Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1638/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X4 (Ünvan: Bakı şəhəri A.Abbasov küçəsi ev 10, mənzil 38; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, aparıcı məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə 3-cü şəxs -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiaçının əlilliyi ilə bağlı müayinə sənədlərinin “Əlillik” Alt Sistemində etibarsız hesab olunmasının qanunsuz hesab edilməsi və 31 yanvar 2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 28.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 16.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, həmçinin iddiaçının “31.01.2020-ci il tarixdən təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisədir. Belə ki, hazırkı mübahisə cavabdeh inzibati orqanın faktiki xarakterli digər fəaliyyətindən, yəni hərəkətlərindən (əsaslı və ya əsassız, qanuni və ya qanunsuz) yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Həmçinin, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya 09 fevral 2018-ci il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin cavabdeh **********8 N-li 15 may 2020-ci il tarixli məktubunda əlilliyi ilə bağlı müayinə sənədlərinin “Əlillik” Alt Sistemində etibarsız hesab olunması ilə əlaqədar ona ödənilən əmək pensiyasının dayandırılması və artıq ödənilmiş vəsaitlərin büdcəyə bərpa edilməsi barədə idarəyə verildiyini, bununla əlaqədar ona pensiya ödənişinin 31 yanvar 2020-ci il tarixindən dayandırıldığını göstərmişdir. Lakin əlilliyi ilə bağlı müayinə sənədlərinin hansı əsasla “Əlillik” Alt Sistemində etibarsız hesab olunması göstərilməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 27.12.2017-ci il tarixli 4110003AACM5 saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Mədə və 12-barmaq bağırsağın xorası. Tez-tez kəskinləşən qanaxmalarla. Xroniki eroziv duodenit. Təxliyyə funksiyasının pozulması.Həzm sistemi funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə tam müayinə olunmayıb, baş verə biləcək fəsadlar dəqiqləşdirilsin” əsası ilə imtina verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 09.02.2018-ci il tarixli 4110003AAC5E saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mədə xorası; Diaqnozun mətni: Mədə xorası, Mədə və 12-barmaq bağırsağın xorası.Tez-tez kəskinləşən qanaxmalarla. Xroniki eroziv duodenit.Təxliyyə funksiyasının pozulması.Həzm sistemi funksiyasının əhəmiyyətli dərəcədə pozulması-AR-nın MN-in MHHK-ın 1859 №-li gərarı-28.10.2017 il.Qastrit və duodenit, Xroniki eroziv duodenit.Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Təxliyyə funksiyasının pozulması.Həzm sistemi funksiyasının əhəmiyyətli dərəcədə pozulması.Digər anemiyalar, Xroniki anemiya.Onurğanın osteoxondrozu, Onurğa sütununun yayılmış osteoxondrozu.kökçük ağrı sindromu ilə. Digər xroniki pankreatitlər, Xroniki pankreatit.Digər neqativ pozuntular, Astenonevrotik sindrom.Xroniki xolesistit, Xroniki hepatoxolesistit; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854- 1219/5 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının nazirliyə aidiyyətinin olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əlillik müayinəsi 29.11.2019-cu ildən etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Onu da qeyd etmək lazımdır ki, daxili işlər nazirinin 12.12.12-ci il tarixli Q81- 001-12 nömrəli (Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi xidmətin təşkili haqqında Əsasnamə) və 05.04.16-cı il tarixli Q14-001-16 nömrəli (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi haqda Əsasnamə) qərarlarının aidiyyəti üzrə olmaqla 1.1, 13. və 1.1, 2,1.1-2.1,3-cü bəndlərinə əsasən tibb idarəsi daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin (ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları), mülki işçilərinin, pensiyaçılarının və daxili qoşunların hərbi qulluqçularının sağlamlığının qorunması məqsədilə onlara tibbi xidmətin göstərilməsini, əməkdaşlarının dispanserizasiyasını təşkil edən, tabeliyində olan tibb müəssisələrinin ümumi rəhbərliyini həyata keçirən AR DİN-nin müstəqil struktur bölməsidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarından müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 09.02.2018-ci il tarixli 4110003AAC5E saylı göndərişi əsasında iddiaçının əlillik dərəcəsi qiymətləndirilmiş və ona beş il müddətinə İİ əlillik dərəcəsi verilmişdir. Daha sonra, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854- 1219/5 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının nazirliyə aidiyyətinin olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik müayinəsi 29.11.2019-cu ildən etibarsız hesab edilmişdir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılmasını tələb edir. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 13.08.2021-ci il tarixli 029-2336-1221 nömrəli məktubla bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş göndəriş, həmin göndərişi verən orqan, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçı daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması səbəbindən əsassız hesab edildiyindən, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı müvafiq hərəkətləri qanunsuz sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız hesab edilməsi) iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edilməsi ilə bağlı hərəkəti qanunsuz sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) 31.01.2020-ci il tarixdən təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1638/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1638/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver