Məhkəmə qərarları › İş №2-1(112)-1639/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1639/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1639/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçının nümayəndəsi X7 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş 904,13 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq “artıq ödənilmiş 904,13 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz tələbini onunla əsaslandırmışdır ki, X2 Mərkəzi Filial tərəfindən xx.xx.2006-cı il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Fazilə Babayeva 5 aprel 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin aprel (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X12 məxsus kart hesabına köçürülmüş 1165,47 manat artıq pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. ünvan 1 ünvanında yaşayan mərhum X3 Babayevə yaranmış 1165,47 manat borcun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarıxinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdehanın mərhum anasının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin may ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 904,13 (doqquz yüz dörd manat on üç qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehdən məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubunda bildirilmişdir ki, X4 05 aprel 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin aprel (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də X12 1165,47 manat artıq pul vəsaiti ödənilmişdir. X10 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1165,47 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmağı xahiş edilir. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Cavabdehin 2 saylı Bakı “DOST” Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, onun anası X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, xahiş edir ki, ona dəfn xərcinin ödənilməsində köməklik göstərilsin AZ-İİ 076539 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, o, artıq alınmış pensiya məbləğinin ayda 100 manat olaraq ödəyəcəyini bildirmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində bildirilir ki, mərhum X1 vəfatı ilə əlaqədar olaraq Mərkəzi Filial tərəfindən dəfn üçün müavinət ödənilməmişdir. Məhkəmənin sorğusuna əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdə inzibati işə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edərək məktubunda bildirmişdir ki, Cavabdeh Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Məhkəmə iddia ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.3.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən cavabdehin mərhum anasına ömürlük ailə başçısıni itirməyə görə əmək pensiyası təyin edilmiş, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Əzizbəyov rayon şöbəsi tərəfindən inzibati akt qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Həmin Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İş materilallarından göründüyü kimi pensiyaçı olmuş cavabdehin anası X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, lakin cavabdeh bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 30 sentyabr 2021-ci il tarixdə ona məlum olmuş, nəticədə həmin tarixdən pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, cavabdeh həqiqətən də, 2020-ci ilin may ayından xx.xx.2021-ci il tarixinədək 904,13 manat pensiya artıq almışdır. Qanunvericiliyin tələblərinə əsasən artıq ödənilmiş pensiya məbləği müəyyən edilmiş qaydada cavabdehdən tutulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh artıq aldığı 904,13 manat pensiya məbləği tutularaq iddiçının yığım hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh artıq aldığı 904,13 manat pensiya məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yığım hesabına geri qaytarılsın. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar