Məhkəmə qərarları › İş №2-1(112)-1647/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1647/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1647/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə bağ sahəsinin mülkiyyət hüququna əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X8 işə cəlb edilməklə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2712 saylı bağ sahəsinin koordinatları hüdudlarında X2 adına keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edilməsini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2712 saylı bağ sahəsinin keçmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş 22895 saylı, xx xxxxxx 1999-cu il tarixli müqavilə əsasında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatının aparılaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2712 saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin keçmiş X1 və İstismarı Birliyi tərəfindən xx xxxxxx 1999-cu il tarixli, 22895 nömrəli bağ icarə müqaviləsi ilə sahəsi 0.12 ha olmaqla onun istifadəsinə verilmişdir. Həmin vaxtdan sözügedən bağ sahəsi fasiləsiz istifadəsindədir. “Torpaq islahatı haqqında" Qanunun tələbləri, bəhs edilən torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini təsbit edir. Bu əsasla o, bağ sahəsini tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata aldırmaq qərarına gəlmişdir. Bunun üçün 2012-ci ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin dövrdə mövcud olan qaydalara əsasən, ona ilk olaraq həmin İdarənin saxlamış olduğu arxiv sənədlərinə əsasən, texniki sənəd olaraq “Torpaq sahəsinin planı” adlanan sənəd almalı idi. Ərizəsinə əsasən, xx.xx.2012-ci il tarixdə “Torpaq sahəsinin planı” tərtib edilərək ona verilmişdir. Bundan sonra keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə verərək, “Torpaq sahəsinin planı və ölçüsü” alınmalı, nəhayət sonda toplanan sənədlər yenidən Bakı Ərazi İdarəsinə təhvil verilərək hüquqları qeydiyyata alınmalı və bu barədə müvafiq çıxarış verilməli idi. Lakin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən ərizəsi qəbul edilməmişdir. Belə ki, bağ icarə müqaviləsində adı “Şüküfə” kimi qeyd edildiyindən, sənədin eyni şəxsə məxsus olmasının məhkəmə qaydasında təsdiq edilməsinə zərurət olduğu bildirilmişdir. Bundan sonra məhkəmə prosesinin kifayət qədər vaxt aparacağı səbəbindən sənədləşmə işini sona çatdırmışdır. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 453 saylı Fərmanı ilə həmin qurum ləğv edildikdən sonra sənədləşmə üçün yalnız Bakı Ərazi İdarəsinə müraciət etməli olduğunu öyrənmişdir. Bir müddət sonra, daha dəqiq desə, xx.xx.2019-cu il tarixində müəyyən edilmiş qaydada hüquqlarının dövlət qeydiyyatı üçün oraya müraciət etmişdir. Lakin, ona hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Səbəblərdən biri kimi, yenə də, bağ icarə müqaviləsində adının “Şüküfə” kimi qeyd edilməsi göstərilmişdir ki, bu məsələ ilə bağlı ayrıca olaraq məhkəməyə müraciət edərək problemi həll etmişdir. Lakin, imtina səbəbi kimi digər bir səbəb göstərilmişdir ki, bu səbəblə əlaqədar olaraq məhkəməyə hal-hazırki iddia tələbləri ilə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, imtina məktubunda ona göstərilən bağ sahəsinə dair keçmiş DTXK tərəfindən digər fiziki şəxsin adına kadastr planı verildiyini bildirmişdir. Sənəddəki ad uyğunsuzluğu ilə bağlı bildirir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 792/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bağ icarə müqaviləsindəki ad uyğunsuzluğu ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İkinci imtina səbəbi ilə bağlı həmin şəxsin adının rəsmi olaraq məktubda göstərilməməsi səbəbindən, dəfələrlə Bakı Ərazi İdarəsinə getdikdən sonra nəhayət, şifahi şəkildə ona məxsus bağ sahəsinə dair keçmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin X8 adlı şəxsə verilmiş olmasını öyrənmişdir. Hesab edir ki, ona məxsus olan Mərdəkan bağ massivində yerləşən 2712 saylı bağ sahəsinin yerləşdiyi koordinatlarda digər bağ sahəsinin sənədləri əsasında “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi qanunvericiliyə ziddir və bu sənədin mövcudluğu onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olmuşdur. Buna görə adıçəkilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi etibarsız hesab edilməlidir. Mübahisəli torpaq sahəsi Birliyin balansında olan bağ sahəsidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Birliyin balansında olan bağ sahələrinə dair sxematik xəritə mövcuddur və həmin xəritədə istənilən ayrılmış bağ sahəsinin yerinin müəyyən edilməsi mümkündür. Bakı Ərazi İdarəsinin imtina məktubundan da, görünür ki, ona bağ icarə müqaviləsi ilə verilmiş torpaq sahəsinin göstərdiyi sahə ilə uyğunsuzluğu yoxdur. Əks halda imtina səbəbi kimi ölçü işləri aparılan torpaq sahəsinin sxematik xəritə ilə uyğun olmaması imtina məktubunda əks edilməli idi. Deməli, onun istifadəsində olan torpaq sahəsinin məhz 2712 saylı bağ sahəsi olduğu işin mübahisəsiz halıdır. Bunu Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı” da təsdiq edir. Belə ki, həmin planın verilməsi zamanı da, uyğunsuzluqla bağlı imtina verilməmiş, əksinə “Torpaq sahəsinin planı” tərtib edilərək təqdim edilmişdir. “Torpaq sahəsinin planı” da mübahisəli torpaq sahəsinin qonşu sahələri də göstərilmişdir və buradan aydın olur ki, sahələrin nömrələrində ardıcıllıq var. Belə olan halda, eyni sahəyə keçmiş DTXK tərəfindən digər sənəd-əsaslarla və digər fiziki şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi konkret olaraq “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin pozulmasıdır. Digər bir məqamı da, məhkəmə üçün əhəmiyyətli hesab edirlər. Keçmişdə Birliyin balansında olmuş bağ sahələrinin sənədləşməsi ilə əlaqədar keçmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədinin tərtib edilməsi üçün ərizə verilərkən mütləq şəkildə ilk olaraq Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı” tələb edilirdi. Belə ki, həmin sənəd, ilkin torpaqayırma sənədinin məhz hansı sahəyə verilmiş olmasını təsdiq etməklə, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə riayət edilməsini təmin edirdi. Eyni sahəyə dair “Torpaq sahəsinin planı” Bakı Ərazi İdarəsi tərəfindən onuna adına və onun bağ icarə müüqaviləsi əsasında artıq tərtib edilmiş olması səbəbindən eyni sahəyə digər sənəd-əsasla və digər fiziki şəxsin adına “Torpaq sahəsinin planı” tərtib edilməsi mümkünsüz görünür. Bu səbəblərdən keçmiş DTXK tərəfindən tərtib edilmiş olan və bu iddia tələbləri ilə mübahisələndirdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nün sənəd-əsasının bağ icarə müqaviləsi, bağ orderi, yaxud bağ yoldaşlığı təşkilatının üzvlük kitabçasının olmadığı qənaətindədir. Zənnincə, bu sənəd-əsas fərdi yaşayış evinin tikilməsi üçün yerli icra hakimiyyətinin vermiş olduğu sərəncam ola bilər. Çünki, belə hallarda, Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilən “Torpaq sahəsinin planı” tələb edilmirdi. Əgər həqiqətən də, mübahisələndirdikləri “Torpaq sahəsinin plan-ölçüsü” fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş Sərəncam əsasında tərtib edilmişdirsə, bu özü də yuxarıda istinad etdikləri “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin tələblərinin pozulmasının bir daha sübutudur. Belə ki, Birliyin balansında olan torpaq sahələrinə dair yerli icra hakimiyyətlərinin fərdi yaşayış evi tikintisi təyinatında torpaqayırma sərəncamları vermək səlahiyyəti olmamışdır. Belə halda da, həmin Sərəncamın həqiqiliyi deyil, mübahisəli sahəyə aid olmaması müzakirə mövzusudur. Belə ki, sərəncamın məzmunundan, hansı sahəyə aid olması bilinmir, çünki torpaq sahəsi yalnız şərti nömrə ilə nömrələnmiş olur ki, bu da yeri müyyən etmək üçün kifayət etmir. Bu baxımdan sərəncam məzmununun mübahisələndirilməsi doğru olmaz. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli, 2186 saylı Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlrəinin Azərbaycan Respublikasının X9 Komitəsinə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın icrasının nəticəsi olaraq, onunla Birlik arasında bağlanmış bağ icarə müqaviləsinin arxiv sənədləri də, X9 Komitəsinin aidiyyəti qurumu olan Bakı Ərazi İdarəsinə təhvil verilmişdir. Həm müqavilə, həm də həmin müqaviləyə aid olan ilkin cizgi, eyni zamanda, Mərdəkan bağ massivinin sxematik xəritəsi Bakı Ərazi İdarəsindədir. “Torpaq sahəsinin planı”nın alınması üçün Bakı Ərazi İdarəsinə müraciət etdikdə, həmin sənəd əsasında bağ sahəsinin həqiqətən də, ona ayrılmış bağ sahəsi olduğu, ayrılmanın qüvvədə olduğu dəqiqləşdirilərək, ərizəsi əsasında “Torpaq sahəsinin planı tərtib edilmişdir. Hesab edir ki, iddida tələbləri təmin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsinə dair keçmiş DTXK tərəfindən X2 adına kadastr planı verilmişdir. Həmçinin təqdim edilmiş müqavilədə və müqavilənin arxiv nüsxəsində ad “Şüküfə” kimi qeyd olunmuşdur. Bu barədə iddiaçıya **********85 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********85 nömrəli imtina məktubundan görünür ki, göstərilən bağ sahəsinə dair keçmiş DTXK tərəfindən digər fiziki şəxsin adına kadastr planı verilmişdir. Həmçinin təqdim edilmiş müqavilədə və müqavilənin arxiv nüsxəsində adı “Şüküfə” kimi qeyd olunmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi BTİ və İB-nin 22895 saylı müqaviləyə əsasən ayrılmış 2712 saylı bağ sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 22895 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Mərdəkan qəsəbəsində yerləşən, 0.12 ha ölçüdə, 2712 saylı bağ sahəsi X3 ayrılmışdır. İşdə olan “X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 09 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, rəyin 1-ci sual üzrə tədqiqatının nəticəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2712 saylı bağ sahəsi ilkin torpaqayırma sənədlərinə (bağların sxematik xəritəsinə) əsasən vətəndaş İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinə tam uyğundur.; rəyin 2-ci sual üzrə tədqiqatının nəticəsinə əsasən 757 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1400 saylı Sərəncamı ilə X4 ayrılmış olan torpaq sahəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyindən həmin torpaq sahəsi olması mümkün deyil. Belə ki, həmin Sərəncama əsasən tərtib edilmiş torpaq sahəsinin cizgisində göstərilən sahə İddiaçı istifadəsində olan torpaq sahəsi deyil. Məhkəmə cavabdehin həmin məktubda əks olunan əsaslarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X1 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 22895 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinə əsasən Mərdəkan ərazisindəki X5 və İstismarı Birliyi tərəfindən 0.12 ha torpaq sahəsində yerləşən «2712» nömrəli bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Beləliklə, İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». İş materiallarından görünür ki, cavabdeh tərəfindən artıq sözügedən müqaviləyə əsasən iddiaçının adına xx.xx.2012-ci il tarixdə torpaq sahəsinin planı verilmişdir. Məhkəmə hesab edir ki, sözügedən bağ sahəsinə dair iddiaçının adına cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə torpaq sahəsinin plan ölçüsü verilməsinə baxmayaraq, cavabdehin həmin bağ sahəsinə dair keçmiş DTXK tərəfindən digər fiziki şəxsin adına kadastr planı verilməsi əsası ilə imtina etməsi əsassızdır. Bundan əlavə cavabdehin həmin arqumenti ilə bağlı iş materiallarında ekspert rəyi mövcuddur ki, həmin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 757 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılmasına dair Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1400 saylı Sərəncamı ilə X4 ayrılmış olan torpaq sahəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyindən həmin torpaq sahəsi olması mümkün deyil. Belə ki, həmin Sərəncama əsasən tərtib edilmiş torpaq sahəsinin cizgisində göstərilən sahə İddiaçı istifadəsində olan torpaq sahəsi deyil. Məhkəmə eləcə də, cavabdehin digər - müqavilə və müqavilənin arxiv nüsxəsində iddiaçının adının “Şüküfə” kimi qeyd olunması arqumenti ilə bağlı qeyd edir ki, cavabdeh artıq özü İddiaçı adına mübahisəli bağ sahəsinə dair torpaq sahəsinin planını verməklə, həmin arqumenti əsassız etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X1 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 22895 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinə əsasən ayrılmış Mirdəkan qəsəbəsi bağlar sahəsində ölçüsü 0.12 ha torpaq sahəsi olan, 2712 saylı bağ sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar