Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16507/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinə qarşı “sosial müavinətin ödənilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən müddətsiz əlillik müəyyən edildiyi və həmin tarixdən sosial müavinatın ödənilməsi, ödənilməmiş yanvar, fevral, mart, aprel ayları üzrə sosial müavinatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlavə olaraq ona xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlilliyinin müəyyən olunduğu vaxtı, yəni xx.xx.2024-cü il tarixdən müddətsiz əlillik müəyyən edildiyini, ancaq əlilliyə görə sosial müavinatın verilməsi 2025-ci ilin may ayından etibarən təmin edildiyinə dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək (yanvar-aprel) digər aylara dair ödənilməyən sosial müavinatın ödənilməsini tələb etsə belə, süründürməçilik hallarına yol verilərək, əlilliyin müəyyən olunması üçün prosessual müddətin ötürüldüyü əsas gətirilmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı məsələ ilə bağlı cavabdehə müraciəti mövcud deyildir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda iddiaçı tərəfindən cavabdehə müraciət edilmədiyini bildirərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İş materiallarından müəyyən edilir ki, iddiaçı ona müddətsiz əlillik müəyyən edildiyi tarixdən sosial müavinatın ödənilməsi ilə bağlı iş üzrə cavabdehə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeleyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenyliyinə müraciət etmişdir. İddiaçının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenyliyinə etdiyi müraviətinə, həmin qurumun xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilən məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçının isə, hazırkı iddia tələbində qaldırdığı məsələ, yəni ona müddətsiz əlillik müəyyən edildiyi tarixdən sosial müavinatın ödənilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciəti olmamışdır. Yəni iddiaçı hazırkı tələblə bağlı inzibati orqana müraciət etmədən məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya izah edir ki, ona müddətsiz əlillik müəyyən edildiyi tarixdən sosial müavinatın ödənilməsi üçün iddiaçı ilk növbədə DSMF Sosial Ödənişlərin Təyinatıı üzrə Mərkəz Filialına müraciət etməli, müraciətinin təmin olunmasından imtina edildiyi təqdirdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Bu barədə iddiaçıya məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu da göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinə qarşı “sosial müavinətin ödənilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-16507/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16507/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver