Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16374/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Şağan Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanılmış 71 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Şağan qəsəbəsində Sahə adlanan ərazisində 580 kv.m torpaq sahəsi İddiaçı1 icarəyə verilmişdir. İddiaçılar ünvan 3 ünvanına qeydiyyata alınmaları üçün Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdirlər. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçıların ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hisəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyinizə görə yaşadığınız ünvana qeydiyyata alınmağınız mümkün olmamışdır. Faktiki yaşadığınız sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və sözügedən ünvana qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə adlanan ərazidə yerləşən ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 icarədar Şağan Bələdiyyəsinin sədri X3 ilə 11 dekabr 2006-cı il tarixli icarə müqaviləsi bağlayaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq icarədar tərəfindən 57 il müddətinə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi,Yeni Sahə adlanan ərazidə 580 kv.m torpaq sahəsi ona bağçılıq və ev tikmək üçün verilmiş, həmin vaxtdan etibarən sözügedən torpaq sahəsində ev tikərək ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Lakin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə adlanan ərazidə yerləşən ünvana dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yoxdur, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin evə dair işıq, qaz, su sayğacları hamısı onun adına qeydiyyata alınmışdır. Həmin evə dair bütün kommunal xidmətlər haqqı tərəfindən vaxtlı-vaxtında ödənilməklə həmin evdən açıq, fasiləsiz və vicdanla istifadə edir. Onu da qeyd edir ki, onlar hazırda qohumları X1 məxsus evdə qeydiyyatda olmuşlar, lakin qaynı hazırda evini satışa qoyduğu üçün həmin evdən qeydiyyatdan çıxmalı olmuşlar və hal-hazırda qeydiyyatsız yaşayırlar, bu səbəbdən də sənədləşmə işləri aparıla bilmir, bir çox maneələrlə üzləşməli olmuşlar. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəsmi qaydada müraciət edərək, həyat yoldaşı və onun Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə adlanan ərazidə yerləşən ünvana pasport qeydiyyatına düşməsi barədə müraciət etmiş, lakin onlara imtina cavabı verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi xx.xx.2026-cı il tarixli məktubla məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçılar Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar, həmin ünvandan qeydiyyatdan çıxarılmamışlar, həmçinin qeydiyyata alınmaq istədikləri ünvana dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, döngə 12, 651A saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən evin İddiaçı1 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən iddiaçıların qeydiyyata alınması tələb olunan evin dövlət reyestrində qeydiyyatdan keçmədiyi, həmin evə rəsmi ünvanın verilmədiyi və həmin ünvanda heç kimin yaşayış üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqlarından və həmçinin onların qanunvericiliklə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün müəyyən edilmiş sənədləri olmadığından cavabdehin iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Məhkəmə iddiaçıların qeydiyyata alınmaq istədikləri tikilinin yerləşdiyi 580.0 kv.m torpaq sahəsinin Bakı şəhəri Şağan Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanılmış 71 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 icarəsinə verilməsi dəlili ilə bağlı qeyd edir ki, həmin sənəd fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair (icarə hüququ barədə) hüquqmüəyyənedici sənəd olmaqla (həmin sənəd əsasında torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması isə hazırkı məhkəmənin predmeti kimi çıxış etmədiyindən məhkəmə həmin sənədə hər hansı hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmir), dövlət reyestrində qeydə alınmayan və rəsmi ünvan verilməyən fərdi yaşayış evinə (hazırda qanunsuz tikili statusunda olan) şəxsin qeydiyyata alınması üçün əsas ola bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların mübahisələndirilən ünvana qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçılar tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı biri təqdim edilməmiş, həmçinin həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, həmin ünvanda yaşayış yeri üzrə hər hansı şəxsin qeydiyyatının olmaması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçıların Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni Sahə adlanan ərazidə yerləşən ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin olunmamalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-16374/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16374/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver