Məhkəmə qərarları › İş №2-1(112)-1641/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1641/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1641/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili çoxmənzilli yaşayış binasında payın alınması müqaviləsinə əsasən əldə etmişdir. Mənzil 3 otaqdan ibarətdir və müqavilə üzrə ümumi sahəsi 136 kv.m göstərilmişdir. Lakin həmin mənzil rəsmi dövlət qeydiyyatına alınmamışdır və mülkiyyət hüquqları rəsmən tanınmamışdır, faktiki istifadə olunmur. Bu yaxınlarda Bakı şəhəri Xətai rayon İcra şöbəsindən ona bildirilmişdir ki, Xətai Bələdiyyəsinin 15 aprel 2023-cü il tarixli 12.01/3-679 saylı qərarı ilə ona borc öhdəliyi hesablanmış və icra olunması üçün şöbəyə göndərilmişdir. Qərarın məzmununda yazılmışdır ki, “Vergi ödəyicisi olan fiziki şəxs X2 mülkiyyətində olan yaşayış mənzilinin sahəsinə görə vergi borcunun ödənilməsi üçün ən son 2 dekabr 2022-ci il tarixdə ünvanına tədiyyə bildirişi göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 136,70 kv.m yaşayış əmlak ödəniş üzrə 38.41 manat, ötən dövr üzrə 115,23 manat, o cümlədən faiz üzrə 35,72 manat, ümumilikdə 189,36 manat borcunu ödəməmişdir.” Nəticə etibarı ilə həmin qərarla barəsində “ümumilikdə hesablanmış 189,36 manat, maliyyə sanksiyası üzrə 150 manat, ümumilikdə 339.36 manat, borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Xətai Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülsün.” yekun öhdəlik borcu müəyyən olunmuşdur. İddiaçı barəsində verilmiş Bələdiyyə Qərarı ilə razılaşımır və məhkəmə qaydasında mübahisələndirir. Mübahisələndirilən əmlaka görə mülkiyyət hüquqları müəyyən olunmadığından vergi öhdəliyinə cəlb oluna bilmir və bu illər üzrə vergi borcu hesablanmamalıdır. Hazırkı vəziyyətdə onun adına mülkiyyət hüququnun müəyyən olunması barədə qeydiyyat aparılmamış və ünvan 3 ünvanında yerləşən mənzil hələ ki, müqavilə ilə onun adında qalmışdır. Digər bir tərəfdən Bələdiyyə bu illər ərzində ona və ünvanına heç bir bildiriş və xəbərdarlıq göndərməmiş və vergi ödəyicisi kimi qeydə alınması barədə məlumat verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140-cı maddələrinə, İPM-nin 2.2.1, 32.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 8-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin 15 aprel 2023-cü il tarixli 12.01/3-679 saylı qərarı ilə hesablanmış borc öhdəliyinun ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətində bildirilir ki, Azərbaycan Respublikasının Konstitutiyasının müddəaları, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının «İnzibati icraat haqqında», «Bələdiyyələrin statusu haqqında» «Yerli Vergilər (bələdiyyələr) haqqında» qanunları, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə» və digər hüquqi aktlar yerli (bələdiyyə) vergilərinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı yaranan iqtisadi və digər münasibətləri tənzimləyir. Yerli vergilər (bələdiyyə vergiləri) dövlət vergi sisteminin tərkib hissəsidir. Əmlaklar barədə siyahılar hündürmərtəbəli, çoxmənzilli binaların komendantından bələdiyyənin sorğuları əsasında təqdim edilir. Həmin siyahılar üzrə vergi ödəyiciləri qeydiyyata alınmış və vergiləri əks etdirən tədiyyə bildirişləri ünvanlara, o cümlədən sonuncu 9 dekabr 2022-ci il tarixdə X2 ünvanına təqdim edilmişdir. O isə, aydınlıq gətirmək, yaxud müqavilə əsasında sahibliyində olan əmlakına dair çıxarışın olubolmamasını sübut etmək əvəzinə, ödənişdən imtina etmişdir (tədiyyədə göstərilib). Bundan sonra ardıcıllıqla 23 dekabr 2022-ci il tarixdə 805 nömrəli xəbərdarlıq və akt tərtib edilmiş, inzibatı akta, yaxud aktın ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə 30 gün müddətində bildirməsi onun nəzərinə çatdırılmışdır. Həmin xəbərdarlıq və akt poçt pabitəsi vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. Lakin o, nə 30 gün ərzində, nə də onun barəsində qərar qəbul ediləcəyi gün (27 yanvar 2023-cü il tarixdə) yazılı, yaxud şifahi hər hansı etiraz bildirməməş və bələdiyyəyə gəlməmişdir. Nəhayət, vaxt axını keçdikdən sonra bələdiyyənin vergi xidmətinin 18 aprel 2023-ci il tarixli təqdimatına baxaraq 19 aprel 2023ci il tarixdə bələdiyyə tərəfindən 12.01/3-579 nömrəli qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 82-ci maddisinin tələblərinə əsasən könüllü ödəmək məqsədilə ödəyici məlumatlandırılmışdır. Könüllü ödəmədiyi üçün qərarın məcburi icra olunması məqsədilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə müraciət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.5, 16.1.6, 50.1.1, 33.2, 50.2.3-cü maddələrinin tələblərini pozmuşdur. İddiasına görə göstərilən əmlak onun mülkiyyətində deyil. Vergi qanunvericiliyinə görə verginin düzgün hesablanmamasını sübut etmək vəzifəsi vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bunu əsas tutaraq həmin əmlakın iddiaçının mülkiyyətində olmadığına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış təqdim edilməsi məqsədəuyğun hesab edilər. Həmin arayışa əsasən qeyd edilən əmlaklar həqiqətən mülkiyyətində olarsa 12.01/3-579 nömrəli qərarın qüvvədə saxlanması, mülkiyyətində olmazsa, Azərbaycan Respublikasının Vergi Məcəlləsi nin 16.1.5, 16.1.6, 50.1.1, 33.2, 50.2.3.-cü maddələrinin tələblərini pozduğu üçün maliyyə sanksiyası hissəsinin qüvvədə saxlanması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kv.m-ə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. «Bələdiyyələtin statusu haqqında» Qanunun 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: (3.1.1) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; (3.1.2) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (3.1.3) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin Əsasnamənin 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin Əsasnamənin 5.4-cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Həmin Əsasnamənin 5.5-ci maddəsinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin Əsasnamənin 5.6-ci maddəsinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Həmin Əsasnamənin 5.7-ci maddəsinə əsaəsn ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Həmin Əsasnamənin 5.8-ci maddəsinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Əsasnamənin 5.9-cu maddəsinə ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Həmin Əsasnamənin 5.10-cu maddəsinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Həmin Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Həmin Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə ilk növbədə bildirir ki, əmlak vergisi – siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar Vergi Məcəlləsinin Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən Xətai rayonu Xətai Bələdiyyəsinin 12.01/3-579 nömrəli 15 aprel 2023-cü il tarixli qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus (istifadəsində olan) əmlaka görə ödənilməmiş borcun ödənilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh iddiaçının istifadəsində olan daşınmaz əmlaka (mənzil) münasibətdə əmlak vergisinin ödənilməsinin zəruriliyi ilə bağlı qərar qəbul etmiş, lakin prosessual qənaət prinsipi baxımından inzibati akt inzibati icraat qaydalarına riayət olunmadan qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarın «İnzibati icraat haqqında» Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişlərinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, məhkəmə aşağdakıları əsas gətirir: «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. «İnzibati icraat haqqında» Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Hazırki işdə iddiaçıya əmlak vergisi hesablamazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Xüsusi ilə qeyd olunmalıdır ki, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin tələblərinə görə, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə ilk öncə bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir ki, həmin akta dair ödəyicinin aktı aldığı gündan 30 gün müddətində yazılı etirazını bildirmək hüququ vardır. Belə etiraz (və ya izahat) verilmədikdə, həmin müddət bitdikdən sonra, ödəyicinin iştirakı ilə, 3 iş günü əvvəl vaxtı və yeri barədə məlumat verilməklə həmin akta 15 gün müddətində baxılır (bu halda ödəyicinin gəlməməsi məsələyə baxılmasına mane olmur) və bələdiyyə tərəfindən ödəyici barədə vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün “məhkəməyə müraciət edilməsi barədə” qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir və qərarın surəti verilmə tarixini təsdiq edən üsulla ödəyiciyə təqdim edilir. Hazırki işin hallarından isə görünür ki, bələdiyyə tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, inzibati icraat qaydalarına riayət olunmadan 23 dekabr 2022-ci il tarixdə bələdiyyənin vergi xidmətinin üç əmkdaşının iştirakı ilə tərtib olunmuş, akta baxılması barədə iddiaçıya Əsasnamə ilə nəzərdə tutulan (iddiaçının iştirakı ilə) qaydada məlumatlandırma həyata keçirilməmişdir. Cavabdeh tərəfindən inzibati icraat materiallarına əlavə olunmuş poçt xəbərnaməsi isə 11 yanvar 2023-cü il tarixə, yəni aktın tarixdən sonraya aid olduğundan, həmin xəbərnamə iddiaçıya iclas barədə məlumatlandırılmasını təsdiq edən sənəd qismində çıxış etmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə mübahisələndirilən inzibati aktın bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının istifadəsində olan əmlaka görə əmlak vergisinin tutulması haqqında qərar qəbul etsə də, həmin qərar «İnzibati icraat haqqında» Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, bu hal inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmadığına dəlalət edir. Göründüyü kimi, cavabdeh inzibati icraat qaydalarına riayət etmədən əsassız olaraq iddiaçının əlavə məsuliyyətə cəlb edərək onun barəsində qərar qəbul etmişdir. Odur ki, həmin qərarlar ləğv olunmalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə İPM-in 13, 52-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində tələbin «cavabdehin qərarı ilə hesablanmış borc öhdəliyinun ləğv edilməsi» göstərilməsini formal xəta qismində qiymətləndirir və tələbi «cavabdehin qərarının ləğv edilməsi» kimi qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək, cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinin 12.01/3-579 nömrəli 15 aprel 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinin 12.01/3-579 nömrəli 15 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar