Məhkəmə qərarları › İş №2-1(112)-1645/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1645/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1645/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş sosial müavinətin xx.xx.2020-ci il tarixdən dayandırılması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaranmış 708,68 manat (ötən dövrdən artıq ödənilmiş 142,58 manat daxil olmaqla) pul vəsaitinin tutulmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə 2017-ci ilin dekabr ayından aylıq 130 manat müavinət təyin olunmuşdur. Həmin müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən qanunsuz dayandırılmışdı. Buna səbəb kimi isə adına xx.xx.2021ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi əmək müqaviləsinin olmasının müəyyənləşdirilməsi göstərilmişdir. İddiaçını Neftçala rayon “Qədimkənd” aqrofirmasına mühasib vəzifəsinə dəvət etmiş və bildirilmişdi ki, aqrofirma fəaliyyətə başlayan andan ona aylıq ödəniş olacaqdır. Belə ki, “Qədimkənd” aqrofirması kənd təsərrüfatı məhsullarının emalı zavodu inşa etməli, zavod istehsal fəaliyyətinə başlamalı idi. Lakin işlər alınmadığı üçün məqsədə nail ola bilmədilər və xx.xx.20210-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ötən müddət ərzində ona hər hansı vəzifə maaşı və ya digər bir vəsait ödənilməmişdir. Göründüyü kimi, iddiaçının adıma formal surətdə əmək müqaviləsi qeydə alınsa da, ona heç bir vəsait ödənilməmişdir və bu kimi halı əsas götürərək sosial müavinət ödənişi cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi 13 sentyabr 2021-ci il tarixdə, məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsi X4 tərəfindən verilmiş ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddia ərizəsinə dair yazılı münasibəti (etirazı) və inzibati icraat materiallarını məhkəməyə təqdim etməsi üçün 10 gün müddət təyin edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən İddiaçı ərizəsinə əsasən 3 və daha çox uşaq doğub tərbiyə etmiş qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-ci il tarixinədək ödənilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qədimkənd” Aqro firması müəssisəsi ilə aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarına əsasən İddiaçı sosial müavinəti xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Cavabdeh orqan tərəfindən sosial müavinət təyin olunan zaman İddiaçı aktiv əmək müqaviləsinə xitam verildiyi üçün onun yaşa görə sosial müavinətin ödənişi “İnzibati icraat haqqında” AR Qanununun 67.1, 67.2 və 67.6.3-cü maddələrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaranmış 708,68 manat (ötən dövrdən artıq ödənilmiş 142.58 manat daxil olmaqla) artıq alınmış vəsait 2021-ci ilin aprel ayından hər ay 20% olmaqla 26 manat tutularaq xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş müavinətin tutulması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və tutulmuş 286 manat məbləğin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini və daha əvvəl təqdim etdiyi iddanın dəqiqləşdirilməsi barədə ərizələrin nəzərə alınmamasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarında müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-ci il tarixədək ödənilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Qədimkənd” Aqro firması müəssisəsi ilə aktiv əmək müqaviləsi olduğu müəyyən edildiyindən cavabdeh tərəfindən sosial müavinətin ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Lakin təqdim edilmiş müavinət işində bu barədə qərar mövcud deyil. Cavabdehin xx.xx.2021-ci il tarixli 8558 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdən 130 manat aylıq müavinət təyin edilmiş, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. Daha sonra məhkəmənin qərardadına əsasən xx.xx.2021-ci il tarixdə cavabdeh orqan tutulmanın dayandırılması barədə 37533 nömrəli qərar qəbul etmişdir. İşdə olan sənədlərdən və bank hesabından çıxarışdan görünür ki, 2021-ci ilin yanvar ayı üçün müavinət ödəniməmiş (-130 manat), mart ayında fevral və mart ayları üçün 260 mant müavinət ödənilmiş, 2021-ci ilin aprel ayından ilin sonunadək aylıq 26 manat olmaqla 234 (9 x 26) manat tutulmuş, xx.xx.2021-ci il tarixdə cavabdeh orqan tutulmanın dayandırılması barədə qərar qəbul etdiyindən 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün tutulmuş 78 (3 x 26) manat qaytarılmışdır. Ümumilikdə iddiaçının müavinətindən 286 (130 + 234 - 78) manat tutulmuşdur. Qeyd edilənlər cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. İddiaçı hazırda artıq ödənilmiş vəsaitin tutulmasına dair cavabdehin xx.xx.2021-ci il tarixli 8558 nömrəli qərarını mübahisələndirir və tutulmuş 286 manat məbləğin bərpa edilməsini xahiş edir. Məhkəmə ilk növbədə bildirir ki, cavabdeh inzibati orqan yenidən müavinətin təyin edilməsi və artıq ödənilmiş vəsaitin tutulması barədə ayrı-ayrılıqda deyil, bir inzibati akt qəbul etmişdir. İddiaçının tələbi isə mahiyyət etibarilə həmin qərarın “artıq ödənilmiş vəsaitin tutulması”na dair hissədə ləğvindən və tutulmuş məbləğiun qaytarılmasından ibarətdir. Belə ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə qeyd edir ki, artıq ödənilmiş müavinətin qaytarılması “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən maddədən görünür ki, müavinət alan şəxsə artıq məbləğ ödənilmişsə, şəxs məbləğin qaytarılmasından imtina etdikdə, onda bu məbləğin qaytarılması məsələsinə məhkəmə qaydasında baxılmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən müavinətdən tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müavinət alan şəxs məbləğin qaytarılmasından imtina etdikdə artıq ödənilmiş məbləğin ona ödənilən müavinətdən tutulması məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar artıq ödənilmiş məbləğin tutulması hissəsində qanunsuzdur və həmin hissədə ləğv olunmalıdır. Məhkəmə bir halda da diqqəti cəlb edir ki, cavabdeh xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə müavinətin dayandırılması barədə qərar qəbul edilməsinə istinad etsə də, həmin qərarın nömrəsi və tarixini qeyd etməmiş, belə bir qərar nə məhkəməyə təqdim edilməmiş, nə də ki şəxsin müavinət işində mövcud deyildir. Belə bir qərar mövcud olmadığı halda, həmin dövr üzrə artıq ödəmənin tutulması barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2ci maddəsinə istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya müavinətin təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiyanın təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Digər tərəfdən, məhkəmə hesab edir ki, müavinətin dayandırılması təkcə yuxarıda şərh olunduğu kimi prosessual baxımdan deyil, həmçinin maddi hüquqi baxımdan da qanunsuz və əsassızdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. İddiaçının mübahisəli (xx.xx.2020-xx.xx.2020) dövr üzrə aktiv əmək müqaviləsinin olması işin mübahisəsiz halı olsa da, birincisi, iş materiallarında olan sənədlərdən görünür ki, müəssisə həmin dövrdə yalnız xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə fəaliyyətdə olmuşdur (vergi ödəyicisinin dövlət reyestr məlumatlarına əsasən), ikincisi isə mübahisəli dövr üzrə iddiaçının hər hansı əmək haqqı alması təsdiq edilməmişdir. Bu barədə cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. Əmək haqqı almadığı halda, müəssisə fəaliyyət göstərmədiyi halda iddiaçının əmək müqaviləsinə istinad edilməklə müavinətin dayandırılması şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. İPM-in 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan xx.xx.2021-ci il tarixli qərarı yuxarıda qeyd olunanlara əsasən artıq ödənilmiş məbləğin tutulması hissəsində qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də aradan qaldırılmalı və tutulmuş 286 manat məbləğ geri qaytarılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 fevral 2021-ci il tarixli 8558 nömrəli qərarı “artıq ödənilmiş məbləğin tutulması” hissəsində ləğv edilməli və həmin qərara əsasən tutulmuş 286 (iki yüz səksən altı) manat İddiaçı geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 fevral 2021-ci il tarixli 8558 nömrəli qərarı “artıq ödənilmiş məbləğin tutulması” hissəsində ləğv edilsin. Həmin qərara əsasən tutulmuş 286 (iki yüz səksən altı) manat İddiaçı geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar