Məhkəmə qərarları › İş №2-1(112)-1647/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1647/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1647/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 15.01.2021-ci il tarixli **********6733 saylı məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq VÖEN: ********** və müvafiq ƏDV bildirişi verilmişdir. İddiaçı MMC faktiki olaraq səhiyyə sahəsində sair xidmət fəaliyyəti ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. Cavabdehin 30.10.2020-ci il **********0760 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 30.10.2020-28.11.2020-ci il dövrü üzrə İddiaçı MMC-də keçirilmiş Operativ vergi nəzarəti yoxlamasının nəticələri 27.11.2020-ci il tarixdə DVX 001292 saylı akt ilə rəsmiləşdirilmişdir. Aktla tanış olduqda vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş Operativ vergi nəzarətinin nəticələrinə əsasən əlavə hesablanmış maliyyə sanksiyası ilə razılaşmadıqları üçün akta etiraz edərək aktı imzalamaqdan imtina etmişlər. İmtinanın və etirazın səbəbləri olaraq bildirilir ki, 30.10.2020-ci il tarixə mal qalığının inventarizasiya aparılmış və inventarizasiya zamanı dərman preparatları və tibbi sərfiyyatların dəyəri - 139.421,05 manat olmuş və cəmiyyətin faktiki mal qalığı ilə yoxlamanın nəticələri arasında heç bir kənarlaşma aşkar olunmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin yoxlama zamanı vergi əməkdaşları cəmiyyətin təsisçisi tərəfindən cəmiyyətə əvəzsiz istifadəyə verilmiş tibbi avadanlıqları, mebelləri, inventarları, alət və cihazları mal qalığı kimi siyahıya alaraq, Konsaltinq və Qiymətləndirmə şirkəti olan "xxxx" MMC-ni ekspert qismində cəlb edərək, həmin malları və inventarları 1.139.600,00 manat məbləğində qiymətləndirmiş və nəticədə 1.139.600,00*10 %) 113.960,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan tibbi avadanlıqlar, mebel, inventarlar, alət və cihazlar cəmiyyətin mülkiyyətində və balansında deyil, cəmiyyətin təsisçisi tərəfindən Mülki Məcəllənin 732-738-ci maddələrinə əsasən cəmiyyətə müvəqqəti olaraq əvəzsiz istifadəyə verilmişdir. İddiaçı MMC tibbi avadanlıqların və ləvazimatlarının alqı-satqısı ilə məşğul deyildir, onun fəaliyyəti əhaliyə tibbi xidmətlərin göstərilməsindən ibarətdir və həmin inventarlar Vergi Məcəlləsinin müddəalarına əsasən vergi tutma obyekti deyil. Bu isə qeyd edilən inventarları mal qalığı kimi qəbul edilərək cəmiyyətə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsini istisna edir. Bundan başqa həmin akt tərtib edilərkən kobud prosessual pozuntulara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30.10.2020-ci il tarixli **********0760 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi məsələlərini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmiş, operativ vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin obyektində Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədləri olmayan mallar aşkar edilmişdir. Aşkar edilmiş malların real bazar qiymətini müəyyən etmək məqsədilə 12.11.2020-ci il tarixli, **********1798 saylı qərarla ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin 26.11.2020-ci il tarixli ekspert rəyinə əsasən malların ümumi qiymətinin 1139600,00 manat olduğu müəyyən edilmişdir. 27.11.2020-ci il tarixində operativ vergi nəzarətinin nəticələri DVX seriyalı 001292 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi nəzarət məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. 15.01.2021-ci il tarixində cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********6733 saylı qərar qəbul edilərək iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 113960,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və müvafiq sanksiyanın ödənilməsi barədə 15.01.2021-ci il tarixli **********6734 saylı tələbnamə göndərilmişdir. İddiaçının təqdim etdiyi borc müqaviləsinə dair ilk öncə bildirilir ki, malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin siyahısı Vergi Məcəlləsinin 58.8-ci maddəsində əks edilib və müqavilə həmin sənədlərin siyahısına daxil deyil. İkincisi, iddiaçının təqdim etdiyi müqavilə formal olaraq bağlanmış yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd əhəmiyyətsizdir. Bundan əlavə, hətta əgər bağlanmış borc müqaviləsi etibarlı olsa idi, bu, həmin müqavilə əsasında əldə edilmiş malların Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasını istisna etməzdi. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi deməkdir. Maddələrin məzmunundan göründüyü kimi, borc müqaviləsinə əsasən malların borc alana verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə malların təqdim edilməsi hesab edilir. Lakin malların iddiaçıya təqdim edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş hər hansı sənədlə rəsmiləşdirilməmiş, operativ vergi nəzarəti zamanı malların alışını və ya mədaxilini təsdiq edən sənəd aşkar edilməmişdir. Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı MMC-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.01.2021-ci il tarixli, **********6733 nömrəli Qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbi üzrə işə nümayəndənin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 30.10.2020-ci il tarixli, **********0760 nömrəli qərar ilə, İddiaçınə (VÖEN **********) məxsus olan qeyri-yaşayış binasında (**********-15001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 30.10.2020-ci il tarixdən 28.11.2020-ci il (28.11.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 30.10.2020-ci il tarixli, KY**********9 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur; DVX seriyalı 001292 nömrəli, 27 noyabr 2020-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətin nəticəsi haqqında akt”dan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 oktyabr 2020-ci il tarixli **********0760 №-li qərarına əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 30.10.2020-ci il tarixində İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 116A ünvanında yerləşən Medistyle klinikasında 139421,07 AZN dəyərində dərman preparatları və tibbi ləvazimat, 1139600,0 AZN dəyərində isə tibbi avadanlıq aşkar olundu. Aşkar olunmuş 1139600,0 AZN dəyərində avadanlığın sənədlərlə (eqf, igb, alış akt və s.) öz əksini tapmadığı müəyyən olunmuşdur; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.01.2021-ci il tarixli, **********6733 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 113960.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 25.01.2021-ci tarixədək 113960.00 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********6734 nömrəli tələbnamədən görünür ki, İddiaçındən büdcəyə ödənilməli olan 113960.00 manat vəsaitin 25.01.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********851500 nömrəli 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş 21.01.2021-ci il tarixli şikayəti təmin edilməmiş, 27.11.2020-ci il tarixli DVX seriyalı 001292 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.01.2021-ci il tarixli **********6733 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. ... 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. ... 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir; 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: ... 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. ... 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır; 62.2-ci maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Mübahisənin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2020-ci il tarixli qərarla İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi olaraq 27 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə 1139600,0 manat dəyərində qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmayan müxtəlif adda mallar aşkar edilmişdir. Qeyd olunan aktın əsasında vergi orqanı tərəfindən 15 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 113960,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsinə dair iddiasını onunla əsaslandırmışdır ki, aktda adları göstərilmiş mallar iddiaçının mülkiyyətində deyil və cəmiyyətin təsisçisi tərəfindən müvəqqəti olaraq əvəzsiz istifadəyə verilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı aşkar olunmuş malların cəmiyyətin təsisçisi tərəfindən əvəzsiz istifadəyə verildiyini qeyd etsə də, həmin malların əvəzsiz istifadəyə verilməsi ilə bağlı təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmiş, yalnız 08.01.2019-cu il tarixli “Borc müqaviləsi”nin surətini təqdim etmişdir ki, bu müqavilə həmin əmlakın əvəzsiz istifadəyə verildiyini təsdiq etmir. “Borc” və “əvəzsiz istifadə” anlayışları (müqavilələri) fərqli olmaqla, hüquq münasibətinin subyektləri üçün də fərqli hüquq və vəzifələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Göründüyü kimi, borc müqaviləsinə əsasən müqavilənin predmetinə mülkiyyət hüququ borc alana keçdiyi halda, əvəzsiz istifadə müqaviləsində mülkiyyət hüququ digər tərəfə keçmir. Başqa sözlə, iddiaçının təqdim etdiyi borc müqaviləsini əsas götürsək, həmin əmlakın mülkiyyətçisi İddiaçı MMC-dir və Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilməlidir. Müqavilə ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilə Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən malların alışını və ya mədaxilini təsdiq edən sənədlər siyahısında nəzərdə tutulmamışdır və həmin müqavilə əsasında əldə edilmiş malların Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasını istisna etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar