Məhkəmə qərarları › İş №2-1(112)-1640/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1640/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1640/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirilməsinə görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 hərbçi kimi pensiyaya çıxdıqdan sonra 9 (doqquz) il istehsalatda işlədiyini nəzərə alaraq, əmək pensiyasının avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X4 2006cı ildə hərbçi kimi pensiyaya çıxdıqdan sonra xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək istehsalatda işləmişdir. Lakin buna baxmayaraq, onun pensiyasına əlavələr olmamışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı vəfat etdikdən sonra onun əmək pensiyasının 80%-i iddiaçıya təyin edilmişdir. Həyat yoldaşı X4 hərbçi kimi pensiyaya çıxdıqdan sonra 9 (doqquz) il istehsalatda işlədiyinə görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanaraq, ona verilməsi ilə əlaqədar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin həmin Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-l 17728/2028 saylı cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-117728/2024 nömrəli məktubuna əsasən əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsində mərhum həyat yoldaşı X1 hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 9 il işlədiyinə görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranmış və həmin tarixdən iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 355951 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan məlumatlara əsasən iddiaçının həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq İddiaçı müraciəti əsasında ona Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 13461/2023 nömrəli qərarı ilə iddiaçının müraciət etdiyi xx.xx.2023-cü il tarixdən ona hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum B.Məmmədovun təminat xərcliyi 1754,00 manat təşkil etdiyindən, qeyd edilən maddələrə uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası ilkin təyinat zamanı həmin təminat xərcliyinin 80%-i miqdarında, yəni 1403,20 manat məbləğində təyin edilmişdir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixdə qüvvədə olan Qanunun 20.17-ci maddəsindən də göründüyü kimi, vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçının ailəsinə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda pensiyanın məbləği həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyasının tərkibi 2 hissədən, yəni əmək pensiyasının sığorta hissəsindən və qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olur. Sığorta hissəsi ilə bağlı tənzimetmə Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, əgər vəfat etmiş ailə başçısı pensiyaçı olmuşdursa və pensiyaçı olduğu müddət ərzində fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdırsa, bu kapital ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Mərkəzi Filialın imtina məktubunda da qeyd olunduğu kimi mərhum B.Məmmədovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Ailə başçısını itirməyə görə əmək pensiyasının qulluq stajına görə əlavəsinə gəldikdə isə Qanunun 20.17-ci maddəsində birmənalı şəkildə qeyd olunmuşdur ki, əlavənin məbləği təminat xərcliyinin 80 faizi həcmindəki məbləğlə bu qanuna uyğun təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Deməli, iddiaçıya münasibətdə pensiyaya əlavənin məbləği 1403,20 manat məbləğindəki pensiya ilə həmin pensiyanın sığorta hissəsi arasındakı fərqə bərabər olacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2014-cü il tarixli Qərarında da qeyd olunduğu kimi, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Odur ki, pensiyaya əlavənin məbləği yalnız pensiya qanunvericiliyinə uyğun olaraq müəyyən edilə bilər. Bu zaman həm də nəzərə almaq lazımdır ki, istifadə olunmamış pensiya kapitalı əsasında sığorta hissəsinin artırılması, lakin nəticə olaraq iddiaçının pensiyasının məbləğinin dəyişməməsi qulluq stajına görə əlavənin məbləğinin azaldılması və buna görə də Qanunun 37.3-cü maddəsinin tətbiq edilməsi zərurəti kimi şərh edilə bilməz. Qanunvericilikdə vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının istifadə olunmamış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması mexanizmi nəzərdə tutulmamış, yalnız təyinat zamanı nəzərə alındığı göstərilmiş və iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ümumi pensiya məbləği təminat xərcliyinin 80%-i ilə məhdudlaşdırılmışdır. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı əsasında ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin artırılması yalnız ümumi əsaslarla pensiya alan şəxslərə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla digər pensiyaçılara münasibətdə mümkündür. Belə ki, həmin şəxslərin pensiyası yalnız sığorta hissəsindən ibarət olduğundan və qanunvericiliyə uyğun olaraq pensiyanın ümumi məbləği ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilmədiyindən pensiya kapitalı əsasında pensiya məbləğinin artması qanunvericiliklə yolveriləndir. İddiaçının pensiyasının sonrakı dövrlərdə yenidən hesablanması mexanizminə gəldikdə isə bildirilir ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar sözügedən pensiya xx.xx.2024-cü il tarixdən 1560,36 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -0046942 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının əri X4 xx.xx.1977-xx.xx.1979-cu ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1981-xx.xx.1992-ci ilədək DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə, xx.xx.1993-xx.xx.1993-cü ilədək DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə, xx.xx.1993-xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Mühafizə xidmətində həqiqi hərbi xidmət etmiş, xx.xx.2007-ci il tarixdə X3 “Bayıl Liman” DKQ-nin 1887 saylı Dəniz Stasionar özülünün feldşer məntəqəsinə məntiqə müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə Neft Daşları feldşer vəzifəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixdə həmin işdən azad edilmiş, xx.xx.2011-xx.xx.2013-cü ilədək "xxxx" MMC-nin nəznində olan “Neft Daşları” TSM-nə feldşer vəzifəsində, xx.xx.2013-xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində ocaqçı vəzifəsində işləmişdir. -000031 saylı pensiyaçının uçot vərəqindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2006-cı ildə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. -Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X2 təyin olunmuş pensiya (2.146,26 manat) onun ölümü səbəbi ilə dayandırılmışdır. -Cavabdeh pensiya qurumunun Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-13461/2023 nömrəli qərarından görünür ki, İddiaçı ƏPQ-nın 20.17.2-ci maddəsinə əsasən ailə başçısının itirilməsinə görə 1.403,20 manat məbləğində pensiya təyin olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. -4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. -17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. -18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. -20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.13. bu Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). -20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən) 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. -37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. -37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-) 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, iddiaçının əri X2 iş yeri üzrə təqdim edilmiş məlumat vərəqi əsasında xx.xx.2006-cı ildə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra B.Məmmədov xx.xx.2007-xx.xx.2016-cı illərdə mülki işlərdə əmək fəaliyyətini davam etdirmiş və nəticədə fərdi şəxsi hesabında pensiya sığorta kapitalı formalaşmışdır. B.Məmmədov xx.xx.2023-cü ildə ölmüş, bununla əlaqədar iddiaçıya xx.xx.2023-cü ildə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Lakin iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən mərhum ərinin 2007-2016-cı illərdə işlədiyi dövrdə yığılmış pensiya sığorta kapitalının nəzərə alınmamasından narazıdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin verilmiş cavab onu qane etmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf iddia edir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilərkən mərhumun pensiyaya çıxdıqdan sonra topladığı pensiya kapitalı nəzərə alındığı halda, pensiya məbləğində artım baş verməmişdir. Belə ki, cavabdeh iddiaçının əmək pensiyasının sığorta hissəsini yenidən hesablamış, lakin bu zaman qulluq illərinə əlavənin məbləğini artım qədər azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Cavabdeh hesab etmişdir ki, ƏPQ-nin 37.3-cü maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 fevral 2022-ci il tarixli qərarında bu nəticəyə gəlinmişdir ki, ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. ƏPQ-nin 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur: - şəxsin işləyən əmək pensiyaçısı olması; -pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur: - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin pensiyaya çıxdıqdan sonra işləməyə davam etməsi, pensiya kapitalının toplanması və vəfat etdiyi xx.xx.2023-cü il tarixədək əmək pensiyasının yenidən hesablanmadığı cavabdeh tərəfindən təkzib olunmur. Qeyd edilməlidir ki, Qanunun 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, hərbi qulluqçulara ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır: 1.əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır; 2.həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. İşdən görünür ki, cavabdeh Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və nəticə etibarilə iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Halbuki, 37.3.1-ci maddə mahiyyətcə əmək pensiyaçılarının pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətlərini davam etdirdikləri halda əldə etdikləri əlavə hüquqların qorunmasına, onların bu dövrdə qazanılmış sığorta və yığım kapitalının nəzərə alınması yolu ilə pensiyanın yenidən hesablanmasına xidmət edir. Bu baxımdan, həmin normanın tələbləri iddiaçıya da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qeyd olunan norma ümumilikdə işləyən əmək pensiyaçılarına aiddir və iddiaçının mərhum əri də həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı tətbiq edilməsini istisna edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə çatdırır ki, cavabdeh tərəfin iddiaçının tələbindən imtina etməsinin hüquqi əsası kimi qeyd etdiyi arqumentlər, xüsusən də vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinə təyin edilən pensiyanın yenidən hesablanmasının mexanizminin olmadığı və ümumi pensiya məbləğinin təminat xərcliyinin 80%-dən artıq ola bilməməsi ilə bağlıdır. Halbuki cavabdeh tərəfin sözügedən yanaşması qanunun məqsədinə ziddir. Belə ki, qanunvericilikdə əmək pensiyaçılarının növləri arasında pensiyaçının vəfatından sonra (qulluq stajına görə və ümumi əsaslarla təyin olunmuş əmək pensiyaları arasında) ailə başçısının itirilməsinə görə təyin olunmuş pensiyanın yenidən hesablanma mexanizmi baxımından fərqləndirici hər hansı məhdudlaşdırıcı norma nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı mərhum ərinin fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının qulluq illərinə görə əlavələr azaldılmadan ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasını yenidən hesablanmasını və ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının mərhum əri X1 hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 2007-2016-cı illərdə əmək fəaliyyəti dövründə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar