Məhkəmə qərarları › İş №2-1(112)-1641/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1641/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1641/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun sığorta stajına bir il əmək stajının hesablanmasının təmin edilməsi və buna dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 1973-cü ildə Azərbaycan Dövlət Pedaqojı İnstitutuna qəbul olunana qədər Ağsu rayonu Nəriman Nərimanov adına kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 avqust 2021-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin onun bir il əmək stajı sığorta stajına hesablanmamışdır. O, 1972-ci ildə tam orta məktəbi bitirmiş, 10 avqust 1972-ci il tarixdən 30 iyul 1973-cü il tarixədək N.Nərimanov adına kolxozda kolxozçu işləmişdir. Bir il əmək stajı yazılmış əmək kitabçasını 1973-cü ildə digər sənədləri ilə birlikdə instituta təqdim etmiş və V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1977-ci ildə institutun əyani şöbəsini bitirmişdir. Bununla bağlı təhsil aldığı institutun arxiv idarəsinə yazılı müraciət etmiş, arxiv idarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçının qəbul zamanı bir il əmək stajı kimi əlavə üstünlüyü olmuşdur. İddiaçı həmin müddətin sığorta stajına daxil edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bununla bağlı əmək kitabçasında qeyd aparılmadığından imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı 15 may 2024-cü il tarixli ərizə ilə DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək onun iş stajına hesablanmamış 1 il əlavə iş stajı kimi üstünlüyünün əlavə edilməsi və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə baxılmış və iddiaçıya 30 may 2024-cü il tarixli 3-17-12-0- 127245/2024 nömrəli imtina məktubu ünvanlanaraq onun sözügedən iş stajının əmək kitabçasında qeyd olunmadığından yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq, iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək 32 il 24 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 28521,13 manat pensiya kapitalı (2021-ci il tarixə indeksləşdirilmiş) və xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4.906,31 manat pensiya kapitalı (2023-cü il tarixə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 495,32 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 551,22 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2024-cü il tarixli 32 saylı arxiv arayışına əsasən bir il əlavə iş stajı kimi üstünlüyünün olması qeyd edilsə də, əmək kitabçasının surətində qeyd edilmədiyindən həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Sözügedən dövrün hərtərəfli araşdırılması üçün Milli arxiv idarəsinin Ağsu rayon filialına iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək “N.Nərimanov” adına kolxozda işləyib-işləməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu ünvanlanmışdır. Milli arxiv idarəsinin Ağsu rayon filialının 07 oktyabr 2024-cü il tarixli 3-48- 5RA/2-33-110/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının həmin dövrdə “N.Nərimanov” adına kolxozda işləməsi ilə bağlı arxivdə heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza izahat verərək edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Г-İ seriyalı, 033241 nömrəli diplomun surətinə əsasən İddiaçı 1973-cü ildə V.İ.Lenin adına X5 ordenli Azərbaycan Dövlət Pedaqojı institutuna daxil olmuş və 1977-ci ildə azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildə Mustafalı kənd 8 illik məktəbinə ixtisası üzrə müəllimi təyin edilmişdir. xx.xx.1978-ci il tarixdə Ərəbmehdibəy kənd orta məktəbinin ali təhsilli ədəbiyyat müəllimi ehtiyaca və razılığa əsasən irəli çəkilərək həmin məktəbə sinifdən xaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə ali təhsilli dil ədəbiyyat müəllimi Bakı şəhəri Suraxanı rayonu 232 saylı məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə dil ədəbiyyat müəllimi təşkilatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 232 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı ilə bağlanmış əmək müqaviləsinə çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 232 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixədək 1 ştat vahidi ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqojı Universitetinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərində adı qeyd olunan şəxs - İddiaçı 22 iyun 1977- ci ildə “Azərbaycan dili və ədəbiyyat müəllimi “ ixtisasını bitirmiş və ona T-l №033241 saylı adi diplom verilmişdir. Əlavə olaraq qeyd edək ki, İddiaçı bir il əmək stajı üstünlüyü olmuşdur. Həmin məktuba qoşma əlavə edilmiş Azərbaycan Dövlət Pedaqojı Universitetinin 368 saylı, xx.xx.2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən görünür ki, İddiaçı həqiqətən, 22 avqust 1973cü il tarixli 655(t) saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. İddiaçı 22 iyun 1977-ci tarixli 3/348 saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bitirmiş, ona, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası və T-İ № 033241 (qeydiyyat: 153) saylı adi diplom verilmişdir. İddiaçı qəbul zamanı bir il əmək stajı kimi əlavə üstünlüyü olmuşdur. Arxiv arayışına əlavə edilmiş V.İ.Lenin adına X5 ordenli Azərbaycan Dövlət Pedaqojı institutu üzrə 655 saylı əmrdə siyahıda adları göstərilən şəxslərin institutunun “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilməsi göstərilmişdir. Əmrin adlı siyahısında əlavə üstünlük qrafasında iddiaçının adı qarşısında 1 il əmək stajı qeydi aparılmışdır. Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivinin 02 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X1 xx.xx.1972-ci il tarixdən xx.xx.1073-cü il tarixə qədər ki dövr ərzində “N.Nərimanov’' adına kolxozda işləməsi ilə bağlı heç bir məlumat Ağsu rayon Dövlət Arxivində aşkar olunmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 03 avqust 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçı ona əmək pensiyası təyin edilərkən 10 avqust 1972-ci il tarixdən 30 iyul 1973-cü il tarixədək N.Nərimanov adına kolxozda kolxozçu işlədiyi dövrün əmək stajına daxil edilmədiyini iddia edir. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının həmin dövrə aid olan stajı əmək kitabçasında qeyd edilməmişdir. Bununla bağlı dövlət arxivinə sorğu verilsə də, dövlət arxivində bununla bağlı hər hansı sənəd aşkar edilməmişdir. Lakin, işin məhkəmə araşdırması zamanı Azərbaycan Dövlət Pedaqojı Universitetinə verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, iddiaçı V.İ.Lenin adına X5 ordenli Azərbaycan Dövlət Pedaqojı institutu üzrə 655 saylı əmrlə həmin institutun “Dil və ədəbiyyat” (2102) ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmiş və instituta qəbul edilərkən adlı siyahıda onun 1 il əmək stajı üstünlüyü olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçının ali məktəbə qəbul olarkən bir il əmək stajı üstünlüyü olduğu arxiv sənədləri ilə təsdiq edilir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının iddiaçının 1973-cü ildə Azərbaycan Dövlət Pedaqojı İnstitutuna qəbul olunana qədər Ağsu rayonu Nəriman Nərimanov adına kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1973-cü ildə Azərbaycan Dövlət Pedaqojı İnstitutuna qəbul olunana qədər Ağsu rayonu Nəriman Nərimanov adına kolxozda işlədiyi bir il əmək stajını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar