Məhkəmə qərarları › İş №2-1(112)-1642/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1642/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1642/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi Hüseynova Ülviyyə Ələskər qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin düzgün müəyyən edilməsi və ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Şəki şəhər Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hesablanmış 293.00 manat məbləğində yaşa görə əmək pensiyası ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını (bundan sonra Mərkəzi Filial) qeyd etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona yaşa görə hesablanmış pensiya məbləğinin düzgün müəyyən edilərək 293 manat təyin edilib ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. Ona 2016-cı ilin noyabr ayından İİ qrup əlillik dərəcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.07.2017-ci il tarixdən isə ona 01.06.2006-cı ildə tarixdən 01.05.2010-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalının sığorta hissəsi əmək pensiyanın üzərinə əlavə edilmişdir. DSMFnin Şəki şəhər Şöbəsi əlillik dərəcəsi olduğu halda, o yaşa görə əmək pensiyasına çıxdıqda növdəyişmə adı altında pensiyanın məbləği azaldılmışdır. Lakin o, əmək pensiyasının məbləğinin azadılmasını qanunsuz və əsassız hesab edir. Onun 2020-ci ilin iyul ayınadək qazanmış olduğu sığorta hissəsi dəyişməz qalmalıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, heç bir halda əmək pensiyasının məbləği azaldıla bilməz. Lakin DSMF-nin Şəki rayon Şöbəsi tərəfindən onun əmək pensiyasının məbləğində əlilliyə görə əmək pensiyası aldığı halda qanunsuz olaraq yaşa görə 239,00 manat əmək pensiyası hesablanaraq azaldılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırılmışıdır ki, İddiaçı hal-hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını, daha artıq məbləğdə pensiya təyin edilməli olduğunu iddia edir. 01.07.2020-ci il tarixdən İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı 01.01.2006-cı il tarixədək 33 il 1 ay sığorta stajına və 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9991,91 manat pensiya kapitalına əsasən 01.07.2020-ci il tarixdən 239,76 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Nəticədə əmək pensiyasının artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək 01.01.2021-ci il tarixindən 267,09 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (01.10.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. Tgözlənilən pensiya ödənişi müddətinin aylarının sayı=144 ay. Sözügedən Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçı təqdim etdiyi Ч№661448 saylı diplomunun surətinə əsasən 01.09.1972-09.07.1974-cü illər təhsil illəri də daxil olmaqla, H3 № 291732 saylı hərbi biletinin surətinə əsasən 03.11.1974-18.11.1976-cı illər hərbi xidmət dövrü, 08.10.1974-cü il tarixində tərtib edilmiş № 742 saylı əmək kitabçasına əsasən 03.08.1974-16.10.1974-cü illər, 18.12.1976-24.10.1981-ci illər, 29.10.1981-30.04.1987-ci illər, 04.05.1987- 01.01.2006-cı illər işlədiyi dövr üzrə ümumilikdə 01.01.2006-cı il tarixinədək sığorta stajı 33 il 1 ay təşkil edir. Eyni zamanda İddiaçı 01.01.2006-cı il tarixindən 05.06.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 9991.91 manat pensiya kapitalı qeydə alınmışdır. Sözü gedən şəxsin əmək pensiyasının məbləği Mərkəzi Filialın 10.02.2021-ci il tarixli, **********0 saylı qərarına əsasən aşağıda göstərilən qaydada hesablanmışdır. 2006cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (33*306)+(306:12*1)=10123,5 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 01.01.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 24524,7 manat təşkil edir: 2006-cı il 10123,5; 2007-ci il 10963,7; 2008-ci il 12794,6; 2009-cu il 15455,9; 2010-cu il 15687,7; 2011-ci il 16581,9; 2012-ci il 17891,9; 2013-cü il 18088,7; 2014-cü il 18522,8; 2015-ci il 18782,1; 2016-cı il 19533,4; 2017-ci il 21955,5; 2018-ci il 23206,96; 2019-cu il 23903,2; 2020-ci il 24524,7. 24524,7:144=170,31; 9991,91:144=69,39 manat; P=170,31+69,39=239,70 manat. İndeksləşdirilmədən sonra: 01.01.2021-ci il tarixindən 239,70 +11,4%=267,03 manat. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 267.03 manat müəyyən edilmişdir. İddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseynova Ülviyyə Ələskər qızı iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş İddiaçı məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, 23.10.2009-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Şəki rayonu, Baltalı kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 03.11.1974-cü ildən 1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı Plan-Uçot Texnikumu tərəfindən verilmiş Ч № 661448 nömrəli, 10.07.1974-cü il tarixli diplomun surətində görünür ki, İddiaçı 1972-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı Plan- Uçot Texnikumuna daxil olmuş və 1974-cü ildə kənd təsərrüfatı istehsalatında mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmiş, dövlət ixtisas komissiyasının 09 iyul 1974-cü il tarixli qərarı ilə ona mühasib ixtisası verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 03.08.1974-cü ildən 16.10.1974-cü ilədək Fioletov adına Tərəvəz-Meyvəçilik Sovxozunda mühasib, 18.12.1976-cı ildən 24.10.1981-ci ilədək Baltalı Kəndi XXİİİ Partiya Qurultayı adına kolxozda baş iqtisadçı, 29.10.1981-ci ildən 30.04.1987-ci ilədək həmin kolxozda baş mühasib, 04.05.1987-ci ildən 09.11.1989-cü ilədək Şəki rayon Aqrokombinatında böyük təftişçi-mühasib, 04.05.1990-cı ildən 14.12.1992-ci ilədək Şəki Aqrokombinatında mühasib, 14.12.1992-ci ildən 20.10.1993-cu ilədək Şəki Aqrokombinatında aparıcı təftişçi, 20.10.1993-cü ildən 30.01.1995-ci ilədək Şəki Aqrokombinatında aparıcı təftişçi-mühasib, 01.04.1995-ci ildən 01.06.1995-ci ilədək Şəki rayon X4 aparıcı təftişçi mühasib, 01.06.1995-ci ildən 19.10.1997-ci ilədək “Baltalı” kolxozunun sədri, 19.10.1997-ci ildən 15.08.1999-cu ilədək Baltalı Kooperativinin sədri, 15.08.1999-cu ildən 22.01.2000-ci ilədək Baltalı kolxozu üzrə aqrar islahat komissiyasının sədri, 22.01.2000-ci ildən 26.01.2015-ci ilədək Baltalı Bələdiyyəsinin sədri, 26.01.2015-ci ildən 31.03.2015-ci ilədək Baltalı Bələdiyyəsinin sədri vəzifələrində işləmişdir. - İddiaçı aid 930633 nömrəli pensiya işinin lazımi qaydada təsdiq edilmiş materiallarından görünür ki, İddiaçı 14.11.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 14.11.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əmək pensiyası təyin edilən komissiyanın 28.11.2016-cı il tarixli, 1327 nömrəli qərarı ilə ona 2-ci qrup əlilliyə görə 110,0 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı 08.06.2020-ci il tarixdə ərizə ilə müraciət edərək təqaüd yaşına çatdığı üçün ona yaşa görə təqaüdünun hesablayaraq əlillik təqaüdünün yaşa görə təqaüdə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əmək pensiyası təyin edilən komissiyanın 18.06.2020-cı il tarixli, 90 nömrəli qərarı ilə İddiaçı pensiya növü dəyişdirilərək ona yaşa görə 01.07.2020-ci il tarixdən müddətsiz pensiya təyin edilmişdir. Pensiya məbləği 293,22 manat müəyyən edilmişdir. İddiaçı 29.09.2020-ci il tarixli ərizəsində artıq aldığı pensiya məbləğinin pensiyasından 56,04 manat məbləğində tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əmək pensiyası təyin edilən komissiyanın 30.09.2020-cı il tarixli, 1 nömrəli qərarı ilə inventarizasiya aktına əsasən İddiaçı 01.07.2020-ci ildən 30.09.2020-ci ilədək artıq aldığı 56,04 manatın ərizəsinə əsasən pensiyasından tutulması qərara alınmış, ona yaşa görə 01.07.2020-ci il tarixdən müddətsiz 274,54 manat pensiya təyin edilmişdir. Mərkəzi Filialın 30.11.2020-ci il tarixli, ********** №-li qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğinin 01.07.2020-ci il tarixdən 239,76 manat olması müəyyən edilmişdir. Mərkəzi Filialın 10.02.2021-ci il tarixli, **********0 №-li qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğinin 267,09 manat olması müəyyən edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilən zaman 01.01.2006-cı ilədək sığorta stajının 33 il 1 ay təşkil etməsi, 01.01.2006-cı ilədn fərdi hesabının sığorta hissəsində 9991,91 manat pensiya kapitalının olması müəyyən edilmişdir. - Mərkəzi Filialın **********4 №-li, 01.11.2021-ci il tarixli xidməti məktubundan görünür ki, vətəndaş İddiaçı 01.07.2020-ci il tarixində əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı təqdim etdiyi Ч № 661448 saylı diplomunun surətinə əsasən 01.09.1972- 09.07.1974-cü illər təhsil illəri də daxil olmaqla, H3 № 291732 saylı hərbi biletinin surətinə əsasən 03.11.1974-18.11.1976-cı illər hərbi xidmət dövrü, 08.10.1974-cü il tarixində tərtib edilmiş № 742 saylı əmək kitabçasına əsasən 03.08.1974-16.10.1974-cü illər, 18.12.1976- 24.10.1981 -ci illər, 29.10.1981- 30.04.1987-ci illər, 04.05.1987-01.01.2006-cı illər işlədiyi dövr üzrə ümumilikdə 01.01.2006-cı il tarixinədək sığorta stajı 33 il 1 ay təşkil edir. Eyni zamanda İddiaçı 01.01.2006-cı il tarixindən 05.06.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 9991.91 manat pensiya kapitalı qeydə alınmışdır. Sözü gedən şəxsin əmək pensiyasının məbləği Mərkəzi Filialın 10.02.2021-ci il tarixli, **********0 saylı qərarına əsasən aşağıda göstərilən qaydada hesablanılmışdır: 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (33x306)+(306:12x1)=10123,5. 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 01.01.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 24524,7 manat təşkil edir. 24524,7:144=170,31; 9991,91:144=69,39 manat; P=170,31+69,39=239,70 manat. İndeksləşdirilmədən sonra: 01.01.2021-ci il tarixindən 239,70+11,4%=267,03 manat. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 267,03 manat müəyyən edilmişdir. - Mərkəzi Filialın **********9 №-li, 24.01.2022-ci il tarixli xidməti məktubundan görünür ki, vətəndaş İddiaçı 08.06.2020-ci il tarixli müraciətinə əsasən əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyası növünə dəyişdirilən zaman vətəndaşın yaşa görə əmək pensiyasının məbləği 2020-ci il tarixində qüvvədə olan qanunvericiliyə uyğun olaraq staj və kapital nəzərə alınmaqla yenidən hesablanmalı olduğu halda, səhvən 01.07.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.9.1-ci maddəsinə əsasən hesablanmışdır. Həmin maddəyə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən əlilliyə görə aldığı əmək pensiyasının sığorta hissəsi (274,54 manat) saxlanılaraq üzərinə əlilliyə görə əmək pensiyası təyin olunduğu tarixdən yaşa görə əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalının sığorta hissəsi (18,68) əlavə edilməklə (274,54+18,68=293,22 manat) hesablanmışdır. Əlavə olaraq bildirilir ki, 15.12.2020-ci il tarixindən 14.06.2021-ci il tarixinədək aylar üzrə 44.55 manat olmaqla ümumilikdə 267.30 manat məbləğində vəsait tutularaq Fondun büdcəsinə bərpa olunmuşdur. - Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış **********4 №-li, 14.04.2021-ci il tarixli məktubdan görünür ki, müraciətinə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü rnaddəsinin tələblərinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialının 18.06.2020ci il tarixli 90 nömrəli qərarına əsasən 01.07.2020-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək 293,22 manat məbləğində yaşa görə əmək pensiya növünə keçirilmişdir. Məlumat üçün bildirilir ki, 01.01.2006-cı il tarixinədək 33 il 1 ay sığorta stajına və 01.01-2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9991,91 manat pensiya kapitalına əsasən 01.07.2020-ci il tarixindən ona 239,76 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Nəticədə əmək pensiyasının artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd olunan maddənin tələbinə əsasən 29.09.2020-ci il tarixli ərizəsi ilə 01.07.2020-ci il tarixindən ona artıq ödənilmiş əmək pensiyasının məbləği tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək 01.01.2021-ci il tarixindən 267,09 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, onun yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 14.11.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 14.11.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizəsinə əsasən ona 2-ci qrup əlilliyə görə 110,0 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı 08.06.2020-ci il tarixdə ərizə ilə müraciət edərək təqaüd yaşına çatdığı üçün əlillik təqaüdünün yaşa görə təqaüdə keçirilməsini xahiş etmiş və inzibati orqanın 18.06.2020-cı il tarixli, 90 nömrəli qərarı ilə İddiaçı pensiya növü dəyişdirilərək ona yaşa görə 01.07.2020-ci il tarixdən müddətsiz pensiya təyin edilmiş, pensiya məbləği 293,22 manat müəyyən edilmişdir. 30.09.2020-cı il tarixli, 1 nömrəli qərarı ilə pensiya yenidən hesablanaraq İddiaçı təyin edilən pensiya məbləğinin 274,54 manat olması, 30.11.2020-ci il tarixli, ********** №-li qərar ilə isə 239,76 manat olması müəyyən edilmişdir. İddiaçı ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin düzgün müəyyən edilməməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən ibarətdir. - 10.1-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinin tələblərinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 13.5-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. - 29-cü maddəsinə əsasən əmək pensiyasının sığorta ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. - 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.9.1-ci bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyasına keçirilən zaman qanunvericiliyin qüvvədən düşmüş normasına əsasən pensiya məbləği hesablanmış, sonradan bu səhv aradan qaldırılmış və iddiaçının özünün ərizəsinə əsasən ona artıq ödənilmiş pensiya məbləği geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, yaşa görə əmək pensiyasının məbləği müəyyən edilən zaman qanunvericiliyin qüvvədə olan normaları nəzərə alınmaqla düzgün tətbiq olunduğundan, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar