Məhkəmə qərarları › İş №2-1(112)-1641/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1641/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1641/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “pensiyanın bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ona 22.01.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup ömürlük əlillik dərəcəsi üzrə 05 noyabr 2019-cu il tarixdən ödənişi dayandırılmış təqaüdün həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-1(116)-984/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 22.01.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup ömürlük əlillik dərəcəsi üzrə 05 noyabr 2019-cu il tarixdən ödənişi dayandırılmış təqaüdün həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik yaşlarından hündürlükdən yıxılaraq aldığı zərbədən sağ gözünün görməsində problem yaranmış, bununla bağlı sağ gözü görmə qabiliyyətini demək olar ki, tamamilə itirmişdir. Həkimlər tərəfindən görmə sinirinin hissəvi atrofiyası diaqnozu qoyulmuş və sağ gözünün görmə qabiliyyətinin bərpa olunmasının mümkünsüzlüyü bildirilmişdir. Bununla əlaqədar İsmayıllı rayon Poliklinikasında 06.04.1993-cü il tarixdə xəstəliyi ilə əlaqədar xəstəlik kartı açılmış və sağ gözünün görmə qabiliyyəti tam itirilmiş şəxs kimi qeydə alınmışdır. Hərbi xidmət yaşına çatdıqdan sonra, çağırış zamanı Mərkəzi Hərbi Həkim Komissiyası onu sağ gözünün tam görməməsi əsası ilə 12.11.2004-cü il tarixdə Hərbi Hospitala göndərmiş və orada tam müayinə olunduqdan sonra 24.11.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən sağ gözünün görmə sinirinin hissəvi atrofiyası diaqnozu qoyulmuş və 22.01.2018-ci il tarixdən ona ömürlük 3-cü qrup əlillik dərəcəsi verilmişdir. 2018-ci ilin dekabr ayında heç bir səbəb göstərilmədən və heç bir əsas olmadan iddiaçı təkrar müayinə olunmaq üçün tibbi komissiyasına çağırılmış, oradan göndəriş əsasında X7 adına Milli Oftolmologiya Mərkəzində təkrar müayinədən keçmişdir. Təkrar müayinə zamanı ona verilən 3-cü qrup ömürlük əlillik dərəcəsi bir daha təsdiqini tapmışdır. Bütün bunlara baxmayaraq axırıncı komissiyadan heç bir il müddət keçməmiş, təqaüdün ödənilməsi heç bir səbəb göstərilmədən 05 noyabr 2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı qanunsuz ödənilməsi dayandırılmış təqaüdünün ödənilməsi üçün dəfələrlə AR ƏƏSMN-in tabeliyində DSMF-nin İsmayıllı rayon şöbəsinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də ona cavab verməkdən müxtəlif bəhanələrlə yayınırlar və təqaüdünün ödənilməsini də bərpa etmirlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında iddiaçı 3-cü qrup ömürlük əlil kimi qeydiyyatdadır, əlilliyi ləğv olunmayıb, lakin təqaüdün ödənilməsi 2019-cu ilin noyabr ayından heç bir səbəb göstərilmədən ödənilməsi dayandırılmışdır. Bu tam qanunsuzdur, 3cü qrup ömürlük əlil kimi hüququ pozulur, təqaüdü ödənilmir, şikayətlərinə cavab verilmir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 22.01.2018-ci il tarixdə elektron qaydada adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilmiş və “ümumi xəstəlik - gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qruplarına daxil olan şəxslərin siyahısı müəyyən edilmişdir. Həmin siyahıda adları müəyyən edilən şəxslərin məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, onların hər biri yüksək məbləğdə əlilliyə görə pensiya almaqla yanaşı hal-hazırda əsasən bank sektorunda işləyirlər və yüksək məbləğdə məvacib alırlar. Araşdırma üzrə aparılmış təhlillərə əsaslanaraq həmin şəxslərə aparılmış əlillik təyinatlarının əsaslılığının yoxlanılması zərurəti yaranmışdır. Bu məqsədlə sözügedən şəxslər müvafiq orqan tərəfindən əyani müayinəyə dəvət olunmuşlar. İddiaçının adı da həmin siyahıda müəyyən edildiyindən əyani müayinəyə dəvət edilmiş, lakin o, əyani müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən vətəndaşa təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində əmək pensiyasının dayandırılması əsasları aşağıdakı şəkildə müəyyən edilmişdir: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Qeyd edilən maddənin 37.8.3-cü maddəsinə müvafiq olaraq şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsinin əsası kimi çıxış edən əlil statusunun şübhəli hesab olunması ona əmək pensiyası verilməsi şərtlərinə uyğun olmayan hal kimi qiymətləndirilmədir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 17.01.2022-ci il tarixli, 2-1(112)-1641/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə 04.03.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək İddiaçı 22.01.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup pensiyanın dayandırılması hərəkətinin qanunsuz sayılması və 01 oktyabr 2019-cu il tarixdən pensiyanın ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X6 iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü Ağayev X5 şəhəri, 28 may küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı əlillik vəziyyəti 22.01.2018-ci il tarixdə 0264003AAFCZ nömrəli tibbi göndəriş əsasında qiymətləndirilmiş, diaqnoz görmə sinirinin atrofiyası, monokulyar korluq olmaqla müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 11.08.2021-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçıya aid pensiya işinin surəti təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - DSMF-nin İsmayıllı rayon şöbəsi tərəfindən İddiaçı 22.01.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - 14 saylı Reginal ərazi filialının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ünvanladığı 24.02.2021-ci il tarixli, **********7 nömrəli xidməti məktubdan görünür ki, 14 saylı regional ərazi filialında İsmayıllı rayonu üzrə qeydiyyatda olan 3-cü dərəcə əlil İddiaçı təkrar müayinə olunmaqla əlilliyi təsdiq olunduğu üçün pensiyasının ödənilməsinin davam etdirilməsi tələbi ilə elektron poçt vasitəsilə filiala müraciət etmişdir. E-gov.az portalında vətəndaşın əlilliyinin təsdiqini tapdığını nəzərə alaraq ona pensiya ödənişinin bərpa olunması məsələsinə baxılması üçün sənədləri sizə göndərilir. Məlumat üçün bildirilir ki, İddiaçı pensiyanın ödənilməsi 01.10.2019-cu il tarixdən “aydınlaşma” səbəbi ilə dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 06.04.2021-ci il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı Regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bildirilir ki, əlilliyinizin bərpa olunması barədə müvafiq rəsmi məlumat Filialımıza daxil olduğu təqdirdə sizin pensiyanız bərpa ediləcək və bu barədə məlumat veriləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24.02.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 01.03.2018-ci il tarixindən təyin olunmuş əlilliyə görə pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qruplarına daxil olan şəxslərin təyinatları ilə bağlı 22.01.2019-cu il tarixli **********8 nömrəli xidməti məktubuna əsasən 01.10.2019-cu il tarixindən dayandırılmışdır. Vətəndaşın əmək pensiyasının dayandırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsistemi üzərindən həyata keçirildiyi üçün Fondun keçmiş İsmayıllı rayon şöbəsi tərəfindən yazılı inzibati qərar qəbul edilməmişdir. Əlavə olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən vətəndaşın əlillik dərəcəsi etibarlı olmaqla statusunda hər hansı dəyişiklik edilməmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına vətəndaşın əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı məlumat daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 03.03.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı elektron qiymətləndirilmə nəticəsində 22.01.2018-ci ildən “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış daxili audit yoxlamasının nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş göndərişin əsaslılığının araşdırılması üçün vətəndaş 27.01.2022-ci il tarixdə Agentlikdə əyani müayinəyə cəlb edilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq şəxsə dair göndərişdə qeyd edilən “Görmə sinirinin atrofiyası, monokulyar korluq” diaqnozunun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə uyğun olaraq İddiaçı 22 yanvar 2018-ci ildən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya 22.01.2018-ci il tarixdə təyin edilmiş müddətsiz əlillik qüvvədədir, sonuncu dəfə iddiaçıya 18.09.2019-cu il tarixdə pensiya ödənişi ödənilmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçıya 22.01.2018-ci il tarixdə “görmə sinirinin atrofiyası, monokulyar korluq diaqnozu” ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. İddiaçıya əlillik dərəcəsinə uyğun olaraq 22.01.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh orqan tərəfindən iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi 01.10.2019-cu il tarixdən dayandırılmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuzluğunu iddia edir və pensiya ödənişinin bərpa edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normaların tələbləri işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqanın iddiaçı üçün əlverişli inzibati akt olan 22.01.2018-ci il tarixli qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq 06.04.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 24.02.2022-ci il tarixli məktubunda da iddiaçıya təyin edilmiş pensiyanın 01.10.2019-cu il tarixindən dayandırıldığı, vətəndaşın əmək pensiyasının dayandırılmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsistemi üzərindən həyata keçirildiyi, pensiyanın dayandırılması barədə yazılı inzibati qərarın qəbul edilmədiyi bilavasitə bildirilmişdir. Beləliklə, inzibati orqanın pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətləri inzibati icraat qanunvericiliyinin prosessual tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda maddi hüquq normalarının pozulması ilə də nəticələnmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 37-ci maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı iş üzrə cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi iddiaya etirazında sözügedən Qanunun 37.8.3-cü maddəsinə istinad edərək iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin əsası kimi çıxış edən əlillik statusunun şübhəli hesab olunmasını ona əmək pensiyası verilməsi şərtlərinə uyğun olmayan hal kimi qiymətləndirmişdir. Halbuki, iş üzrə əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan hüquqi fakt qismində iddiaçı barəsində əlillik təyinatını aparan orqanın əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktı çıxış edir. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçıya 22.01.2018-ci il tarixdə üçüncü əlillik dərəcəsi təyin edilmişdir və əlillik təyinatı müddətsizdir. Cavabdehin də çıxışının olduğu pensiya təyinatı alt sistemində iddiaçıya təyin edilmiş əlillik dərəcəsi təyinatının qüvvədə olması barədə məlumat mövcuddur, sistem üzrə əlillik dərəcəsi təyinatının etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə məlumat yerləşdirilməmişdir. Üstəlik, cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 24.02.2022-ci il tarixli məktubunda da iddiaçının əlillik dərəcəsinin etibarlı olmaqla statusunda hər hansı dəyişiklik edilmədiyi, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala vətəndaşın əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı məlumatın daxil olmadığını qeyd etmişdir. Nəhayət, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavabda iddiaçıya 22.01.2018-ci il tarixdə əlillik dərəcəsi təyin edildiyini, İddiaçı dair rəsmiləşdirilmiş göndərişin əsaslılığının araşdırılması üçün sonuncunun Agentlikdə əyani müayinəyə cəlb edildiyi, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq şəxsə dair göndərişdə qeyd edilən “görmə sinirinin atrofiyası, monokulyar korluq” diaqnozunun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etdiyinin müəyyən edildiyi və bu əsasdan İddiaçı 22 yanvar 2018-ci ildən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanıldığı qeyd edilmişdir. İş üzrə cavabdehin qeyd etdiyi və pensiya alt sistemində sonuncu dəfə pensiya ödənişi ilə bağlı məlumata əsasən müəyyən olunur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi 01.10.2019-cu il tarixdən dayandırılmışdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən, eləcə də pensiyanın dayandırılma əsası kimi çıxış edən maddi hüquqi əsas olmadan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunu sübut etmədən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehin pensiya ödənişin dayandırılması ilə bağlı faktiki hərəkətləri qanunsuz hesab olunmaqla, pensiya ödənişinin dayandırıldığı 01.10.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ösənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı 22.01.2018-ci il tarixdən təyin edilmiş 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab olunsun. 01.10.2019-cu il tarixdən İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar