Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16422/2023 27.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə inzibati işə 27 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən, İddiaçı təhsil aldığı müddətin 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 əsl İddiaçı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, əsl olmayan iddiaçı X5 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı Polis Akademiyasında 2014-cü ildən “hərbi kafedra” yaradılaraq fəaliyyət göstərir. 5 illik tədris müddəti ərzində polis kursantlarına hərbi dərslər keçilməklə, Akademiyanı bitirmiş polis kursantlarına polis rütbəsindən əlavə ilkin “hərbi leytenent” rütbələri də verilir. Azərbaycan Respublikasının Polis Akademiyasında təşkil edilmiş xidmət sahəsi, hərbi xidmətin xüsusi bir növü kimi dəyərləndirilir və polis kursantları Polis Akademiyasını bitirdikdən sonra, hər bir polis əməkdaşı, hərbi xidmətdən azad olunmuş sayılır. Polis Akademiyası ilə hərbi qulluqçu hazırlayan ali təhsil müəssisələrinin gündəlik qulluq və təlim keçmə qaydaları bir birindən heç də fərqlənmir. Hər iki təhsil müəssisəsində kursantlar qapalı kazarma şəraitində yaşamaqla, gündəlik təlimlər keçir, özlərinin fiziki hazırlıqlarını möhkəmləndirirlər. Polis Akademiyasında qeyd edilən dövrdən hal-hazıra kimi “hərbi kafedra” fəaliyyət göstərir ki, polis kursantları hərbi kafedranın mütəxəssisləri tərəfindən hərbi biliklərə yiyələnmişlər. Elə qeyd olunan səbəbdən də, Polis Akademiyasını bitirmiş kursantlar, hərbi xidmətə getməkdən azad olunurlar. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu qanunla müəyyən olunmuş müddətdə qərar qəbul etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İŞlər Nazirliyinin Polis Akademiyasında əyani təhsil almış, təhsildə müvəffəqiyyətsizliyə görə Polis Akademiyasından xaric edilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş və hal-hazırda da xidmətini davam etdirməkdədir. İddiaçı akademiyada təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən, 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.... ... “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2014-cü il tarixli, 739 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnaməsi: 5.3. Azərbaycan Respublikasının Daxili İşlər naziri: ... 5.3.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə v şöbələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir; ... Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”: 1.3. Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. 9.15. Akademiyaya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər. 9.21. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə “polis leytenantı” ilk zabit xüsusi rütbəsi verilir. Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və nümunəvi nizam-intizama malik məzunlar birbaşa “polis baş leytenantı” xüsusi rütbəsinin verilməsi üçün təqdim olunurlar.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, müvəffəqiyyətsizliklərinə görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Göründüyü kimi, iddiaçının tələbinin maddi hüquqi əsasını “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi təşkil edir. Həmin maddədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları göstərilsə də, iddiaçının təhsil aldığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantlarına da şamil olunmalıdır. Belə ki, yuxarıda da istinad olunduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2014-cü il tarixli, 739 nömrəli Sərəncamı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Həmin sərəncamın tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında X4 məzunlarına ilkin zabit hərbi rütbəsi verilməsi ilə bağlı müddəa əlavə edilmişdir. Beləliklə, Akademiyanı müvəffəqiyyətlə bitirmiş kursantlara daxili işlər nazirinin əmri ilə “polis leytenantı” ilk zabit xüsusi rütbəsi ilə yanaşı ilkin zabit hərbi rütbəsi də verilir. Akademiyanı bitirmiş kursantlar həqiqi hərbi xidmətə çağırılmırlar, başqa sözlə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları kimi həqiqi hərbi xidmət keçmiş sayılır və ilkin zabit hərbi rütbəsi alırlar. Məhkəmə bir halı da qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamın tətbiqi ilə əlaqədar olaraq kursantların təhsil dövrünün həqiqi hərbi xidmət kimi sayılmasına dair X2 dəyişiklik edilməməsi, hazırkı iş üzrə iddiaçının ziyanına şərh olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, həmin sərəncamın tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında X4 məzunlarına ilkin zabit hərbi rütbəsi verilməsi ilə bağlı müddəa əlavə edilsə də, X1 bu dəyişiklik edilməmiş və hələ də, yalnız “polis leytenantı” ilk zabit xüsusi rütbəsi verilməsi göstərilmişdir. Məhkəmə həmçinin vurğulayır ki, adıçəkilən sərəncamla Polis Akademiyası ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da hərbi kafedralar yaradılmışdır. Nizamnaməsinə əsasən həmin akademiyanın kursantları həqiq hərbi xidmətdə sayılırlar və “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanununun 28.4cü maddəsi onlara tətbiq edilir. Belə olan halda, hazırkı məsələ ilə bağlı Polis Akademiyasını ondan fərqləndirmək əsasızdır. Hazırkı iş üzrə iddiaçının “hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsəməsi, 5 ilə yaxın müddətdə təhsil alması, akademiyanı müvəffəqiyyətlə bitirdiyi halda ilkin zabit hərbi rütbəsi almaqla həqiqi hərbi xidmət keçmiş sayılacağı nəzərə alındıqda, sonuncu ildə akademiyadan xaric edildiyinə görə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçməli olmasına dair cavabdehin mövqeyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan “mütənasiblik” prinsipinə uyğun və şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. Bu baxımdan ona “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərə alındıqda, hazırkı günə 5 ay xidmət etmişdir və təhsil aldığı dövrün 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanarsa artıq ehtiyata buraxılmalı olduğu vaxtı ötmüş olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbacyan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddətin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən, 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərarın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddətin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən, 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərarın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov