Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1644/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Şəki İnzibati məhkəməsinə müraciət edərək, 01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin 25 ildən az olmadığının qaynaqçı kimi işlədiyi dövlərin ən azı 2 il 6 ay kimi hesablanaraq güzəştli iş stajı kimi hesablanmasını və hüququnun yarandığı tarixdən pensiya təyin olunan tarixədək olan dövrün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-1996-cı illərdə Zərdab rayonu sabiq Şirvan kolxozund qaynaqçı işlədiyi dövrün, 1976-cı ildə peşə məktəbində aldığı təhsil dövrünün və əmək kitabçasında qaynaqçı və digər peşələrədə işlədiyi dövrlərin, həmçinin 01.01.2006-cə ildən 01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanması, hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi və almadığı pensiya məbləğinin birdəfəlik ödənməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmalı olduğunu bildirmişdir. İddiaçı 07.03.1956-cı ildə Zərdab rayonu, Bıçaqcı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə peşə məktəbinə daxil olmuş, həmin ilin dekabr tarixində elektrosvarşik ixtisası üzrə təhsil almışdır. 1977-1979-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur və əmək kitabçasında göstərildiyi tarixdən bu günə kimi qaynaqçı vəzifəsində işləyir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqandan 03.02.2021-ci il tarixli məktubla pensiya kapitalının minimum məbləğdən az olduğu qeyd olunmaqla imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın qərarı tamamilə əsassızdır və qanunauyğun deyildir.
3. Şəki İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etirazda bildirilir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hösabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan 01.07.2012- 03.02.2014-cü il tarixləri arasındakı dövr ərzində və 15.02.2017-ci il tarixindən bugünədək qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 32600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22049,93 manat təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddiaçının tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin 18.10.2021-ci il tarixli hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etmişdir. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir.
6. Məhkəmənin 29.11.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında tərəflər iştirak etmişdir. Məhkəmə sorğusuna cavab verilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.
7. Məhkəmənin 28.02.2022-ci il tarixli baxış iclasında tərəflər iştirak etmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri baxılmadan geri götürdüyünü bildirmişdir.
II. İddianın geri götürülmüş sayılması
8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).
11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
19. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
20. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
21. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
22. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
23. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva