Məhkəmə qərarları › İş №2-1(112)-16402/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16402/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16402/2025 28.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdeh orqanın (DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı) əsassız iradlarının qanunsuz hesab edilməsi, cavabdeh orqan tərəfindən onun sığorta stajının 27 il 9 ay 22 gün olmasının təsdiq edilməsi, ərizədə qeyd olunan halları nəzərə alaraq pensiya hüququnun müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin avqustun 25-də sığorta stajının 27 il 9 ay 22 gün olmasına baxmayaraq, pensiya yaşı çatdığına görə sosial müavinət təyin edildi. 4 saylı Bakı DOST Mərkəzinə nə üçün pensiya yox, müavinət təyin edildiyi haqqında müraciətinə cavab olaraq şifahi şəkildə bildirildi ki, onun 1995-2004-cü illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr nəzərə alınmayıb və sığorta stajına daxil edilməyib. İddiaçı həmin dövrdə Vergilər Nazirliyi və DSMF qarşısında bütün öhdəlikləri yerinə yetirmişdir. Bu ilin aprel ayında sahibkarlıq fəaliyyəti ilə bağlı dövrə aid sənədlərin bir qismini taparaq (əmək kitabçası, əlavə 1, təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamə əlavə 2, işçilərin işə qəbulu haqqında 1 nömrəli əmr əlavə 3, firmanın Nəsimi rayon DSMF şöbəsi tərəfindən qeydiyyata alınması barədə bildiriş əlavə 4, Nəsimi rayon üzrə DVM-nin 1996,1997 və 1999-cu illər üzrə yoxlama aktları əlavə 5, Nəsimi rayon DSMF müfəttişliyi tərəfindən 1998-ci il üzrə yoxlama aktı əlavə 6, Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzinin 1999-cu il üzrə yoxlama aktı əlavə 7) 4 saylı DOST mərkəzinə təqdim edilərək 1995-2004-cü illərin sığorta stajına daxil edilməsi üçün müraciət etdi. Lakin iddiaçının müraciətinə cavab olaraq, DSMF xx.xx.2025ci il tarixli 3-17-1/2- M-112253/2025 nömrəli məktubu ilə (əlavə 8) bildirdi ki, onun təsis etdiyi firmaya işə qəbul olunma qeydi əmək kitabçasında rus dilində yazılıb və sözügedən dövr üçün əmək haqqı arayışları təqdim edildikdən sonra həmin dövrlər sığorta stajına daxil olunmasına baxıla bilinər. Bununla yanaşı iddiaçının sığorta stajının 19 il 9 ay 16 gün təşkil edildiyi qeyd edilmişdir. xx.xx.2025-ci ildə təkrar müraciətlə əmək kitabçasında rus dilindəki qeydi azərbaycan dilində tərcümə edərək notarial qaydada təsdiq etdirdi (əlavə 1). Əmək haqqı arayışlarının təqdim edilməsinə gəldikdə isə qeyd etdi ki, orqanların bütün yoxlama aktlarında ona məxsus firmanın bütün maliyyə ödənişlərinin ödənilməsi ilə yanaşı işçilərin əmək haqqı fondu göstərilmiş və DSMF ödənişlərinin edildiyi qeyd olunmuşdur. Qanunvericiliyə əsasən, həmin dövrə dair maliyyə sənədlərinin saxlama müddəti keçmişdir (Vergilər Məcəlləsinin 77.5-ci maddəsinə əsasən 7 il) və tərəfindən sənədlərin təqdim olunması mümkün deyil. Müraciətinə cavab olaraq, DSMF xx.xx.2025-ci il tarixli 3-17-1/2- M- 146263/2025 nömrəli məktubla (əlavə 9) əmək kitabçasında qeyd olunmuş möhtəbərliyinə əsaslı şübhələr olan “Layihə-2000” kooperativində, 1 nömrəli geyim mağazasında və təsis etdiyi “SONİEL” xüsusi firmasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığını qeyd etdi. DSMF xx.xx.2025-ci iltarixli 3-17-1/2-M- 211329/225 nömrəli məktubla (əlavə 10) özlərinin birinci dəfə qeyd etdiyi (xx.xx.2025 tarixli məktubunda) iddiaçının sığorta stajını azaldaraq 19 il 9 ay 16 gündən 17 il 4 ay 21 gün təşkil etdiyini qeyd etdilər. Bundan başqa əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi müddətdə işdənçıxarılma əmrində latın qrafikası möhürdən istifadə olunduğu irad tutulur. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən latın qrafikasına keçməyə başlamışdır. Məktubda qeyd olunan o biri müəssisələrin kargüzarlıqda köhnə möhürlərdən istifadəsinə gəldikdə isə bu məsələ onun səlahiyyətinə daxil deyil və onun günahı deyil. Bundan başqa, xx.xx.2004-cü il tarixli əmrdə möhürün oxunaqlı olmadığı göstərilir. Əlavə 1-də bu iddianın da əsassız olduğu aydın görünür. Məktubda 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq, həmin müəssisədə işlədiyinə dair qeyd aşkarlanmamasına irad olaraq, “SONİEL” firmasının təsisçisi özüdür, bütün yoxlama sənədlərini imzalayırdı və firma yerləşən mülkiyyət şəxsən ona aid idi. Firma işçilərinin məvaciblərinin verilməsi, maliyyə işlərinin aparılması prosesləri şəxsən özünün iştirakı ilə aparılırdı. Müəssisədə işləmədiyi haqqda iradın nəyə əsaslandığı ona aydın deyil. Əldə etdiyi sənədlər-qeydiyyat sənədləri, vergi və DSMF yoxlama aktları, fəaliyyətinin aparılmasına dair sübutlar fəaliyyətinin reallığını və qanuniliyini sübut edir. Lakin cavabdeh qurum bu sənədləri yetərli hesab etmir, əmək kitabçasında edilən qeydlərin bəzilərinin doldurulma qaydasının pozulması, bəzilərinin azərbaycan dilində yazılmamasını, möhürlərin köhnə nümunədə olmasını əsas gətirərək onun sığorta stajını tanımasından imtina edir.

4. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, “xx.xx.2025-ci il tarixli 3-17-1/1-M-127178/2025 nömrəli müraciətinizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim etdiyiniz sənədlərin surətlərində olan məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 17 il 4 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 21 gün sığorta stajınıza uyğun olaraq 17738,57 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 86,32 manat olmaqla, ümumilikdə 17824,89 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və sizə əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 4.1-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından) olan dövrün doldurulma qaydası pozulmuşdur. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Layihə-2000” kooperativində xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 1 nömrəli geyim mağazasında xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və “Soniel” xüsusi firmasında xx.xx.1995-ci il tarixinədək xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin (bundan sonra - Mərkəz) xx.xx.2025-ci il tarixli məktubuna əsasən bildiririk ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan illər üzrə əmək fəaliyyətinizə dair arxiv sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir. X2 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq isə həmin müəssisədə işlədiyinizə dair qeyd aşkarlanmamışdır. Məlumat üçün bildiririk ki, ilkin müraciətinizdə təqdim etdiyiniz sənədlər əsasında sizin sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək kitabçanızda və əmək fəaliyyətinizi təsdiq edən digər sənədlərdə qeyd olunan dövrlərin mötəbərliyi tərəfimizdən araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müaciəti üzrə xx.xx.2025-ci il tarixli 3- 17-1/2-M- 112253/2025 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində iddiaçı yenidən eyni məzmunlu müraciətlə inzibati orqana müraciət etmişdir. 23 iyun 2025-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Layihə-2000" kooperativində xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 1 nömrəli geyim mağazasında xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və “Soniel" xüsusi firmasında xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdı. Daha sonra isə iddiaçının əmək fəaliyyəti dövrləri ilə bağlı müvafiq araşdırılma aparıldıqdan sonra 8 sentyabr 2025-ci il tarixində iddiaçıya pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktub göndərilmiş və işin halları iddiaçıya izah olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cj il tarixinədək (xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. 25 dekabr 1991-ci il tarixində "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə ölkədə artıq latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tədbirlər planı müəyyənləşdirilmişdi. Həmin Qanundan görünür ki, tədbirlər planının son mərhələsi 1993-cü ildən sonra həyata keçirilmişdi və ondan sonra tam olaraq latın qrafikalı əlifbaya keçid baş vermişdi. Əksinə əmək kitabçasındakı xx.xx.1994 və xx.xx.1994-cü il tarixli əmrlər SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir. Halbuki, həmin dövrdə artıq Azərbaycan Respublikasında latın qrafikalı əlifba qüvvədə idi və SSRİ-yə aid möhürlərin istifadəsi hüquqi baxımdan əsassız idi bununla yanaşı əmək kitabçasının mötəbərliyini şübhə altına salır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 4.1-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından) olan dovrun doldurulma qaydası pozulmuşdur. İşin hərtərəfli araşdırılması məqsədilə həmçinin müxtəlif araşdırmalar aparılmış və müvafiq orqanlar tərəfindən əldə edilmiş məktublarda müsbət hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin (bundan sonra Mərkəz) xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan illər üzrə əmək fəaliyyətinizə dair arxiv sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir. X2 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel" xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq iddiaçının həmin müəssisədə işlədiyinə dair qeyd aşkarlanmamışdır. Beləliklə iddiaçının mübahisələndirilməyən iş stajı 17 il 4 ay 21 gün, mübahisələndirilən dövr isə xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1994; xx.xx.1994xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1995-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü əhatə edir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 21 gün sığorta stajıa uyğun olaraq 17738,57 manat. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 86,32 manat olmaqla, ümumilikdə 17824.89 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və iddiaçıya əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 1975-ci il tarixdən 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Sözügedən dövrlər üzrə onun əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim edildikdən sonra İddiaçı təkrar müraciəti əsasında sığorta stajına daxil edilməsinə baxıla bilər. İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərnə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlər İddiaçı ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.

6. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

15. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilərək 17 il 4 ay 21 gün təşkil etdiyi bildirilmişdir. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, əmək kitabçasında müvafiq dövlər üzrə doldurulma qaydası pozulmuşdur, belə ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən, xx.xx.1995-ci il tarixindən xx.xx.2004cü il tarixinədək xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından həmin dövlərin sığorta stajına aid edilməsi mümkün olmamışdır. X2 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq isə həmin müəssisədə işləməsinə dair qeyd aşkarlanmamışdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

16. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

17. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.

18. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının 1) xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək olan qeydində işdən azadolma əmrinin latın qrafikalı möhürlə təsdiq edildiyindən, 2) xx.xx.1992-ci il tarixindən xx.xx.1994cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan qeydində işdən azadolma əmrlərinin SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən, 3) xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan qeydində işdən azadolma əmrinin həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından əmək kitabçasının düzgün doldurulmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.

19. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

21. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” xx.xx.1999-cu il tarixdə qəbul edilən Azərbaycan Respublikasının Qanununa əsasən: İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X1, 1971-ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilsin.

22. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli, 34 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara almışdır: Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.

23. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - təşkilatların möhürünün gah latın qrafikalı möhürlə, gah SSRİ dövrünə məxsus möhürlə təsdiq edilməsi, həmçinin möhürün oxunaqlı olmadığının qeyd edildiyi iddia edilən dövrlərinə (xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1995xx.xx.2004-cü il tarixləri) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1991-ci ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.

24. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdən azadolma əmrinin xx.xx.2004-cü il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.

25. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.

26. Məhkəmə, həmçinin mübahisələndirilən (xx.xx.1995-xx.xx.2004) dövrlərə dair iddiaçının işlədiyi və təsisçisi olduğu “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmaması, 1995-2001-ci illərə dair mövcud hesabat məlumatlarında isə həmin müəssisədə işlədiyinə dair qeydin olmamasına münasibətdə qeyd edir ki, bu hal iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil, belə ki, “SONİEL” firmasının təsisçisi iddiaçı özüdür, müvafiq yoxlama aktlarında ona məxsus firmanın bütün maliyyə ödənişlərinin ödənilməsi ilə yanaşı işçilərin əmək haqqı fondu göstərilmiş və DSMF ödənişlərinin edildiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 77.5-ci maddəsinə əsasən, həmin dövrə dair maliyyə sənədlərinin saxlama müddəti keçmişdir (7 il) və tərəfindən sənədlərin təqdim olunması mümkün deyil. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda cavabdeh tərəfindən əmək kitabçasında aparılmış həmin qeydin həqiqiliyini təkzib edəcək sübutlar da məhkəməyə təqdim edilməmişdir.

27. Beləliklə, iddiaçının əmək kitabçasınında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün əmək kitabçasının düzgün doldurulmaması, eyni zamanda işlədiyi və təsisçisi olduğu xüsusi firmasında 1995-2001-ci illərə dair hesabat məlumatlarında həmin müəssisədə işlədiyinə dair məlumat olmaması, 2002-2004-cü illərə dair hesabat məlumatları isə ümumiyyətlə iş qovluğunda aşkarlanması iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

28. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.

29. Odur ki, əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil olması tələbi xx.xx.2002-ci ildən olan dövr üçün imperativ olduğundan həmin tarixədək olan dövr üzrə müəssisənin və əmək kitabçasında müvafiq qeydin mövcudluğu əmək stajının nəzərə alınması üçün yetərli hesab olunmalıdır.

30. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1976-1993-cü illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

32. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

33. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

34. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət etdiyi illər daxil edilməklə) 17 il 4 ay 21 gündür.

35. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.

36. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

38. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

39. Beləliklə, oiddiaçının xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994xx.xx.1994, xx.xx.1994-xx.xx.1994, xx.xx.1995-xx.xx.2004-cü il tarixlərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan - xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşdan, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar