Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16425/2025 02.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar vəzifələri ləğv edilmiş prokurorluq işçiləri haqqında” 11/344a-k nömrəli xx.xx.2020-ci il tarixli Əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar həmin idarələrdə işləyən aşağıda adlan qeyd olunan prokurorluq işçiləri tutduqları vəzifədən azad edilsinlər:
2. Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ədliyyə müşaviri X2 - mühüm işlər üzrə müstəntiq ... İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət edərək, dövlət qulluqçusu kimi pensiya hüququnun müəyyən olunması zamanı “mühüm işlər üzrə müstəntiq” vəzifəsi Yeni strukturda ona bərabər tutulan “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsi əsasında, əmək stajı, vəzifə maaşı, əlavə ödənişlər və sairə nəzərə alınmaqla pensiyasının xx.xx.2024-cü ildən Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uygun olaraq yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “...xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmisiniz. Qeyd olunanları nəzərə alaraq, pensiyanızın müraciətinizdə göstərdiyiniz kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsinə uyğun hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildiririk ki, əmək pensiyanız 5718,28 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür.”
İddia tələbi və iddianın əsaslandırması:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nin pensiyanı düzgün hesablamadan xx.xx.2024-cü il tarixdən təyin etməsi barədə qərarının qanunsuz hesab edilib ləğv edilməsi, Prokurorluq əməkdaşı kimi Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla pensiyanın xx.xx.2024-cü il tarixdən yenidən hesablanması və əmələ gəlmiş fərq pulunun ölənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildən xx.xx.2024-cü il tarixinədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2015-ci il tarixdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsnə əsasən 25 il iş stajına görə əmək pensiyasına çıxmış və prokurorluqda qalıb işləmişdir. xx.xx.2024-ci il tarixdə 60 yaşı tamam olmuş və prokurororluqda qulluq keçmənin son yaş həddi ilə bağlı Baş prokurorun 14 avqust 2024-cü il tarixli müvafiq əmri ilə prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.4.2-ci maddəsi ilə 15 avqust 2024-ci il tarixdən pensiyası yenidən hesablanıb təyin edilmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2088 nömrəli Sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2020-ci il tarixli 10/55-11/14-ş nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunmuş, ləğv olunmuş idarələrin ştat vahidləri hesabına eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikası Baş prokurorluğunun istintaq idarəsi yaradılmışdır. “Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar vəzifələri ləğv edilmiş prokurorluq işçiləri haqqında” Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2020-ci il tarixli 11/344a-k nömrəli əmri ilə tutduğu vəzifədən azal edilmişdir. Həyata keçirilmiş struktur islahatları nəticəsində Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunaraq, onun funksiyaları və ştat vahidləri Baş Prokurorluğun yeni yaradılmış İstintaq idarəsində birləşdirilmişdir. O, xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək ləğv olunmuş Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. Tutduğu həmin vəzifənin xüsusiyyətləri agır və xüsusilə agır, çoxepizodlu və ictimai təhlükəli cinayətlərin istintaqını aparmaq olmaqla, bu işlər yüksək professional məsuliyyət, ictimai rezonans və təhlil mürəkkəbliyi ilə səciyyələnirdi. Həmin funksiyalar xx.xx.2020-ci ildən Azərbaycan Respublikası Baş prokurorluğunun yeni yaradılmış İstintaq idarəsinə həvalə edilmişdir. Yuxarıda göstərilən xüsusiyyətlərə və funksional yüklənməyə əsasən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin hazırda qanuni hüquqi varisi kimi fəaliyyət Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılması struktur və hüquqi baxımdan əsaslı hesab olunur. Bu səbəbdən dövlət qulluqçusu kimi pensiya hüququnun müəyyən olunması zamanı “mühüm işlər üzrə müstəntiq” vəzifəsi Yeni strukturda ona bərabər tutulan “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsi əsasında, əmək stajı, vəzifə maaşı, əlavə ödənişlər və sairə nəzərə alınmalıdır. Odur ki, bu məsələ üzrə müvafiq qiymətləndirmə apararaq “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən pensiya hüququ bu uyğunluq əsasında nəzərdən keçirilməsi və pensiyanın xx.xx.2024-cü ildən Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uygun olaraq yenidən hesablanması barədə qərar qəbul edilməli idi. xx.xx.2025-ci il tarixli ərizə ilə “vəzifənin uyğunlaşdırılması və pensiyanın həmin vəzifəyə uyğun yenidən hesablanması haqqında” DSMF-nun Xüsusi Şərtlərlə təyinat idarəsinə müraciət etsə də, DSMF bunu nəzərə almamış və xx.xx.2013 - xx.xx.2020-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçməyini əsas gətirərək imtina xarakterli 3-17-1/2-S-178279/2025 saylı məktubla ona cavab verilmişdir.
İddia tələbinə etirazın əsasları:
Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.4.1 -ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.5-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan şəxslər kateqoriyasına daxildirlər. Pensiya işinə aid sənədlərdə İ.X3 rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən: - əmək pensiyasının sığorta hissəsi 35,39 manat; - baza hissəsi 100,00 manat; - qulluq stajına görə əlavə hissəsi 2210,64 manat məbləğində olmaqla ümumilikdə 2346,03 manat məbləğində prokurorluq orqanlarının əməkdaşı kimi pensiya müəyyən edildiyi, işləyən əmək pensiyaçısı olduğu üçün 1241,44 manat məbləğində ona ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsə əmək pensiyası xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr əsas götürülməklə orta aylıq əmək haqqı müəyyən edilərək təyin olunmuşdur. Bundan başqa, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya işinə aid sənədlərdə mövcud olan arayışa əsasən 38704,35 manat təşkil etmişdir. Pensiya işinə aid sənədlərin köçürülməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filial tərəfindən 2238,35 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Mərkəzi Filiala xx.xx.2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən İddiaçı əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində topladığı 92528,90 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilərək) pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 2889,95 manata artırılmış, həmçinin 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 3213,62 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. İddiaçı əmək pensiyası prokurorluq orqanlarından azad olunması ilə əlaqədar xx.xx.2024-cü il tarixindən vaxtilə ilkin pensiya təyinatı zamanı təqdim edilmiş orta aylıq əmək haqqı arayışına əsasən (sonrakı artımlar tətbiq edilməklə) pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə (4443,97 manat) ona ödənilmişdir. Bundan başqa, əmək pensiyalarının xx.xx.2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası həmin tarixdən 4803,93 manat məbləğində müəyyən edilmişdir. iddiaçının əmək pensiyası Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən hesablanaraq 4803,93 manatdan 5718,28 manata artırılmış, eyni zamanda ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 12889,99 manat (maddi yardım nəzərə alınmaqla) pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasının (5718,28 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əmək pensiyasının 1759,02 manatını sığorta hissəsi, 3687,71 manatını qulluq stajına görə əlavə hissəsi, 271,55 manatını isə maddi yardım təşkil edir. İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmişdir. İddiaçı məhkəməyə müraciət etməkdə əsas məqsədi işlədiyi vəzifə Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablamasına nail olmaqdır. Bildirilir ki, iddiaçının tələbi həm sosial təminat haqqında qanunvericilik normalarının tələblərinə, həm də sözügedən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli 11/344-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun istintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin əsas vəzifə və funksiyalarına Azərbaycan Respublikasının Baş prokuroru və ya onun birinci müavininin tapşırığı ilə icraatı həvalə olunmuş, o cümlədən Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının ərazilərində baş vermiş cinayətlər, sülh və insanlıq, dövlət hakimiyyəti, şəxsiyyət əleyhinə, iqtisadi və ya digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlər, korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər istisna olmaqla, prokurorluq orqanlarının əməkdaşları tərəfindən törədilmiş cinayətlər, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlər, cəmiyyətdə aktuallığı ilə seçilən ictimai münasibətlərə qəsd edən, bir neçə prokurorluğun və ya hüquq mühafizə orqanının ərazi və ya səlahiyyətinə aid olan cinayətlər üzrə ibtidai istintaq aparmaq, hazırlanan və ya törədilmiş cinayətlər haqqında məlumatlara baxmaq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyəti subyektlərinə tapşırıqlar vermək və s. daxildir. iddiaçının xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin səlahiyyətləri isə yalnız Bakı şəhərinin ərazisi ilə məhdudlaşmışdır. Həmçinin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə prokurorluq orqanlarının xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər vəzifələri fərqləndirilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri dördüncü vəzifə təsnifatına aid edildiyi halda, Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqləri altıncı təsnifata aid edilmişdir. Göründüyü kimi İddiaçı işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə həmin vəzifənin uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi qulluq keçmənin xüsusiyyətlərinə və idarəetmə səviyyələrinə görə qanunvericiliyə əsasən bir-birindən tamamilə fərqlidir. Həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunur ki, Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə ahna bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"nın 5.7ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Yuxarıda sadalananlara əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının və ya ona edilən əlavələrin əsas götürülməsi qanuna zidd olmaqla yanaşı, həm də müvafiq vəzifədə həqiqətən işləmiş və əmək haqqı və ya ona edilən əlavələri almış şəxslərə münasibətdə sosial təminat hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Şəxsin almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən ödənişlərin pensiya hesablanmasında nəzərə alınması, həmin vəzifədə faktiki işləyib sığorta haqqı ödəyənlərə münasibətdə ədalətsizlik yaradır və sosial təminat hüquqlarını pozur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı təyin edilmiş prokurorluq əməkdaşı kimi əmək pensiyasının müraciətində göstərdiyi kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uyğunlaşdırılmaqla hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Məlumat üçün bildirilir ki, iddiaçının əmək pensiyası 5718,28 manat məbləğində müəyyən edilərək onun müvafiq kart hesabına köçürülür.
Tərəflərin iştirakı və izahatları:
İddiaçı məhkəmə iclasında yazılı izahat (cavabdehin etirazına münasibət) təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli 3-17-1/2- 43483/2026 saylı məktubla imzalanmış yazılı etirazla tanış olmuş və həmin etirazın əsassız olduğunu hesab edir. Aşağıdakı əsaslara görə etiraz təmin edilməməlidir: Cavabdeh həmin etirazı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 ve 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarındakı mövqeyi ilə əsaslandırmağa cəhd etmişdir. Cavabdehin verilmiş iddiaya etirazını adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 ve 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyə, yəni "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutması barədə şərhinə istinad edərək əsaslandırması, verilmiş iddianın mahiyyətinə dəlalət etmir. Belə ki, iddia tələbi vaxtilə müvafiq vəzifədə işləyərkən almadığı və məcburi sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımları deyil, 2024-cü ildə son yaş həddi ilə təqaüdə çıxarkən pensiyanın hansı vəzifə maaşı əsasında hesablanması ilə əlaqədardır. "Sonrakı artımlar" isə həmin vəzifədə işləyən şəxslərin vəzifə maaşlarındakı artımlara, prokurorluq işçilərinə münasibətdə isə xx.xx.2022-ci ildən etibarən müəyyən edilmiş vəzifə maaşlarına bir vəzifə maaşı həcmində əlavəyə və s. aiddir. Verilmiş iddia tələbində “sonrakı artımlardan” bəhs edilmir. İddianın mahiyyəti prokurorluq orqanlarında struktur dəyişikliyi ilə bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsi və Baş Prokurorluğun Agır cinayətlərə dair İstintaq idərəsinin ləğv edilərək bütün funksiyalarının ştat vahidləri ilə birlikdə yeni yaradılmış Baş prokurorluğun İstintaq idarəsində birləşdirilməsi ilə əlaqədar Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinin funksiyalarını yeni yaradılmış idarədə yerinə yetirən ekvivalent vəzifə maaşından, yəni həmin vəzifənin funksional olaraq hansı ekvivalent vəzifəyə uygunlaşdırılmalı olduğu və pensiyanın yenidən hesablanarkən hansı vəzifə maaşının baza kimi götürülməsindən ibarətdir. Belə ki, o, xx.xx.2015-ci ildən qulluq stajına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqinin vəzifə maaşı ilə pensiyaya çıxmış və struktur dəyişikliyinədək həmin vəzifədə qalıb işləmişdir. Sonra başqa vəzifədə xidmətini davam etdirib xx.xx.2024-cü ildə prokurorluqda qulluq keçmənin son yaş həddi ilə prokurorluqda qulluq keçməyinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanun 9.4.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdən işləməyən pensiyaçı kimi pensiyası yenidən hesablanarkən, baza kimi struktur dəyişikliyi ilə baglı ləğv edilmiş Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqinin vəzifə maaşı əsas götürülmüşdür. Eləcə də cavabdehin verilmiş iddiaya etirazını vəzifələrin bir-birindən tamamilə fərqli olması ilə əsaslandırması da yanlışdır. Belə ki, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm islər üzrə müstəntiqlərin vəzifə funksiyaları kimi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqinin vəzifə funksiyalarına da dövlət hakimiyyəti, şəxsiyyət əleyhinə, iqtisadi və ya digər sahələrdə törədilən agır və xüsusilə agır cinayətlər, korrupsiya və qulluq mövqeyi əleyhinə olan digər cinayətlər istisna olmaqla, vəzifə cinayətləri, qeyri aşkar şəraitdə törəlilmiş cinayətlər, ictimai aktuallığı ilə seçilən ictimai münasibətlərə qəsd edən, bir neçə prokurorluğun və ya hüquq mühafizə orqanlarının ərazi və ya səlahiyyətlərinə aid olan cinayətlər üzrə istintaq aparmaq, hazırlanan və törədilmiş cinayətlər haqqında məlumatlara baxmaq, əzməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyataxtarış fəaliyyəti subyektlərinə tapşırıqlar vermək və sair daxil olmuşdur. Məhz bu səbəbdən struktur dəyişikliyi ilə baglı eyni funksiyanı yerinə yetirən hər iki idarə - Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ilə Baş Prokurorluğun Agır cinayətlərə dair İstintaq idarəsi ləğv olunaraq, onların ştat vahidləri və şəxsi heyyətləri hesabına həmin idarələrin hüquqi və funksional varisi olan Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Etirazda qeyd olunan təsnifat fərqi isə həmin iki idarənin bir idarədə birləşdirilməsi ilə aradan qaldırılmış və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqinin vəzifə funksiyaları struktur dəyişikliyi ilə yeni daha yüksək təsnifatlı struktur qurumuna - idarəyə transfer edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqinin ərazi baxımından Bakı şəhər prokurorluğunda və yaxud Baş prokurorluqda fəaliyyət göstərməsi onun funksional səlahiyyətlərini, peşəkar təcürbə və qabiliyyətlərini heç bir halda bir-birindən fərqləndirmir. Hər iki qurumda aparılan işlərin böyük təcürbə, yüksək peşəkarlıq və məsuliyyət tələb etməsi həmin idarələrin təsnifatından aslı deyildir. Məsələn: Ali dərəcəli cərrahın hansısa rayon xəstəxanasında və yaxud respublika xəstəxanasında işləməsi onun ali dərəcəli cərrah olmasına və yerinə yetirdiyi cərrahi əməliyyatın keyfiyyətinə təsir etmir. Əslində 2020-ci ildə aparılmış struktur dəyişikliyi sosial ədaləti bərpa edib, eyni vəzifə funksiyalarını və səlahiyyətlərini yerinə yetirən və paralel fəaliyyət göstərən iki müxtəlif təsnifatlı idarələri bir təsnifatda birləşdirərək həmin vəzifədə faktiki işləyən Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin müstəntiqlərinə münasibətdə ədalətli mövqe mümayiş etdirib, sosial təminat hüquqlarını bərpa etmişdir. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Burada mövzu 2020-ci ildə struktur dəyişikliyi ilə baglı ləğv olunmuş Bakı səhər prokurorluğunun istintaq idarəsinin mühüm islər üzrə müstəntiqi vəzifəsinin xx.xx.2024- cü il tarixdə hansı vəzifəyə uygun gəlməsi və əgər səxs həmin vəzifədə işləyərkən qulluq stajına görə pensiyaya çıxmışdırsa və hazırda yaşa görə pensiyaya çıxırsa, onun vaxtilə staja görə pensiyaya çıxdığı vəzifənin hazırda hansı vəzifəyə uygun sayılmasıdır. Bu sual dövlət qulluqçularının pensiya təminatı və ləğv olunmuş vəzifələrin ekvivalentinin müəyyən edilməsi qaydalarına aiddir. Burada əsas prinsip şəxsin vaxtilə pensiyaya cıxdığı vəzifənin hazırkı strukturda hansı vəzifəyə bərabər tutulmasıdır. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun strukturunda dəyişiklik olmuşdur. Bu dəyişiklik zamanı Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Beləliklə, 2020-ci ildə ləğv olunmuş Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsi hazırda Baş Prokurorluğun İstintaq idarəsində müstəntiq kimi funksional bərabər vəzifədir, yəni yeni istintaq idarəsində onun vəzifəsi qorunub və həmin vəzifənin funksiyaları tam şəkildə "xüsusilə mühüm işlər üzrə müstəntiq" və ya “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq" vəzifələrinə ötürülmüşdür. Qanunvericiliyin məntiqi baxımından 1. Dövlət qulluğunda staja göra pensiya alan şəxs sonuncu tutduğu vəzifə əsasında pensiya hüququ əldə edir. 2. Əgər həmin vəzifə sonradan struktur dəyişikliyi ilə ləğv edilibsə, onun "eyni funksiyalarını icra edən" vəzifə yeni strukturda ekvivalent vəzifə sayılır. 3. Bu bərabərləşmə təsnifatın yüksəlməsinə səbəb olmur - yalnız funksional uyğunluq nəzərə alınır. Sorğunun konteksti: Şəxs vaxtı ilə Bakı səhər prokurorluğunun İstintaq idarəsinin mühum islər üzrə müstəntiqi olub. 2020-ci ildə həmin idarə ləğv edilib və bütün istintaq funksiyaları X1 idarəsinə verilib. Deməli, funksional baxımdan həmin vəzifənin ekvivalenti Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm islər üzrə müstəntiqi va ya xüsusilə mühüm islər üzrə böyük müstəntiqi vəzifəsidir. Yəni şəxs staja görə pensiyaya çıxarkən tutduğu “mühüm islər üzrə müstəntiq” vəzifəsi hazırda struktur dəyişikliyinə əsasən funksional olaraq ekvivalent vəzifə Baş Prokurorluğun istintaq idarəsinin müstəntiqi vəzifəsi qəbul olunur. Bu, onun pensiya hüququ üçün baza vəzifə kimi nəzərə alınmalıdır. Bu uyğunluğu daha dəqiq göstərmək üçün normativ aktların müvafiq maddələrinə, prokurorluğun 2020-ci ildə struktur dəyişikliyinin sxeminə və vəzifələrin ştat cədvəlinin uyğunlaşdırma prinsiplərinə əsaslanmış izahını verək. Burada həm “staja görə pensiyaya çıxmış dövlət qulluqçusunun ləğv olunmuş vəzifəsinin yeni strukturdakı ekvivalentinin necə müəyyən olunması”, həm də “Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinin 2020-ci ildən sonra hansı vəzifəyə uygun sayılması” suallarının hüquqi əsaslandırması aşağıdakı kimidir: Dövlət qulluğu qanunvericiliyinin ümumi qaydası. “Dövlət qulluğu haqqında” Qanun və pensiya qanunvericiliyi (xüsusilə “Əmək pensiyaları haqqında” Qanun) iki əsas normanı müəyyən edir: Norma 1 -Ləğv olunmuş vəzifənin ekvivalenti müəyyən edilir. Əgər dövlət qurumu və ya vəzifə ləğv edilirsə, həmin vəzifənin funksiyalarını icra edən yeni struktur bölməsindəki ən yaxın uygun vəzifə onun ekvivalenti sayılır. Bu ekvivalent pensiya hesablanarkən və ya yenidən pensiyaya çıxarkən əsas qəbul edilir. Norma 2 -Təsnifatın yüksəlməsi avtomatik baş vermir. Ləğv olunmuş aşağı vəzifə daha yüksək təsnifatlı vəzifəyə avtomatik "qaldirilmiş" kimi qəbul edilmir. Uyğunlaşdırma yalnız funksional bərabərlik əsasında aparılır. 2020-ci ildə Prokurorluqda islahatla baqlı struktur dəyişikliyi faktı. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə bağlı Baş Prokurorun müvafiq əmri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi və Baş prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi ləğv edilmiş, onların bütün istintaq səlahiyyətləri və funksiyaları həmin idərələrin ştat vahidləri hesabına yaradılmış Baş prokurorluğun İstintaq idarəsinə verilmişdir. Bu, “funksiya varisliyi” prinsipidir. Yəni funksiyalar haraya keçibsə, vəzifənin ekvivalenti də oradadır. Konkret olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2088 nömrəli Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2020-ci il tarixli 10/55-11/14-s nömrəli əmri ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Agır cinayətlərə dair İstintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv olunmuş, ləğv olunmuş idarələrin ştat vahidləri hesabına eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq idarəsi yaradılmışdır. “Mühüm islər üzrə müstəntiq” vəzifəsinin uyğunlaşdırılması. Şəxs ləğv olunmuş Bakı şəhər prokurorluğunun İstintaq idarəsində “mühüm islər üzrə müstəntiq” vəzifəsini tutub. Bu vəzifənin struktur dəyişikliyindən sonra funksional baxımdan eyni işini artıq Baş Prokurorluğun İstintaq idarəsi görür və həmin strukturda da analoji funksiyaları yerinə yetirən vəzifə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi və ya xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi (böyük müstəntiq ekvivalentliyi daxil olmaqla) vəzifəsidir. Pensiya məsələsi - nəyə görə məhz bu vəzifə baza tutulur? Şəxs əvvəllər staja görə pensiyaya çıxıb (dövlət qulluqçularının xüsusi pensiyası). İndi isə yaşa görə pensiyaya keçid etmək istəyir. Bu zaman qanun deyir ki, əgər vəzifə ləğv edilibsə, şəxsin vaxtı ilə tutduğu vəzifə hazırki strukturdakı ekvivalent vəzifə kimi qəbul edilir və pensiya hesablanarkən məhz o əsas götürülür. Deməli, hüquqi baxımdan dəqiq formulyasiya etsək, şəxsin “staja görə pensiyaya çıxdığı” "Bakı şəhər prokurorluğunun ləğv olunmuş istintaq idarəsinin mühüm islər üzrə müstəntiqi" vəzifəsinin ekvivalenti, bu gün funksional olaraq Baş prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi və ya xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi sayılır. Bu vəzifə hazırda şəxsin staja görə pensiyaya çıxanda əsas tutduğu vəzifənin hüquqi davamçısıdır və yaşa görə pensiyaya keçiddə də baza vəzifə kimi qəbul edilməlidir. Bu məsələni ayrı-ayrılıqda rəsmi hüquqi istinadlarla izah edək: - 2020-ci Hərbi Prokurorluqda struktur dəyişikliyinin tam hüquqi məzmunu. 10 iyun 2020-ci il tarixli Prezident Sərəncamı ilə: 1. Bakı şəhər prokurorluğunun İstintaq idarəsi və Baş Prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi ləğv edildi. 2. Həmin idarələrin a) istintaq funksiyaları, b) şəxsi heyyəti ilə bağlı struktur vahidləri, v) işlərin icra mexanizmi tam şəkildə yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinə verildi. 3. Baş Prokurorluqda yeni struktur formalaşdırıldı və bu struktur mərkəzləşdirilmiş istintaq, agır və xüsusi ilə agır cinayətlərin araşdırılması, mühüm işlərin icra olunması funksiyalarını öz üzərinə götürdü. Bu o deməkdir ki, ləğv edilən Bakı şəhər Prokurorluğunun İstintaq idarəsi və Baş Prokurorluğun Agir cinayətlərə dair İstintaq idarəsi hüquqi varis kimi Baş Prokurorluğun İstintaq idarəsində birləşdirilib. – “Ekvivalent vəzifə’ ’prinsipinin qanunverici izahı. Bu prinsip üç əsas hüquqi normaya söykənir: 1. “Dövlət qulluğu haqqında” Qanun - Vəzifələrin ləğvi və transformasiyası. Qanuna görə əgər struktur dəyişirsə, vəzifə ləğv olunursa, onda həmin vəzifənin ekvivalenti onun funksiyasını icra edən yeni strukturda mövcud olan ən yaxın funksional uygun vəzifədir. Bu qayda maaş, rütbə, qulluğa görə pensiya, xidmət illəri kimi bütün hesablamalarda tətbiq edilir. 2. “Prokurorluq haqqında” Qanun - Prokurorluq orqanlarında vəzifə varisliyi. Bu qanuna görə prokurorluq orqanlarında struktur deyişdikdə, hər hansı idarə ləğv olunanda onun istintaq funksiyası hara keçibsə, vəzifə də oraya keçmiş sayılır. Bu hüquqi prinsipə “ funksiya varisliyi” deyilir.
3. “Əmək pensiyaları haqqında” Qanun - Pensiya hesablaması zamanı baza vəzifə Qanuna görə şəxs staja görə pensiyaya çıxmışdırsa və sonradan yaşa görə pensiyaya keçirsə, onun pensiya hüququ əvvəlki tutduğu vəzifənin bu günkü ekvivalenti ilə müəyyən edilir. Yəni ləğv edilmiş vəzifə - elə bu gün mövcud olan ekvivalent vəzifə kimi qəbul edilir. Yuxarıda təhlil edilən hüquq normalarına əsasən sual üzrə müəyyən edilən ekvivalent vəzifə: Şəxs “Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin mühüm islər üzrə müstəntiqi” vəzifəsində işləmişdir. Bu idarə 2020-ci ildə ləğv olunmuş, onun funksiyaları Baş Prokurorluğun istintaq idarəsinə keçmişdir. Bu idarədə həmin şəxsin vəzifə funksiyalarını eyni mahiyyətli istintaq vəzifələri olan Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi və statusdan asılı olaraq xüsusilə mühüm işlər üzrə müstəntiqi /böyük müstəntiqi vəzifələri yerinə yetirir. Bu hüquqi cəhətdən tam və yeganə ekvivalent vəzifələrdir. Beləliklə, son hüquqi nəticə - şəxsin vaxtilə staja görə pensiyaya çıxarkən tutduğu “Bakı şəhər Prokurorluğunun istintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi” vəzifəsi, bu gün “Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi (və ya müvafiq olaraq xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi)” vəzifəsinə bərabər tutulur. Bu vəzifə onun yaşa görə pensiyaya keçidi üçün rəsmi baza vəzifədir. Bundan əlavə, qeyd etmək lazımdır ki, struktur dəyişikliyi dövlət qulluqçusunun hüquqi vəziyyətini pisləşdirə bilməz. Bu inzibati hüququn əsas prinsiplərinə - ekvivalentlik və mütənasiblik prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12 və 71-ci maddələrində qeyd edilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.4.1. (xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyası) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.5-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla iddiaçının pensiya işinə dair sənədlərin və inzibati icraat materiallarının təsdiq edilmiş surəti, xx.xx.2025-ci il tarixli məktubla isə pensiya işinin əsli baxış üçün məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən: - əmək pensiyasının sığorta hissəsi 35,39 manat; - baza hissəsi 100,00 manat; - qulluq stajına görə əlavə hissəsi 2210,64 manat məbləğində olmaqla ümumilikdə 2346,03 manat məbləğində prokurorluq orqanlarının əməkdaşı kimi pensiya müəyyən edildiyi, işləyən əmək pensiyaçısı olduğu üçün 1241,44 manat məbləğində ona ödənildiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsə əmək pensiyası xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr əsas götürülməklə orta aylıq əmək haqqı müəyyən edilərək təyin olunmuşdur. Bundan başqa, xx.xx.2006 - xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya işinə aid sənədlərdə mövcud olan arayışa əsasən 38704,35 manat təşkil etmşdir. Pensiya işinə aid sənədlərin köçürülməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filial tərəfindən 2238,35 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Mərkəzi Filiala xx.xx.2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində topladığı 92528,90 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilərək) pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 2889,95 manata artırılmış, həmçinin 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 3213,62 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. İddiaçının əmək pensiyası prokurorluq orqanlarından azad olunması ilə əlaqədar xx.xx.2024-cü il tarixindən vaxtilə ilkin pensiya təyinatı zamanı təqdim edilmiş orta aylıq əmək haqqı arayışına əsasən (sonrakı artımlar tətbiq edilməklə) pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə (4443,97 manat) ona ödənilmişdir. Bundan başqa, əmək pensiyalarının xx.xx.2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 4803,93 manat məbləğində müəyyən edilmişdir. İddiaçının əmək pensiyası Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən hesablanaraq 4803,93 manatdan 5718,28 manata artırılmış, eyni zamanda ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 12889,99 manat (maddi yardım nəzərə alınmaqla) pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasının (5718,28 manat) üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. İddiaçının əmək pensiyasının 1759,02 manatını sığorta hissəsi, 3687,71 manatını qulluq stajına görə əlavə hissəsi, 271,55 manatını isə maddi yardım təşkil edir (İddiaçının eyni cavabdehə qarşı başqa əsaslarla pensiyasının yenidən hesablanması tələbinə dair digər iddia ərizəsi hazırda məhkəmənin icraatındadır(2-1(112)-6093/2025). Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun 11/344a-k nömrəli xx.xx.2020-ci il tarixli Əmri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi iddiaçının prokurorluq əməkdaşı kimi Bakı şəhər prokurorluğunun İstintaq idarəsində tutduğu mühüm işlər üzrə müstəntiq vəzifəsinin Baş Prokurorluğun İstintaq idarəsində “xüsusilə mühüm işlər üzrə böyük müstəntiq” vəzifəsinə uyğunlaşdırılmaqla pensiyasının xx.xx.2024-cü il tarixdən yenidən hesablanmasına və əmələ gəlmiş fərq pulunun ölənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənmişdir. Sərəncamın icrası məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli 11/344-k nömrəli əmri ilə Bakı şəhər prokurorluğunun istintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020ci il tarixində Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə prokurorluq orqanlarının xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər vəzifələri fərqləndirilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri dördüncü vəzifə təsnifatına aid edildiyi halda, Bakı şəhər prokurorluğunun mühüm işlər üzrə müstəntiqləri altıncı təsnifata aid edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsi ilə həmin vəzifənin uyğunlaşdırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Baş Prokurorluğun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsi fərqli təsnifatlara aid olan fərqli vəzifələrdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən olunur ki, Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında nümayiş etdirdiyi hüquqi mövqeni analoji qaydada hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddiaçı pensiyasının işləmədiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsinə uyğunlaşdırılmaqla hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva