Məhkəmə qərarları › İş №2-1(112)-1651/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1651/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1651/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və “Müharibə veteranı vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Ağdam bölgəsində özünü müdafiə batalyonunda döyüşlərə qatılmışdır. xx.xx.1992-ci il tarixindən Allahverdi Bağırovun komadanlıgı ilə özünü müdafiə batalyonuna qoşulmuşdur. xx.xx.1992 il tarixindən isə “20 yanvar” adını daşıyan batalyonda Ağdam - Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişdir. O, Ağdam, Ağdərə, Xocavənd və digər istiqamətlərdə gedən və Abdal-Gülablı, Yenikənd (Aşen-Noşen), Sırxəvənd, Qarakənd, Papravənd, Çullu, Qaraqaşlı, Şirvanlı, Mərzili və digər ərazi vahidləri üzrə gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci oktyabr ayında batalyon böyuk itkilər verdiyinə görə dağılandan sonra batalyonun qalıqları yəni başqa könüllu yoldaşlarla birgə Tərtər istiqamətində döyüşən yerli özünü müdafiə batalyonunun tərkibində xx.xx.1993-cü il tarixinə kimi döyüşlərdə iştirak etmişdir. Lakin o, indiyədək müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müharibə veteranı kimi tanınması və müharibə veteranı vəsiqəsinin verilməsi üçün ünvanlanmış müraciətə Nazirliyin xx.xx.2016-cı il 1/N-4293 saylı cavabında bildirilmişdir ki, “döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən arxiv arayışları olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu cavabı qanunvericiliyin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir, belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2015-ci il tarixli 9/2-5928 saylı arayışında onun N saylı hərbi hissədə xidməti və xx.xx.1995-ci ildə 260 saylı əmrə əsasən, ordu sıralarından azad olunaraq hərbi komissarlığın sərəncamına göndərildiyi bildirilmişdir. Məhz bu sənəd Nazirliyin xx.xx.2016cı il 1/N-4293 saylı cavabında bildirildiyi kimi onun döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən əmrdən çıxarışı özündə əks etdirir və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsasdır. Beləliklə, onu müharibə veteranı kimi tanımaq və müharibə veteranı vəsiqəsini vermək üçün bütün sənədlər olsa da, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onu müharibə veteranı kimi tanımaqdan və müharibə veteranı vəsiqəsini verməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-2200/2024 №-li yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdehin etirazları: Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli, 26/6-2217 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı 1992-ci il iyulun 1-dən oktyabrın 30-na qədər “20 yanvar” (h/h 708) taborunda xidmətdə olmuşdur. Bakı şəhər Yasamal rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci ildə verilmiş MV seriyalı 062500 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Rspublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-1196 nömrəli arxiv arayışından görünür ki, “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-ci il tarixli, 007 nömrəli əmrində İddiaçı adı qeyd olunmuşdur. “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli əmrlər kitabında xx.xx.1963-cü il təvəllüdlü, siravi İddiaçı adı qeyd olunmuş və adının qarşısında “Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 40, mənzil 42-97 yazılmışdır. “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli əmrləri kitabında İddiaçı adı qeyd olunmuş və adının qarşısında “01.07.92/30.10.92” yazılmışdır. “20 Yanvar” batalyon komandirinin oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 3-3- 12/2-Q-410/23 nömrəli məktubundan görünür ki, Tərtər hərbi prokrorluğunda İddiaçı barəsində xx.xx.2001-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 313121/2-Q-2621xx/xx/2023 nömrəli məktubundan surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotundakı məlumata əsən xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-126537/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixindən bəzi kateqoriya şəxslərə Kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmiş və xx.xx.2010-cu il tarixinədək ödənilmişdir. X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən əlilliyə görə əmək pensiyasl təyin edilmiş və ödənilməkdədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Tərtər hərbi prokurorluğunun Amnistiya aktına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2001-ci il tarixli qərarından (surəti) görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı hərbi hissəsini özbaşına tərk etməsi faktı üzrə cinayət işinin başlanması “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2011-ci il tarixli qərarının 1.1. və 7-ci bəndlərinə əsasən rədd edilsin. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 2/2 - 11730 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2- 1196 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası ... Maddə 76: Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ... Maddə 2.0.3: ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: … Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər 2.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 20N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanı: Bənd 1.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin Bənd 2.1. Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bənd 2.2. Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilərBundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla təxris olunması barədə heç bir məlumat aşkar olunmamışdır. Belə ki, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-1196 nömrəli arxiv arayışından görünür ki, “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-ci il tarixli, 007 nömrəli əmrində İddiaçı adı qeyd olunmuşdur. “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli əmrlər kitabında xx.xx.1963-cü il təvəllüdlü, siravi İddiaçı adı qeyd olunmuş və adının qarşısında “Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 40, mənzil 42-97 yazılmışdır. “20 Yanvar” batalyon komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli əmrləri kitabında İddiaçı adı qeyd olunmuş və adının qarşısında “01.07.92/30.10.92” yazılmışdır. “20 Yanvar” batalyon komandirinin oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1196 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 №li 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. İş materiallarından da görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə və qanuni əsasla xidmətdən ehtiyata buraxılması barədə sənədlər olmadığına (arxivdə aşkar edilməmişdir) iddia sübüta yetirilmiş sayıla bilməz. Bundan əlavə iş materiallarından görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı hərbi hissəsini özbaşına tərk etməsi faktı üzrə cinayət işinin başlanması “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2011-ci il tarixli qərarının 1.1. və 7-ci bəndlərinə əsasən (bəraətverici əsaslar olmadan) rədd edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar