Məhkəmə qərarları › İş №2-1(112)-1646/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1646/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1646/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddianın təmin olunması və Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6677 nömrəli bağ sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6777 nömrəli bağ iddiaçının istifadəsinə verilmiş və qanuni əsaslarla icarəsində olmuşdur. Sonradan Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki iddiaçı və qardaşlarının (dörd qardaşa məxsus) 6776, 6777, 6795 və 6796 saylı bağ sahələrinin “Krokus” şirkəti tərəfindən alınması ilə əlaqədar digər əraziyə, yəni iddiaçının bağ sahəsinə 6948 digərləri isə 6949, 6950 və 6951 nömrəli ərazilərə köçürülmüşdür. Qeyd olunan bağ sahələrinin həmin əraziyə köçürülməsi, bağ sahələrinin iddiaçı və qardaşları tərəfindən hasarlanması və hazırda da istifadələrində olması Kürdəxanı qəsəbə Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 12 saylı məktubu ilə də təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki iddiaçıya məxsus 6948 nömrəli bağ sahəsinin onun adına hüquqların dövlət qeydiyyatına alınması üçün elədiyi müraciətə cavabdeh orqan tərəfindən imtina verilmişdir. İnzibati orqan hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6677 nömrəli bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmışdır. Lakin qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6777 nömrəli bağ idiaçının istifadəsinə verilmiş və qanuni əsaslarla icarəsində olmuşdur. Sonradan dəyişdirilmişdir. Sənədlərlə təsdiq olunur. Belə ki, cavabdehin qeyd etdiyi sənəd faktiki olaraq həmin ərazi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən də iddiaçı hesab edir ki, onun istifadəsinə və sahibliyinə verilmiş bağ sahəsinin adına qeydiyyata alınması üçün əsaslar olduğundan inzibati orqanın müraciətinə verdiyi imtinası əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X4” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə və üçüncü şəxsə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********99 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı torpaq sahəsinin yerini dəqiq tanımadığı üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamış, (torpaq sahəsi istifadədə deyil) həmçinin əvvəlki müraciət zamanı isə fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Elektron kadastr məlumatına əsasən şərti göstərilən ümumi sahə digər şəxsin (“X4” MMC) xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli Qərarı əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, müvafiq qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının icraatında 2-1(103)- 1436/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini olduğu kimi müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Ləhiş bağ massivində ona ayrılmış sahəsi 0,12 ha olan 6777 bağ sahəsinin “X4” MMC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisinə düşməsindən məlumatı var. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, bağ sahəsinin nömrəsi icraat zamanı şərti göstərilmiş, həmçinin iddiaçının hazırda mübahisələndirdiyi sahənin koordinatlarına uyğun olan ümumi ərazinin “X4” MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi faktı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqi marağının və məqsədinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6777 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarət olduğunu nəzərə alaraq iddia ərizəsində bağ nömrəsinin 6677 kimi qeyd edilməsini texniki xəta kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə zərurət görmür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Beləliklə, işin müəyyən edilmiş hallarına görə, iddiaçının məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6777 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi sözügedən bağ sahəsinin onun istifadəsinə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının X1 və İstismarı Birliyinin 30125 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsinə istinad edir. Həmçinin iş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bağların bölgü sxeminin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6776, 6777, 6778 nömrəli bağ sahələri yan-yana yerləşir. İddiaçı tələbinin təmin edilməsi məqsədilə, cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh tərəfindən əsas imtina dəlili kimi iddiaçının 6777 saylı bağ sahəsi kimi ona ayrılmış sahənin “X4” MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılaraq cavabdeh orqana sorğu ünvanlanmış və aşağıdakı suallar qoyulmuşdur:

1. Ləhiş bağ massivində 6777 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq koordinatları müəyyən edilsin.

2. İddiaçı naturada 6777 saylı bağ sahəsi kimi göstərdiyi sahənin koordinatları müəyyən edilsin.

3. Naturada göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritədə 6777 saylı bağın ərazisinə uyğun gəlir mi?

4. Naturada göstərilən sahə “Krokus” şirkəti, “X4” MMC-nin mülkiyyətində olan sahə ilə üst-üstə düşür mü? Düşürsə, hansı ölçüdə düşür?

5. Ləhiş bağları sahəsində “Krokus” şirkəti adına mülkiyyət hüququna dair sənədlərin və plan ölçüsünün məhkəməyə təqdim edilməsi.

6. Ərazinin ortofoto görüntüsü təqdim edilsin. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının şifahi məlumatına əsasən sonuncu müraciət zamanı iddia etdiyi sahəni iddia etdiyi məlum olmuşdur. Sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli) sahəyə iddiaçı və qardaşı ilə birgə baxış keçirilmişdir. İddiaçı tərəfindən şərti göstərilən sahə ümumi ərazidir. Belə ki, sahənin dəqiq yerinin göstərilməməsi səbəbindən sahənin koordinatlarını təyin edilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Şərti olaraq göstərilən ümumi ərazidə “Krokus” şirkəti tərəfindən tikinti işləri aparılır. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla (ərazidən götürülmüş) verilmiş sahə “X4” MMC-yə məxsus **********02 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Tam koordinat olmaması səbəbindən ortofoto görüntüsünün tərtibatı və qeyd olunan bağ sahəsinin yerləşməsinin müəyyənləşməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı sözügedən məktubun məzmunu ilə tanış olduğunu bildirmiş və dönə-dönə vurğulamışdır ki, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu faktiki göstərdiyi ərazi üzrə şəxsən iştirakı ilə baxış keçirilərək tərtib edilmişdir. Məhkəmə iclasında qeyd olunan məktub iddiaçıya bir daha ucadan oxunmuş və məlumatlar onunla təkrarən dəqiqləşdirilmişdir. İddiaçı məktubun məzmununda qeyd olunanları bir daha təsdiq edərək eyni zamanda bildirmişdir ki, ona ayrılmış 6777 №-li bağ sahəsinin “X4” MMCyə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əlaqədar özünü həmin şirkətin (MMC-nin) müavini kimi təqdim etmiş şəxs tərəfindən qəbul edilmiş və ona kompensasiya təklif edilmişdir. Göründüyü kimi iddiaçının 6777 saylı torpaq sahəsi kimi göstərdiyi sahə “X4” MMC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış (**********02 qeydiyyat nömrəsi) sahənin hüdudları düxilində olması təsdiqini tapmışdır. Belə olan halda, hazırkı vəziyyətdə digər şəxsin xüsusi mülkiyyətində olan sahəyə iddiaçının hüququnun qeydiyyata alınması mümkün sayıla bilməz. Bunun üçün ilk növbədə iddiaçı “X4” MMC-nin adına aparılmış qeydiyyat mübahisələndirilməlidir. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb irəli sürülə bilər. Belə olan halda məhkəmə hesab edir ki, konkret halda iddiaçı hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya hüquqi yardım göstərilərək səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması ona münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar