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlaması ilə bağlı araşdırılma aparılmamış, nəticədə düzgün olmayan qərara gəlinmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. İddiaçının xx.xx.2018-ci il tarixli **********210000 nömrəli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması barədə məlumat müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş müavinət dayandırılarkən iddiaçının həqiqətən əmək fəaliyyəti ilə məşğul olub-olmaması araşdırılmalı və bu barədə sübutlar toplanmalı, inzibati icraat aparılmalı, iddiaçının özü də həmin inzibati icraata cəlb edilməli idi. Yalnız bundan sonra müavinətin dayandırılması barədə qərar qəbul edilə bilər və müvafiq qərar qəbul edildikdən sonra müavinətin ödənilməsi dayandırıla bilərdi. İddiaçının sosial müavinətinin ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Lakin hazırda məhkəmə tərəfindən toplanmış sübutlarla iddiaçının qeyd edilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair hər hansı təsdiq edici məlumat yoxdur. Bu barədə sübutlar cavabdeh tərəfindən də təqdim edilməmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Məhkəmə icraatı zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə sosial müavinətin təyin edilməsinə əsas olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh sosial müavinətin ödənişinin dayandırılması məsələsini həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətlərin ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Sosial müavinətlər haqqında” Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz. “Sosial müavinətlər haqqında” Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb müavinətin ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız sosial müavinətin ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Sosial müavinət təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1637/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1637/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver