Məhkəmə qərarları › İş №2-1(112)-1643/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1643/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1643/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı dəymiş ziyanın ödənilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı ona dəymiş maddi ziyanın əvəzi olaraq 15000 AZN müqabilində ona 1413.84 AZN ödənildiyindən, ona dəymiş maddi ziyanın tam ödənilməi və kirayə pulunun verilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, yanğın zamanı ona dəymiş 13586.16 AZN məbləğində dəymiş maddi ziyanın ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi N.Q.İ.S-də, xx.xx.2018-ci il tarixdə, 07:30 radələrində baş vermiş qəfləti yanğın zamanı onun da, mənzili yanmışdır. Fövqəladə Hallar Nazirliyinin İstintaq Təhqiqat qrupu tərəfindən xx.xx.2018-ci il tarixində yanğın zamanı ona 15000 AZN dəyərində ziyan dəymişdir. Ancaq dəymiş ziyana baxmayaraq 1413.84 AZN yardım olunmuşddur. Dövlət yataqxanalarında məskunlaşmış məcburi köçkünlər sığorta olunmayan şəxslərdir, dövlət tərəfindən qeydə alınmış maddi ziyanın dəyəri tam şəkildə ödənilməlidir. Lakin, dəymiş ziyanın təxminən 1/10 hissəsi ödənilmişdir. Bu ödənişin nə dərəcədə və hansı formada doğruluğu onu qane etmir, onda bu prosesə qarşı neqativ hallar oyanır. İkinci məsələ ondan ibarətdir ki, ona 5 ay kirayə pulu ödənilmişdir. Sonra mənzil verilmədən kiaryə pulu kəsilmişdir. Bu gün də, o, kirayədə yaşayır və kirayə haqqı Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməyir. Bu məsələnin nə dərəcədə qanunauyğun olub-olmaması onun üçün çox maraqlıdır. Bəlkə də, o, bu ölkənin vətəndaşı deyildir. Onun doğulduğu Ağdam rayonu işğaldan azad olunana kimi, o, bu çıxılmaz vəziyyətdə yaşamalıdır. Qanun naminə onun nə edəcəyini, tutacağı yolun ona izah edilməsini və bu barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək, bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı əsasla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı mənzillə təmin olunma və kompensasiyanın verilməsi ilə bağlı Komitəyə müraciət etmiş və Komitə tərəfindən onun müraciətinə xx.xx.2020-ci il tarixli 01/21018 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Pirallahı rayonu ərazisində məcburi köçkün ailələrinin yerləşdirilməsi məqsədi ilə inşa edilmiş 300 mənzilli yaşayış kompleksinə 1 nəfərlik ailə say tərkibinə uyğun olaraq ona 1 otaqlı mənzil təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Həmçinin, həmin qəsəbədə köçürülmə prosesinin başa çatması və Komitənin balansında boş mənzil fondunun olmaması səbəbindən onun hazırda mənzillə təmin edilməsinin mümkün olmamasına dair məlumat verilmişdir. Qeyd edirlər ki, 2018-ci il 13 noyabr tarixdə ünvan 1 ünvanda yerləşən Neft Qazçıxarma İdarəsinin “Axşam” sanatoriyasında baş vermiş yanğın nəticəsində 14 (on dörd) məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı mənzillər içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yanğın hadisəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən “Yanğın haqqında” Akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 13s nömrəli 23 noyabr tarixli 2018-ci il tarixli Sərəncamına əsasən, ünvan 1 ünvanda yerləşən Neft Qazçıxarma İdarəsinin “Axşam" sanatoriyasında baş vermiş yanğın nəticəsində məcburi köçkünlərə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə Komissiya yaradılmış, Komissiya tərəfindən xx.xx.2018-ci il tarixli aktla baş vermiş yanğın nəticəsində 14 məcburi köçkün ailəsi və onların yanğın zamanı yararsız vəziyyətə düşmüş məişət avadanlıqları müəyyənləşdirilmişdir. Baş vermiş yanğın zamanı 14 məcburi köçkün ailəsinin məişət əşyalarının siyahısı Komissiya tərəfindən xx.xx.2018-ci il tarixli aktla dəqiqləşdirilmişdir. Həmçinin, məcburi köçkün İddiaçı yanğın zamanı yararsız vəziyyətə düşmüş məişət əşyalarının siyahısı televizor, peyk aparatı, DVD, soyuducu, ventilyator və fanarlı maqnitafon) müəyyənləşdirilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi baş vermiş yanğın zamanı məişət əşyalarına dəymiş ziyanın hesablanması ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə rəsmi məktubla müraciət etmiş və Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 04/1-87 nömrəli cavab məktubuna əlavə edilmiş qoşmada 2018-ci ilin oktyabr ayında bir sıra məişət avadanlıqlarının orta pərakəndə satış qiymətləri (manatla) təqdim olunmuşdur. Dövlət Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 04/1-87 nömrəli cavab məktubuna əlavə edilmiş qoşmada 2018-ci ilin oktyabr ayında bir sıra məişət avadanlıqlarının orta pərakəndə satış qiymətləri (manatla) siyahısına uyğun olaraq 14 məcburi köçkün ailəsinə dəymiş ziyanın ümumilikdə məbləği 44.550,0 (qırx dörd min beş yüz əlli) manat məbləğində olduğu müəyyənləşdirilmişdir. Həmçinin iddiaçıya dəymiş ziyanın ümumi məbləği 1413,84 (min dörd yüz on üç manat səksən səksən dörd qəpik) manat məbləğində olması təsbit olunmuşdur. X2 yanmış məişət əşyalarına (televizor, peyk aparatı, DVD, soyuducu, ventilyator və fanarlı maqnitafon) dair siyahı tərtib edilmiş və müvafiq siyahı iddiaçının özü tərəfindən (AZE ********) imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il RR/02-847 nömrəli məktubla Azərbaycan Respublikası Baş nazirinə ünvanlanmış məktubda baş vermiş yanğın nəticəsində 14 məcburi köçkün ailəsinin məişət əşyalarına dəymiş maddi ziyanın ödənilməsi üçün tələb olunan 44.550,0 (qırx dörd min beş yüz əlli) manat məbləğində vəsaitin ayrılması xahiş edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.2019-cu il tarixli 09/02-3-24-213 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edərək, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Səma Gecələri” sanatoriyasında (keçmiş Axşam sanatoriyası) məskunlaşmış 14 məcburi köçkün ailəsinin baş vermiş yanğın nəticəsində dəymiş ziyanın dəyərinin ödənilməsi məqsədilə 44.550,0 (qırx dörd min beş yüz əlli) manat məbləğində birdəfəlik yardımın 2019-cu ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsi təklif edilmişdir. Qeyd olunanlara əsasən, müvafiq təklif razılaşdırılaraq, Baş nazirin dərkənar tapşırığı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 14 məcburi köçkün ailəsinə, həmçinin İddiaçı 1413,84 (min dörd yüz on üç manat səksən dörd qəpik) manat, ümumilikdə 14 məcburi köçkün ailəsinə 44.550,0 (qırx dörd min beş yüz əlli) manat məbləğində maddi ziyana görə kompensasiya ödənilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatfı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı şəxsə dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, onun müvəqqəti məskunlaşdığı, mülkiyyətində olmayan yaşayış sahəsində yanğın baş vermiş və həmin hadisə ilə bağlı məcburi köçkünlərə dəymiş ziyan müvafiq komissiya tərəfindən müəyyənləşdirilərək ödənilmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı ünvan 1 ünvanda yerləşən Neft Qazçıxarma İdarəsinin “Axşam” sanatoriyasında müvəqqəti məskunlaşmışdır. Bildirirlər ki, digər məcburi köçkün ailələri kimi iddiaçı həmin yataqxanada müstəqil şəkildə məskunlaşmış, sözügedən yataqxanda Komitə tərəfindən yerləşdirilməmiş və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. İddiaçı müvəqqəti məskunlaşdığı “Axşam” sanatoriyasındakı mənzil onun mülkiyyətində olmamış, iddiaçı həmin yaşayış sahəsini zəbt etmişdir. Yanğın zamanı həmin yataqxanada müvəqqəti məskunlaşmış 14 məcburi köçkün ailəsinə, həmçinin, iddiaçı şəxsə dəymiş ziyan müəyyənləşdirilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən iddia tələbi üzrə tələb etdiyi ona dəymiş ziyanı təsdiq edən hər hansı etibarlı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən, Komitə müvafiq iddia tələbi üzrə cavabdeh şəxs qismində göstərilə bilməz. Yuxarıda göstərilənlərə bağlı yekun olaraq bildirirlər ki, İddiaçı yanğın zamanı dəymiş ziyan ödənilmiş, həmçinin Pirallahı rayonu ərazisində məcburi köçkün ailələrinin yerləşdirilməsi məqsədilə inşa edilmiş 300 mənzilli yaşayış kompleksinə 1 nəfərlik ailə say tərkibinə uyğun olaraq 1 otaqlı mənzilə köçmək təklif edilmişdir. Lakin, iddiaçı həmin təklifi qəbul etməmiş və köçməkdən imtina etmişdir. Hazırda həmin qəsəbədə Komitənin boş mənzil fondu olmaması səbəbindən onun mənzillə təmin edilməsi mümkün deyildir. Odur ki, iddia əsaslı və qanuni olmadığından təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, işdə iştirak edən tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ərizədən və ona əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, baş leytenant X3 icraatında olmuş 1868 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərara əsasən 13 noyabr 2018-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən, Neft Qazçıxarma İdarəsinə məxsus məcburi köçkünlərin məskunlaşdığı sanatoriya binasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yoxlama materialından müəyyən edilmişdir ki, baş vermiş yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, İddiaçı və qeyrilərinə dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nəsimi rayon Sektoru tərəfindən verilmiş 622 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İşdə olan iddiaçının özü tərəfindən tərtib edilərək, məhkəməyə təqdim edilmiş baş vermiş yanğın nəticəsində ziyan dəymiş əmlakının siyahısından görünür ki yanğın zamanı ona məxsus 1 ədəd televizor “LC” – 105 sm, 1 ədəd Video – DVD, 1 ədəd Samsung M.M, Krosno – “Openbox” 500, torelka və qalovka, soyuducu, radiator qızdırıcı, kumtel qızdırıcı, çarpayı, yorğan, döşək, balınc, 3 ədəd kostyum, paltar, 2 ədəd çamadan, 1ədəd plaş, 2 ədəd kurtka, 1 ədəd yun şapka, 1 ədəd sapaşki, 1 ədəd tufli, 1 ədəd 2 × 2 m – xalça, masa və stullar, televizot altı tulba, tefal-çaynik-dəm çayniki, 8200 manat pul və s. əşyalar yanaraq sıradan çıxmışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış RR/02-847 nömrəli, 27 dekabr 2018-ci il tarixli məktubdan görünür ki, 2018-ci il 13 noyabr tarixində ünvan 1 ünvanda yerləşən Neft Qazçıxarma İdarəsinin “Axşam” sanatoriyasında baş vermiş yanğın nəticəsində 14 (on dörd) məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər, içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Nəticədə məişət əşyalarının yanması ilə əlaqədar olaraq 14 (on dörd) məcburi köçkün ailəsinə ümumilikdə 44550.0 (qırx dörd min beş yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Məcburi köçkünlərin məskunlaşdığı sanatoriya binasının istismara yararsız və köçürmə obyekti olması nəzərə alınaraq, yanğına məruz qalmış ailələrin yalnız məişət əşyalarının dəyərinin qarşılanması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, yanğın nəticəsində Neft Qazçıxarma İdarəsinin “Axşam” sanatoriyasında zərər çəkmiş 14 (on dörd) məcburi köçkün ailəsinin məişət əşyalarına dəymiş maddi ziyanın ödənilməsi üçün tələb olunan 44550.0 (qırx dörd min beş yüz əlli) manat məbləğində vəsaitin ayrılmasına baxılması xahiş edilmişdir. Məktuba qoşma şəklində müvafiq sənədlərin və maddi ziyanın hesabatı cədvəllərinin surəti təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-07952 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı sanatoriya binasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın haqqında aktın surəti göndərilmişdir. Həmin məktuba qoşma şəklində əlavə edilmiş 07 dekabr 2018-ci il tarixli aktın surətindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və Sosial Təminat Şöbəsinin müdir müavini Hüseynqulu Abbasəliyev, Ümumi şöbənin müdir müavini Xəyyam Hüseynov, Regional İdarəetmə və Sosial Təminat Şöbəsinin sektor mudiri Emin Usubov, Təşkilat, nəzarət və analitik şöbəsinin sektor müdiri Fuad Əsədov sözügedən aktı tərtib edərək, öz imzaları ilə təsdiq etmişlər ki, 13 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsində yerləşən X10 İdarəsinin axşam sanatoriyasında baş vermiş yanğın nəticəsində məcburi köçkünlərə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə Komitə sədrinin 23 noyabr tarixli, 13 s saylı sərəncamının icrası ilə əlaqədar hadisə yerində olmuşlar və otaqları yanan məcburi köçkünlərə məxsus cəmi 181 ədəd məişət əşyalarının yanaraq sıradan çıxması müəyyən edilmişdir. İddiaçı məxsus 1 ədəd televizor, dəyəri 649.56 manat; 1 ədəd peyk aparatı, dəyəri 100 manat; 1 ədəd DVD, dəyəri 51.36 manat, 1ədəd soyuducu, dəyəri 514.17 manat, 1 ədəd ventilyator, dəyəri 36.75 manat; 1 ədəd maqnitafon, dəyəri 62 manat olan əşyalar yanaraq sıradan çıxmış, ona dəymiş ümumi zərərin məbləği cəmi 1413.84 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ona qeyd edilən əşyalara görə 1413.84 manat məbləğində ziyan dəyməsi barədə aktla razılaşaraq, həmin akta imza etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına ünvanlanmış 19 fevral 2019-cu il tarixli, 09/02-324-213 nömrəli “yanğın nəticəsində dəymiş maddi ziyanın dəyərinin ödənilməsi barədə” məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiinin Səma Gecələri sanatoriyasında (keçmiş “Axşam” sanatoriyası) baş vermiş yanğın nəticəsində burada məskunlaşmış 14 məcburi köçkün ailəsinə məxsus ev əşyalarının yanması ilə əlaqədar dəymiş maddi ziyanın dəyərinin ödənilməsi məqsədi ilə 44550.0 manat məbləğində birdəfəlik yardımın 2019-cu ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait (20.0 milyon manat) hesabına maliyyələşdirilməsini təklif edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 13 noyabr 2018-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən, Neft Qazçıxarma İdarəsinə məxsus məcburi köçkünlərin məskunlaşdığı sanatoriya binasında baş vermiş yanğın hadisəsi nəticəsində 14 (on dörd) məbcuri köçkün ailəsinin məskunlaşdığı mənzillər, içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşmüşdür. Nəticədə, məişət əşyalarının yanması ilə əlaqədar olaraq 14 (on dörd) məcburi köçkün ailəsinə ümumilikdə 44550.0 (qırx dörd min beş yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Yanğın nəticəsində sanatoriyada məskunlaşmış 14 məcburi köçkün ailəsinə məxsus ev əşyalarının yanması ilə əlaqədar dəymiş maddi ziyanın dəyərinin ödənilməsi məqsədi ilə 44550.0 manat məbləğində birdəfəlik yardımın 2019-cu ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait (20.0 milyon manat) hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Sözügedən yanğın nəticəsində məcburi köçkünlərə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə Komitə sədrinin 23 noyabr tarixli, 13 s saylı sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və Sosial Təminat Şöbəsinin müdir müavini Hüseynqulu Abbasəliyev, Ümumi şöbənin müdir müavini Xəyyam Hüseynov, Regional İdarəetmə və Sosial Təminat Şöbəsinin sektor mudiri Emin Usubov, Təşkilat, nəzarət və analitik şöbəsinin sektor müdiri Fuad Əsədov hadisə yerində olmuşlar və otaqları yanan məcburi köçkünlərə məxsus məişət əşyalarının yanaraq sıradan çıxmasını müəyyən edərək, buna dair 23 noyabr 2018-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən İddiaçı ümumilikdə 1413.84 manat məbləğində maddi ziyan dəyməsi və İddiaçı həmin akta imza etməklə sözügedən zərər məbləği ilə razılaşması müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Axşam” sanatoriyasında baş vermiş yanğın nəticəsində İddiaçı ümumilikdə 1413.84 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmiş və buna dair 23 noyabr 2018-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı həmin akta imza etməklə dəymiş zərərin məbləği ilə razılaşdığını ifadə etmişdir. Yanğın nəticəsində sanatoriyada məskunlaşmış 14 məcburi köçkün ailəsinə məxsus ev əşyalarının yanması ilə əlaqədar dəymiş maddi ziyanın dəyərinin ödənilməsi məqsədi ilə 44550.0 manat məbləğində birdəfəlik yardım, o cümlədən iddiaçıya da, ödənilmiş 1413.84 manat məbləğində pul vəsaiti də, həmin birdəfəlik yardıma daxil olmaqla, 2019-cu ilin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait (20.0 milyon manat) hesabına məcburi köçkünlərə ödənilmişdir. Bu səbəbdən də, iddiaçının hazırda sözügedən yanğın hadisəsi nəticəsində, özünün tərtib etdiyi siyahıya əsasən əlavə maddi ziyan (kompensasiya) ödənilməsi tələbini inzibati icraat və inzibati məhkəmə icraatı qaydasında irəli sürməsi əsassızdır. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesbaına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli, 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 2-ci maddəsinə əsasən Komitənin əsas vəzifələri aşağıdakılardır: qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək; qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq; qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyrihökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq; qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək; məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir; qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verir; qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir; qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin açılması məqsədilə istehsal infrastrukturunun yaradılmasında müvafiq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir; məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların mikro və kiçik sahibkarlıqla məşğul olmaları üzrə tədbirlər görür; qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir; işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür; qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir; qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir; beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparır; əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrı-ayrı şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə təmin edir; qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir, analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlər, sorğu-məlumat bülletenləri və s. nəşr etdirir; məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir; qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin layihələndirilməsi tapşırığını yerinə yetirir; öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır; qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyrihökumət təşkilatlan və maliyyə qurumlan ilə qarşılıqlı əlaqədə həyata keçirir; qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət orqanlarına təqdim edir; qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir; qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən konfranslarda, seminarlarda və başqa tədbirlərdə müzakirə edir; tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir; səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil edir; qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir; qaçqınların və məcburi köçkünlərin ərizə və şikayətlərinə baxır və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür; qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir. Məhkəmə eləcə də, hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraata hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraicəti əsasında aparılmış icraat zamanı iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara düzgün qiymət verilmiş, “İnzibati icraat haqqında” Qanunun norma və tələblərinə riayət edilmişdir. Bununla da, hazırki iş üzrə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz və əsassız hərəkəti müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar