Məhkəmə qərarları › İş №2-1(112)-1650/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1650/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1650/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «arayışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «arayışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin üzərində xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının atasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 savlı evin 2 saylı mənzil 11 oktyabr 1954-cü il tarixdə 177 saylı orderlə iddiaçının atasına verilmiş, iddiaçının atasının həmin mənzilin özəlləşdirmək hüququ olmuş, lakin öldükdən sonra bu hüquq iddiaçıya keçmişdir. iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin mənzilin özəlləşdirilib Dövlət Reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə ona cavab verilərək, mənzilin adına özəlləşdirilməsindən imtina edilmiş, əsas kimi isə mənzilə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquq mıiəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bununla əlaqədar iddiaçı bildirmişdir ki, həmin mənzil qanuni əsaslarla atasına verilmiş və atası 1954-cü ildən öz ailəsi ilə həmin mənzildə yaşamış, iddiaçı da mənzilin atasına verilməsi barədə 11 oktyabr 1954-cü il tarixdə 177 saylı orderi cavabdehə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şənlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsin də göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşın çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinəverilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanına dair Order həmin mənzilin üzərində iddiaçının hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Lakin iddiaçının Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətimdən imtina üçün belə bir əsaslar olmamış, cavabdeh Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndində göstərilməyən əsaslarla iddiaçının müraciətinə imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi. Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin özəlləşdiri lərək, xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə alınmasının Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X5 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən mənzilə yerli baxış keçirilən zaman mənzilin ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi və mənzilə bitişik 36 kv.m əlavə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar- texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarında olan, Ordjonikidze Trestinin Mənzil Kommunal Kontorunun 11 oktyabr 1954-cü il tarixli 177 saylı Orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzili X1 adına verilmişdir. -İş materiallarında olan, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim etdiyi “Əzizbəyovneft” NQCİ-nin xx.xx.1988-ci il tarixli 50 saylı rəyindən görünür ki, X4 öldükdən sonra həmin mənzilin kirayə müqaviləsi vətəndaş X3 adına dəyişdirilmişdir. - İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində yerləşən 9 saylı evin 2 otaqlı 2 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 10 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilərək, o həmin mənzilin kirayəçisi hesab edilmişdir. - İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavadeh inzibati orqana ərizə ilə müraciət etmiş, iddiaçının müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin, 2 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin, 2 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. - İş materiallarında olan, Azərbaycan Respublikasi Baki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatinın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Müraciətinizə cavab olaraq bildiririk ki, “Orcenikidzeneft” trestinin Mənzil Kommunal Kontorunun orderləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - İş materiallarında olan sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 12 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı mərhum X2 məxsus olan daşınmaz əmlakın olub-olmamsı barədə məlumat verməyinizi və həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı məktubu təqdim edən şəxsə (İddiaçı) verilməsi xahiş edilmişdir. - İş materiallarında olan SOCAR ASC-nin xx.xx.3023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərizənizə cavab olaraq bildiririk ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Orcenikidzeneft” trestinin Mənzil Kommunal Kontorunun xx.xx.1954-cü il tarixli 177 nömrəli orderi saxlanılmadığından Sizə arxiv surətinin təqdim olunması imkan xaricindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11864/2023 saylı 05 dekabr 2023-cü il tarixli sorğusuna cavab olaraq bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzili Ordjonikidze Trestinin Mənzil Kommunal Kontorunun 11 oktyabr 1954-cü il tarixli 177 saylı Orderinə əsasən X1 adına açılmışdır. X4 öldükdən sonra həmin mənzildə X6 və İddiaçı yaşasa da, mənzilə dair şəxsi hesab vərəqəsi X3 adına keçirilməmiş, onunla hər hansı bir kirayə müqaviləsi imzalanmamışdır. Lakin İddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departementinə ərizə ilə müraciət edib, atası X1 ölüm haqqında şəhadətnaməsinə istinad edərək, Zərdabi küçəsi, 9 sayn evin 2 saylı mənzilinə dair şəxsi hesab vərəqəsinin onun adına açılmasını xahiş etmiş və onun ərizəsinə əsasən qeyd edilən mənzilə dair onunla kirayə müqaviləsi imzalanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı hazırda mənzilin atasına ayrılmasına dair “Orcenikidzeneft” trestinin verdiyi orderə və onunla 2022-ci ildə onunla bağlanılmış kirayə müqaviləsinə əsaslanaraq həmin mənzilə dair mülkiyyət hüquqlarının X2 (atası) məxsus olması ilə bağlı arayış verilməsini tələb edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir) 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir) 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir.

1. İddiaçının əsaslandığı orderə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsinin X1 istifadəsinə verilməsi barədə Ordjonikidze Trestinin Mənzil Kommunal Kontorunun 11 oktyabr 1954-cü il tarixli 177 saylı Orderinin əsli və arxiv nüsxəsi mövcud deyildir. Qeyd edilən orderin arxiv nüsxəsi olsa belə, həmin order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquq müəyyənedici sənəd hesab edilə bilməz. Həmin order daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid deyil. Belə ki, həmin order müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, Ordjonikidze Trestinin Mənzil Kommunal Kontoru tərəfindən verilmişdir.

2. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən adına order olan şəxs, yəni X4 mənzildən istifadə edən şəxs kimi mənzilin balans saxlayıcısı ilə mənzil kirayə müqaviləsi bağlamamışdır.

3. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində yerləşən 9 saylı evin 2 otaqlı, 2 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 10 nömrəli Sərəncamından görünür ki, həmin sərəncam ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilərək, o həmin mənzilin kirayəçisi hesab edilmişdir. Məhkəmə, iddiaçı tərəfindən istinad olunan həmin sərəncama münasibətdə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 10 nömrəli sərəncamında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirildiyi qeyd edilsə də, həmin mənzilə dair X4 ilə balanssaxlayıcı arasında kirayə müqaviləsinin bağlanmadığı məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 10 nömrəli sərəncamında iddiaçının mübahisəli mənzildə hansı tarixdən qeydiyyatda olması və yaşaması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Belə ki, həmin mənzilə dair iddiaçının hansı tarixdən istifadə hüququnun yarandığı inzibati aktdan (sərəncamdan) müəyyən etmək mümkün deyildir. Halbuki, balanssaxlayıcı inzibati orqan eyni mühüm faktiki hallara malik olan analoji digər münasibətlər üzrə məsələlərdə eyni qərarlar qəbul edərək, adına müqavilə bağlanılmış şəxslərin mənzildə qeydiyyatda olmaqla yaşadığı tarixləri inzibati aktlarında (digər vətəndaşlar barədə verilmiş Sərəncamlarında) göstərilmişdir. İş materiallarında öz əksini tapmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsinin 229 saylı xx.xx.2023-cü il tarixli Arayışında İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinə 2023-cü il tarixdən qeydiyyata alındığı göstərilmişdir. İş materiallarında olan müvafiq Arayışdan da görünür ki, iddiaçı 20 fevral 2023-cü il tarixindən həmin mənzildə qeydiyyatdadır. Qeyd edilməlidir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu xx.xx.2009-cu il tarixdən sonra vətəndaşlara həmin Məcəlləyə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin (qeyd olunan tarixdən sonrakı dövrdə verilən sosial və xüsusi təyinatlı) mənzillərin özəlləşdirilməsi başqa qaydada həyata keçirilə bilər.

4. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında” birtipli müqaviləsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzili İddiaçı müddətsiz istifadəyə verilmişdir. Belə ki, qeyd edilən sərəncama əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, lakin bu mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Göründüyü kimi, iddiaçının atasına verilmiş order müıkiyyət hüquqlarının qeydə alınması üçün sənəd hesab olunmur. İddiaçının atası X4 balanssaxlayıcı olan yerli icra hakimiyyəti orqanı ilə mənzil kirayə müqaviləsi bağlamamışdır. Onun oğlu olan iddaçının qardaşı Azayev Telmanla da müvafiq kirayə müqaviləsinin bağlanması müəyyən olunmur. Məhkəmə araşdırması ilə İddiaçı ilə balanssaxlayıcı arasında kirayə müqaviləsi isə 2022ci il tarixində bağlandığı və iddiaçının da həmin tarixdən sonra qeyd edilən mənzildə qeydiyyata düşərək yaşadığı müəyyən olunur. Beləliklə də, iddiaçı 2009-cu il tarixinədək, yəni 2022-ci il tarixindən sonra müvafiq mənzil münasibətlərində olduğundan, həmçinin iddiaçının atası və qardaşı ilə həmin mənzilə dair qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müvafiq kirayə müqaviləsi bağlanılmadığı üçün həmin şəxslər mənzilə dair mülkiyyət hüquqlarını əldə etmədiyindən iddiaçının qüvvədə olan Mənzil Məcəlləsinin 146-cı maddəsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsasən iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi ilə bağlı imtinası qanuni və əsaslı olmaqla iddianın təmin edilməsi barədə iddia ərizəsində qeyd edilən dəlillər əsaslı sayıla bilməz. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına əsasən iddiaçının mənzili özəlləşdirmək hüququ olmamışdır. Həmçinin cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 9 saylı evin 2 saylı mənzilinin üzərində xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar