Məhkəmə qərarları › İş №2-1(112)-1639/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1639/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1639/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 4.500 manat hərracın qalibi olmağı üçün, 300 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş pulun, əldən çıxmış fayda kimi 337,50 manat pulun, ümumilikdə 5.537,50 (beş min beş yüz otuz yeddi manat, əlli qəpik) AZN məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə AR ƏMDK-dan 29 avqust 2017-ci il tarixdə 4500 manata əldə etmişdir.Həmin tarixdə hərracın nəticələrinə dair 30/01 saylı hərrac protokolu tərtib edilmiş, protokol əsasında 30.08.2017-ci il tarixdə iddiaçı ilə 3579 nömrəli alqı-satqı müqaviləsi də bağlanmışdır. Lakin sonradan X5 iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və onun əldə etdiyi qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın 29 avqust 2017-ci il tarixli protokolun və 30.08.2017-ci il tarixli 3579 nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 22 oktyabr 2018-ci il tarixli 2(011)-7067/2018 saylı qətnaməsi ilə X2 iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasına dair 29 avqust 2017-ci il tarixli 30/01 saylı hərrac protokolu və 30.08.2017-ci il tarixli 3579 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(103)-2270/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, iddiaçı tərəfindən hərracın qalıbı olmağı üçün cavabdeh AR ƏMDK-nə ödənilmiş 4.500 manat pulun iddiaçıya qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitusiya) bərpa etməmişdir. Bundan sonra o, cavabdeh AR ƏMDKnə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, iddiaçıya məhkəməyə müraciət edilməyi bildirilmiş, yalnız məhkəmə qətnaməsi əsasında pulun qaytarılacağı bildirilmişdir. Hazırda hərracın qalibi olmağı üçün ödədiyi və hələ də iddiaçıya qaytarılmayan pulun kompensasiya edilməsi məqsədilə məhkəməyə müraciət olunmuşdur. Sonradan, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verərək, ünvan 2 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 manat pul vəsaitinin qaytarılması vəzifəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük şərtləri yoxlanılmış, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, zəruri sənədlər toplanılmış və iş üzrə şifahi məhkəmə baxış iclası 28.04.2021-ci il tarixə təyin edilmişdir. Cavabdehlərin iddia ilə bağlı yazılı mülahizələri (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdehlərə müraciət edərək açıq hərracdan əldə etdiyi daşınmaz əmlaka görə dövlət büdcəsinə ödədiyi 4.500 manat pul vəsaitinin ona qaytarılmasını xahiş etmiş, cavabdehlər ərizənin təmin edilməsindən imtina etmişdirlər. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehlərin üzərinə hərraca görə ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - 30/01 nömrəli, 29 avqust 2017-ci il tarixli hərrac protokoluna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 mərtəbəli binasının ünvan 2 ünvanında yerləşən zirzəmisinin (47,4 kv.m) satış hərracında qalib İddiaçı olmuşdur. -13.09.2017-ci il tarixli qəbzə əsasən, həmin qəbzdə göstərilən bank hesabına iddiaçı tərəfindən 4.050 manat ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bak şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) ümumi sahəsi 47.4 kv.m təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Hüseyn Cavid prospekti B ünvanında yerləşən 47.4 kv. m qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları 192 nömrəli reyestr kitabının 18051 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(011)- 7067/2018 saylı qətnamənin surətindən görünür ki, X5 tərəfindən verilmiş iddianın təmin edilməsi; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 29 avqust 2017-ci il tarixli, 30/01 sayl hərrac protokolunun etibarsız hesab edilməsi; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmiyə) dair İddiaçı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında 30 avqust 2017ci il tarixdə bağlanmış 3579 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2270/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(011)-7067/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 27 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi nəticəsində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə 20 fevral 2020-ci il tarixli ərizəsi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış **********32 saylı, 28 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 31.4 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə 17.000 manat məbləğində vəsait ödənilmişdir. “Dövlət əmlakın özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, **********66 saylı cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 47.4 kv.m qeyri-yaşayış sahəsi 29.08.2017-ci il tarixli hərracda İddiaçı tərəfindən 4.500 (dörd min beş yüz) manata satın alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, 2(011)-7067/2018 nömrəli qətnaməsi ilə ünvan 2 ündanında yerləşən 47,4 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair 29.08.2017-ci il tarixli, 30/01 nömrəli hərrac protokolu və bu protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 30.08.2017-ci il tarixli, 3579 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 10 iyul 2019-cu il tarixli, 133 nömrəli sərəncamı ilə məhkəmə qətnaməsinin icrası təmin edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsini (zirzəmini) iddiaçı satın almış və həmin əmlaka görə 4.500 manat məbləğini ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həmin əmlakın hərraca dair protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda iddiaçı hərrac nəticəsində ona satılmış əmlaka görə ödədiyi 4.500 manat məbləğinin cavabdehlər tərəfindən ona qaytarılmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə qiymət verilərkən yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə istinad olunmuş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, hərracın və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız sayılması zamanı, şəxsin ümumiyyətlə müqavilə predmeti üçün ödənilən vəsaiti tələb etmək hüququna malik olub-olmaması və bu halın hansı normativ hüquqi aktlar əsasında tənzimlənməli olması müəyyənləşdirilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 4.500 manat haqq ödənilməklə alqı-satqısı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu və alqı-satqı müqaviləsi etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı isə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, həmçinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də çıxış etməldiir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 4.500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Maliyyə Nazirliyindən alınmalıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ünvan 2 ünvanında yerləşən zirzəmisi üçün ödənilən 4.500 manat pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. ünvan 2 ünvanında yerləşən zirzəmi üçün ödənilən 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar