Məhkəmə qərarları › İş №2-1(112)-1646/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1646/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1646/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyi) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyi və bundan sonra mətndə DSMF 2 saylı xidmət nümayəndəliyi) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli ərizə ilə DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ərizə təmin edilməmiş, imtinaya əsas kimi tələb olunan əmək stajının və fərdi hesabında toplanan pensiya kapitalının minimum əmək pensiyasından yüksək pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Hsab edir ki, ona verilmiş imtina qanuna ziddir və sosial təminat hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, Goranboy Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(045)- 2899/2016 saylı qətnaməsi ilə onun 1996-2001-ci illərdə Goranboy rayon 12 saylı X3 işləməsinə dair hüquqi fakt müəyyən edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Pensiya təyin edən cavabdeh orqan onun xeyrinə olan sübutları toplayıb müvafiq halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin tələblərini pozmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF 2 saylı xidmət nümayəndəliyinin adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair **********0 №li xx.xx.2021-ci il tarixli etirazda göstərilmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 saylı Bakı DOST Mərkəzi vasitəsi ilə DSMF 2 saylı xidmət nümayəndəliyinə (Xəzər rayon şöbəsinə) müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. DSMF 2 saylı xidmət nümayəndəliyi (Xəzər rayon şöbəsi) tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən imtina verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K-sığorta davamiyyəti əmsalıdır. Hazırkı işdə İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olması və ona xx.xx.2016-cı il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 9 il sığorta stajı ((2016- 1974-15)x4/12=9) və fərdi hesabın sığorta hissəsində 16.200 manat pensiya kapitalı (((2016-1974-15)x4/192)x144=81 x 200=16.200) tələb olunur. Lakin araşdırma zamanı İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmiş, bu səbəbdən haqlı olaraq əlilliyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF 2 saylı xidmət nümayəndəliyinin adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Xəzər RPİ tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 87, ünvanında qeydiyyatdadır. - NZ seriyalı ******* nömrəli xx.xx.1992-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi hərbi xidmətdə olmuş və xx xxxxxxx 1996-cı il tarixdə Goranboy rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0002 saylı müayinənin nəticələrinə dair arayışa (notarial qaydada təsdiq olunmuş surəti) əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. - Xəzər rayon DSMF tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 077545 №li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar İİ (ikinci) qrup əlildir. - Goranboy Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(045)-2899/2016 saylı qətnaməsi ilə İddiaçı 1996-2001-ci illərdə Goranboy rayon 12 saylı X3 işləməsi faktı təsdiq edilmişdir. Hazırkı tələblə bağlı iddiaçının müraciətinə 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********5 nömrəli bildirişdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının mövcud iş stajının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajından (9 il (2016-1974-15) x 4/12) az olmasına, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə olmamasına münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək (iddiaçının pensiya hüququnun yarandığı dövrdə yəni, xx.xx.2016-cı il tarixdə də) qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yəni, 12.1-ci maddəsini təhlili onu göstərir ki, əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiyaçı əlil olmalı və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. xx.xx.1974-cü il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: ona əlillik təyin olunan 2016-cı il- 42 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 27 yaş x 4 ay = 108 ay : 12 ay = 9 il Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 09 (doqquz) il iş stajı tələb olunur və qanunvericiliyin tələbinə görə bu halda iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti müəyyən olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti (21.2.3.); hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) (21.2.11.). İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, yəni 4 (dörd) il 2 (iki) ay 21 (iyirmi bir) gün hərbi xidmətdə olmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 1996-2001 (yəni 1996, 1997, 1998, 1999, 2000 və 2001)-ci illərdə işləməsi faktı müəyyən olunmuşdur. İddiaçının hərbi xidmətdən təxris olunduqdan sonra xx xxxxxxx 1996-cı il tarixdə Goranboy rayon hərbi komissarlığında qeydiyyata alındığı nəzərə alınarsa, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr üçün iddiaçının iş stajı 05 (beş) il 02 (iki) ay 01 (bir) gün (xx xxxxxxx 1996-cı il tarixdən xx xxxxxx 2001-ci il tarixədək) təşkil edir. Göründüyü kimi, iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə o, 09 il 4 ay 22 gün sosial sığorta stajına malik olmuşdur ki, inzibati orqan bu illəri əmək stajı kimi qeydə almalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı xidmət nümayəndəliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar