Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16491/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Rusiya Federasiyasında işlədiyi müddəti ümumi iş stajına daxil etməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdeh barəsində cinayət işinin açılması və istintaq aparılması, cavabdehdən ********** (bir milyard) AZN tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən başlayaraq Rusiyada yaşamışdır. İddiaçı hesab edir ki, onun Rusiya Federasiyasında işlədiyi dövr nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox təşkil edir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiçının təqdim etdiyin sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı illər, eyni zamanda xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 12 il 5 ay 15 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 8 il 1 ay 15 gün sığorta stajına uyğun olaraq 8367,25 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 4 il 4 ay sığorta stajına uyğun olaraq 7993,22 manat olmaqla, ümumilikdə 16360,47 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ- nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşlarının hüquqlarının zəmanətləri haqqında Saziş” Azərbaycan Respublikasının 114-İİQ nömrəli 3 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Lakin Rusiya tərəfindən təsdiq olunmadığına görə qüvvəyə minməmişdir. Sözügedən Qanun (114-İİQ nömrəli) Azərbaycan Respublikasının 579-VİQ nömrəli, 8 iyul 2022-ci il tarixli Qanunu ilə ləğv edilmişdir. 26 aprel 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” hər iki tərəfdən təsdiq olunmuşdur (579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu). Sözügedən Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Qeyd edirik ki, ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilmədiyi üçün Müqavilə qüvvəyə minməmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının təqdim etdiyi arayışın tərcümə edilmiş notariat təsdiqi təqdim edilsə belə xx.xx.1992-ci il tarixindən sonrakı dövr üzrə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi ümumlilikdə mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. -Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Diplomdan görünür ki, iddiaçı 1977-1982-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. -Hərbi biletdən görünür ki, iddiaçı 1982-ci ilin dekabr ayından 1984-cü lin may ayınadək orduda xidmət etmişdir. -SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixindən “Xəzərdəniztəmirtikinti" trestinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə (Neft Daşları) usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixindən hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixli 87/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti" trestinin 2 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixli 12/k nömrəli əmrə əsasən köçürmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixindən xx.xx.1985ci il tarixli 10/k nömrəli əmrə əsasən “Xəzərdəniztəmirtikinti" trestinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə (Neft Daşları) 5-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985 cı il tarixindən xx.xx.1985-ci il tarixli 19/k nömrəli əmrə əsasən Texniki istehsalat şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixli 49/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. -Rusiya Federasiyasında yerləşən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək "xxxx" ətir və kosmetika fabrikində direktor müavini, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixdək kommersiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2025 - 30 iyun 2026-cı illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması tərəflər arasında mübahisə yoxdur. İş materiallarından aydın olduğu kimi, cavabdeh iddiaçının əmək fəaliyyəti dövrünü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı dövrü və xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olduğu müddəti nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının 12 il 5 ay 15 gün olduğunu, həmçinin pensiya kapitalının məbləğinin 16360,47 manat olduğunu qəbul edir. Cavabdeh iddiaçının sığorta stajının 25 ildən az olduğunu və fərdi hesabda sığorta hissəsinin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmadığını iddia edir. İddiaçı isə Rusiya Federasiyasında işlədiyi müddətin nəzərə alınmaqla sığorta stajının 25 ildən çox olduğunu və bunun nəticəsində yaşa görə əmək pensiyası almaq hüququnun yarandığını iddia edir. ƏPQ-nin 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə tərəflərin irəli sürdüyü arqumentlərə qiymət verərək hesab edir ki, hətta ƏPQ-nun 23.2-ci maddəsi baxımından iddiaçının xx.xx.1992-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr nəzərə alınsa belə, onun sığorta stajı 25 ildən az təşkil edir. İddiaçının xx.xx.1992-ci il tarixdən sonra Rusiya Federasiyasında işlədiyi dövrün sığorta stajına daxil edilməsi mümkün deyil. Belə ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunundan: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ Bölmə ÜMUMİ MÜDDƏALAR Maddə 1. Anlayışlar
1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; ... 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; ... 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər; ...
2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi
1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; ... Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı
1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar
1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.
2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.
3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Göründüyü kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” hər iki tərəfdən təsdiq olunmuşdur (579-VİQ nömrəli 08 iyul 2022-ci il tarixli Qanunu). Sözügedən Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Qeyd edilir ki, ratifikasiya sənədlərin mübadiləsi həyata keçirilmədiyi üçün Müqavilə qüvvəyə minməmişdir. Göründüyü kimi, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən olunsa da, müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas - Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılması həyata keçirilməsi müəyyən olunmamışdır. Belə olan halda isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” dövlətdaxili prosedurlar yekunlaşmadığı üçün hazırda qüvvədə deyil. Beləliklə, hazırda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” qüvvədə olmadığından, həmçinin müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması müəyyən olunmadığından, ən əsası isə “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 114- İİQ nömrəli, 3 aprel 2001-ci il tarixli Qanunu ləğv edildiyindən, iddiaçının xx.xx.1992-ci il tarixdən sonraki dövrdə Rusiya Federasiyasında işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi mümkün deyil. Oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2956/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-536/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarlarında əks olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 illik şərt iddiaçı tərəfindən ödənilmədiyindən, həmçinin onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 46080 manatdan (144 ay x 320 manat) az olduğundan, iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Məhkəmə, iddiaçının digər tələblərinə münasibətdə bildirir ki, bu tələblər əsas etibarilə vəsatət xarakteri daşıyır və cinayət işinin açılması, təzminatın ödənilməsi kimi məsələləri ehtiva edir. İddiaçının bu tələbləri hətta mümkünlük şərtlərinə cavab verməyən tələblər olsa belə, məhkəmə hesab edir ki, iddiaçının əsas məqsədi, konkret olaraq, yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Bu halda, məhkəmə iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbinin təmin edilməməsini nəzərə alaraq, digər tələblərin də təmin olunmamalı olduğunu hesab edir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov