Məhkəmə qərarları › İş №2-1(112)-1639/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1639/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1639/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən döyüş zonasında xx.xx.1997-ci il tarixdə mina partlayışı nəticəsində “beyin silkələnməsi, sağ bazunun dəlib keçən qəlpə yaralanması, dirsək sinirinin zədələnməsi” xəsarətini almışdır. Mərkəzi Hərbi Hospitalda müalicə olunmuşdur. Azərbaycan Respubliksı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 saylı qərarı ilə onun xəstəliyi “Mina partlayışı travması, sağ dirsək oynağının odlu silahdan deşib keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu Dissosiativ (konversion) pozuntular, funksional tutmalarla müəyyən edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçərək, eyni diaqnozla növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. 2022-ci ilin mart ayında müayinədən keçərkən mənə təyin edilmiş ikinci dərəcə müharibə əlilliyi ləğv edilmişdir. İddiaçı ümumi xəstəliklərdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2023-cü ilin yanvar ayından həmin əlillik dərəcəsi də ləğv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli, 870 nömrəli yeni Qərar verilmişdir. Həmin qərarda göstərilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş Əİləzov Rauf Vaqif oğlu döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və yaralanma - diaqnoz: “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolisi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXŞDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli arayışı. SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissəsi komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı. MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Hər dəfə, o cümlədən sonuncu dəfə xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız səbəblərlə imtina verilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS:**********7). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı olduğu üçün təkrar əyani müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29.11,2022-ci il tarixli 870 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayış travması. Beyin silkələnməsi. Saq dirsək oynağının delib- keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Saq dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin, MN reyesterində İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 732 nömrəli Qərar qeyd edilmişdir. Həmin qərarda “Mina partlayış travması. Saq dirsək oynağının odlu silahdan delib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və həmin qərar qüvvədə olmuşdur. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, saq dirsəkdə ehtimal olunan travmaya uyqun çapıq izləri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofiyası izlənilməmişdir. Yanaşı olaraq Romberq vəziyyətində dayanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasion sınaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2 PHŞ xx.xx.2021 -xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə" kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə əlillik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmiş, sağ dirsəkdə çapıqlar və ~5-6 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətlər sərbəst olmuş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. AR SN 2 Nömrəli X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları” kimi qeyd edilsə də, ekspertiza üçün əhəmiyyətli Kranial instrumental müayinə (KT, MRT) sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-176/2023 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3-cü dərəcəli əlilliyin təyin edilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2007-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F99 – Əlavə dəqiqləşdirmə olmadan psixi pozğunluq, Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F99 – Əlavə dəqiqləşdirmə olmadan psixi pozğunluq, Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F 40-48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F44 – Disosiativ konvension pozğunluqlar => F 44.8 – Digər dissosiativ... Diaqnozun mətni: Dissosiativ (konvension) pozuntular, funksional tutmalarla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dissosiativ (konvension) pozuntular” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə elektron təyinatla baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F 40-48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F44 – Disosiativ konvension pozğunluqlar => F 44.8 – Digər dissosiativ... Diaqnozun mətni: Dissosiativ (konvension) pozuntular, funksional tutmalarla. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dissosiativ (konvension) pozuntular” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli... Diaqnozun mətni: Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.25. etiologiyasəndan asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının 27 may 2022-ci il tarixli, **********4 nömrəli Qərarında qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 14 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1977-ci ii təvəllüdlü İddiaçı (FİN:1 EJD7X1) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 732 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması, sağ disək oynağının odlu silahdan deşib keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, sağ dirsəkdə ehtimal olunan travmaya uyğun çapıq iziəri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofiyası izlənilməmişdir. Yanaşı olaraq, Romberq vəziyyətində dayanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasiyon snaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X3 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simoto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatikserebrel araxnoiditi. Tez-tez bas verən paroksizmal tutmalar şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə liliik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı harada qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və X1: V Sinif – Psixi pozğunuqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud psixopatabənzər davranış pozuntuları. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması – Səbəb: Tam reabiltasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının 18 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-176/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü X7 (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS:**********7). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı olduğu üçün təkrar əyani müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 870 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının dəlib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin, MN reyesterində İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 732 nömrəli Qərar qeyd edilmişdir. Həmin qərarda “Mina partlayış travması. Sağ dirsək oynağının odlu silahdan delib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və həmin qərar qüvvədə olmuşdur. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan və əsəbilikdən şikayətlənmiş, sağ dirsəkdə ehtimal olunan travmava uyğun çapıq izləri, sol yuxarı ətrafda paralel çapıqlar qeyd olunmuşdur. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, hərəki məhdudiyyət və əzələ atrofivası izlənilməmişdir. Yanaşı olaraq Romberq vəziyyətində davanaqsızlıq, səndəlləmə, hər iki gözdə nistaqm, hiperrefleksiya, koordinasion sınaqlarda natamamlıq, davranış pozuntusu elementləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 saylı X2 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 1271/21 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş bəyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar; şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” kimi təqdim edilmişdir. Hərbi qərarda KBT barədə məlumat qeyd olunmamış, nəticədə əlillik təyinatına əsas verən əsas xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluqdan şikayətlənmiş, sağ dirsəkdə çapıqlar və ~5-6 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətlər sərbəst olmuş, əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. AR SN 2 Nömrəli X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları” kimi qeyd edilsə də, ekspertiza üçün əhəmiyyətli Kranial instrumental müayinə (KT, MRT) sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 870 nömrəli qərarından görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1995-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1997-ci il tarixdə aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixdək SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və yaralanma - diaqnoz: “Mina parlayış travması. Beyin silkələnməsi. Sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması. Oynaq kapsulunun və dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 57 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 400 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş N nömrəli hərbi hissə komandirinin 08.1997-ci il tarixli 740 nömrəli travma haqqında arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11814/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1(bir) aylıq müddət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 19 dekabr 2023-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-1267/2023). Vətəndaş məhkəmə qərardadına əsasən 3- 17-4/1-41974/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxusuzluqdan, sağ dirsəyində hava soyuq olanda ağrılar olmasından şikayət etmişdir. Medikamentoz preparatlardan “Fenozepam”, “Karbomazepin” qəbul etdiyini bildirmişdir. Əsəbləşdiyi zaman özünə xəsarət yetirdiyini (şüşə ilə qollarını kəsdiyini) ifadə etmişdir. Müayinə zamanı sağ bazunun aşağı 1/3-də çapıq, sağ dirsək nahiyəsində 4-5 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuşdur. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, özünə xəsarət yetirdiyini qeyd etmiş, lakin müayinə zamanı kəsiklər məişət şəraitində iş zamanı aldığı travmalara bənzəmiş, emosional labil, intellektual mnestik funksiyaları, maraq dairəsi yaşına və təhsilinə uyğun olmuş, əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkarlanmamışdır. Vətəndaşın təqdim etdiyi sənədlər 2021-ci ildən sonrakı dövrlərə aid olmuş, travmanı təsdiq edəcək KT, MRT müayinələri nəticəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 2226 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki: İddiaçı Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli yaddaş və davranış pozuntuları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2007, 2014-cü illərdə baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2015, 2016-cı il tarixlərdə iddiaçıya dissosiativ (konversion) pozuntular, funksional tutmalarla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli növbəti əlillik təyinatı zamanı, eləcə də xx.xx.2022-ci il tarixli əyani müayinə nəticəsində iddiaçıya “Baş beyin travmatik xəstəliyi. Tez-tez baş verən simpto-adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebrel araxnoiditi. Tez-tez baş verən paroksizmal tutmalar, şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozuntuları ilə” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarı ilə iddiaçının xx.xx.1997-ci ildə aldığı xəsarəti “Mina partlayış travması, beyin silkələnməsi, sağ dirsək oynağının deşib-keçən qəlpə yaralanması, oynaq kapsulunun və dirsək sinirinin xədələnməsi, sağ dirsək sinirinin nevrolizi əməliyyatından sonrakı vəziyyət” diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində tibbi şəhadətləndirilmişdir. Həmin qərarla MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra iddiaçı əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar yenidən əyani müayinədə olmuş və xx.xx.2023-cü il tarixli qiymətləndirmə zamanı, eləcə də xx.xx.2023-cü il tarixli əyani müayinəsi zamanı iddiaçının tam reabilitasiya olunduğu barədə qərar qəbul edilərək əlillik dərəcəsi ləğv edilmişdir. Göründüyü kimi cavabdehin öz təşəbbüsü ilə iddiaçıya eyni diaqnozla “Baş beyin travmatik xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud psixpatabənzər davranış pozuntuları” təyin etdiyi əlillik dərəcəsini iddiaçının həmin xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar müraciəti zamanı özünün 18 yanvar 2023-cü il tarixli əyani müayinəsi nəticəsində ləğv etmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qərarı ilə razılaşmır. Belə ki, cavabdeh təqdim etdiyi xx.xx.2023-ü il tarixli əyani müayinə protokolunda iddiaçının MN MHHK-nin xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarındakı diaqnoza istinad etmişdir. Halbuki, MN MHHK-nın həmin qərarı həmin komissiya tərəfindən xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarı ilə ləğv edilmiş və iddiaçı sonuncu qərarla həm də “beyin silkələnməsi” diaqnozu ilə də şəhadətləndirilmişdir. Başqa sözlə, cavabdeh orqan əyani müayinədə MN MHHK-nin qüvvədə olmayan xx.xx.2015-ci il tarixli 732 nömrəli qərarına əsaslanmışdır. İkincisi, cavabdeh orqanın həkim komissiyası iddiaçının tam reabilitasiya olması qənaətinə gələrkən iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı hər hansı ixtisaslaşmış müalicə və ya instrumental müayinənin nəticələrinə istinad etmədən onun əlillik təyinatına əsas verən nevroloji ocaqlı və psixi statusunda aktiv psixoproduktiv əlamətlərin aşkar edilmədiyi və davranış pozuntusunun aşkar edilmədiyi qənaətinə gəlmişdir. Ekspert komissiyası iddiaçı barəsində sonuncu dəfə SN 2 nömrəli X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışındakı diaqnozuna istinad etmiş, üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra 2023-cü ildə apardığı əyani müayinə zamanı iddiaçının cari sağlamlıq vəziyyəti barəsində 2 nömrəli X4 yenidən müayinə olunması, müvafiq diaqnoz barədə epikiz (çıxarış) əldə edilməsinə təşəbbüs göstərməmişdir. Ekspert komissiyası öz qərarında 2 nömrəli X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışındakı diaqnozunun yoxlanılması üçün kranial instrumental müayinə (KT, MRT) sənədlərinin təqdim edilməsini zəruriliyini bildirsə də həmin müayinə sənədlərinin əldə edilməsinə təşəbbüs göstərməmiş, lazımı müayinə və yoxlama aparamadan iddiaçının tam reabilitasiya olunması qənaətinə gəlmişdir. Göründüyü kimi iddiaçının əlillik təyinatı tələb olunan yoxlama və müayinə nəticələrinə əsaslanmadan ləğv edilmiş, əyani müayinə qərarında 2 saylı X2 xx.xx.2021xx.xx.2021-ci il tarixli 5021/21 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin travmatik xəstəliyi. Tez-tez baş verən simpato- adrenal krizlərlə. Qabarıq asteno-nevrotik sindrom. Travmatik serebral araxnoidit. Tez- tez paroksizmal tutmalar. Şəxsiyyət dəyişkənlikləri. Kobud davranış pozğunluqları” kimi diaqnoz qoyulsa da həmin diaqnozun öz təsdiqini tapmadığını qeyd etmiş, lakin eyni zamanda həmin diaqnozun hansı müayinələrin nəticəsi olaraq öz təsdiqini tapmadığı ilə bağlı əsaslanma təqdim edilməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə keçirilmiş yenidən əyani müayinə zamanı cavabdeh xx.xx.2023-cü il tarixli qərarında da cavbadeh komissiya iddiaçının tibbi sənədlərinə baxaraq 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11104/23 nömrəli Çıxarışında qeyd edilən diaqnozun “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” öz təsdiqini tapmadığını yalnız bir cümlə ilə ifadə edərək müvafiq tibbi əsaslanma təqdim etməmişdir. Komissiya iddiaçını əyani müayinə zamanı özünün də qeyd etdiyi zəruri olan KT, MRT müayinələrinə göndərməmiş və ya bu barədə iddiaçıdan müvafiq yoxlanış nəticəsi tələb etməyərək gəldiyi nəticəni hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin qiymətləndirməsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan X1nda kodu üzvi (travmatik mənşəli)nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli davranış və davranış pozuntuları ilə -F07.0 olaraq müəyyən edilmişdir. İddiaçıda müəyyən olunan xəstəlik iddiaçının 1997-ci ildə hərbi xidmətdə olduğu zaman mina partlaması nəticəsində huşunu itirməklə başından travma alması, tibbi şəhadətləndirilməsi, AR SN 2 nömrəli X4 xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, AR TƏBİB 43 nömrəli şəhər poliklinikasında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları (psixopatabənzər)” diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində 2006-cı ildən dispanser qeydiyyatında olması, həmçinin psixiatrik ekspertiza zamanı rəydə qeyd edilən iddiaçının bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, əsəbi halların tez- tez baş verməsi, əsəbi gərginliklər zamanı özünə kəsmələrlə xəsarətlər yetirməsi, bəzən əlinə düşən hər hansı bir ev əşyasını götürərək yerə çırpması, sındırması, dərmansız ardıcıl olaraq yuxusuz qalması, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, stasionar müalicələrdə olduqdan sonra evə yazıldıqda ona evdə qəbul etməsi üçün dərman resepti yazılması, həmin dərmanları qəbul etməsi, lakin həmin dərmanların adlarını soruşduqda xatırlamaması, evdəkilərin həmin dərmanı ona verdiklərini bildirməsi və s.) kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş sonuncu 0027003AAEG2 saylı Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Cavabdehin iddiaçının əlillik təyinatını ləğv edən 18 yanvar 2023-cü il tarixli, 3- 17-4/3-3-176/2023 nömrəli əyani müayinə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli, nətiələri aradan qaldırılmalı və iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasinin ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3cü dərəcə əlilliyin təyin edilməsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində olan 18 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-176/2023 nömrəli əyani müayinə qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2022-ci il tarixli 870 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 3-cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar