Məhkəmə qərarları › İş №2-1(112)-1654/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1654/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1654/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti) «kreditə görə verilməli kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “xxxx” BOKT MMC) «kreditə görə verilməli kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxxx 2014-cü il tarixdə “xxxx” BOKT MMCdən 12 ay müddətinə illik 31% olmaqla 5.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, həmin krediti tam olaraq ödəmiş və bu barədə müvafiq arayış almışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən 1) aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devolvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir: (1.1) 2015-ci il fevralın 21-ə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (o,15 ABŞ dolları). İddiaçı da xx xxxxxxx 2014-cü il tarixdə “xxxx” BOKT MMC-dən 5.000 ABŞ dolları məbləğində kredit götürdüyü üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən birinci devalvasiyadan sonra xx xxxx 2015-ci il tarixdən ödədiyi 4.379,47 ABŞ dollarına görə 656,92 ABŞ dolları (1.116,76 manat) kompensasiya olunmalı və ona ödənilməli idi. Lakin bu günədək Azərbaycan Respublikası Maliyyə X2 (Mərkəzi Bankı) tərəfindən həmin məbləğ ona ödənilməmişdir. Məsələ ilə əlaqədar bir neçə dəfə həmin quruma müraciət etsə də, ona adının verilmiş siyahıda göstərilmədiyi bildirilmiş və apellyasiya şikayəti təqdim olunması təklif olunmuşdur. Bu səbəbdən də o, x xxx 2019-cu il tarixdə AR Maliyyə X2na elektron şikayət vermiş, sonradan yenidən şikayət təqdim etmiş, lakin müraciət cavablandırılmamışdır. Sonuncu dəfə AR Mərkəzi Bankının x xxx 2020-ci il tarixli məktubu ilə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərmanın tarixinədək heç bir məlumat daxil edilmədiyi, bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərmanın tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinin təsdiq olunmasına dair qərar verilməsi zərurəti yarandığı bildirilmişdir. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Gösrərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsaslanaraq, alınmış kreditə görə verilməli olan 656,92 ABŞ dolları (1.116,76 manat) məbləğin və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfdən alınıb ona (iddiaçıya) ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə iddia ilə bağlı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası AR Mərkəzi Bankın x xxxx 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə həmin Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazarlarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” BOKT MMC ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı hər hansı məlumatlar daxil edilmədiyindən, vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən siyahıya əlavə edilməmişdir. Eyni zamanda hesab olunur ki, məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə “xxxx” BOKT MMC arasında xx xxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsinin bağlanıb-bağlanmaması barədə, bağlandığı təqdirdə isə həmin müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərinə günün əvvəlinə) və hazırkı günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Qeyd edilən məlumatlar məhkəməyə təqdim edildikdən və iddiaçının kredit tarixçəsi kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən iddiaya yekun münasibətin bildirilməsi mümkündür. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmaqla məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh və üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (2-ci bənd) bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə X2: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (4-cü bənd) müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5.000 ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə X2 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X3 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İşdə olan sənədlər, o cümlədən iddia ərizəsi və iddia ilə bağlı cavabdeh tərəfin yazılı münasibəti və iddiaçı tərəfin verdiyi izahat əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə “xxxx” BOKT MMC arasında xx xxxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncu tərəfindən iddiaçıya 12 ay müddətinə illik 31% olmaqla 5.000 ABŞ məbləğində kredit verilmişdir. Kredit məbləği tam olaraq ödənilmiş və qalıq borc qalmamışdır (cavabdeh tərəf və üçüncü şəxs bu halı inkar etmir). İddiaçı ləğv olunmuş AR Maliyyə X2nın hüquqi varisi kimi hazırkı cavabdeh AR Mərkəzi Bankına müraciət etmiş və ona Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq həmin müqavilə üzrə kredit borclarına görə müvafiq kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh AR Mərkəzi Bankı məsələnin həllini təmin etməmişdir. Məhkəmə icraatında cavabdeh inzibati orqan bunun səbəbi kimi müvafiq bazada iddiaçının barəsində sistemləşdirilmiş məlumatlar sırasına sözügedən kredit müqaviləsi ilə bağlı məlumatların daxil edilmədiyini göstərmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona müvafiq məbləğdə kompensiya ödənilməsini tələb edir. «İnzibati icraat haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır (maddə 5.2). Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). AR Maliyyə X2nın ********** nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nının 3.1-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: - (3.1.1) 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10.000 ABŞ dollarından və ya həmin tarixə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10.000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; - (3.1.2) 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10.000 ABŞ dollarından və ya həmin tarixə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10.000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci bəndinə görə kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: - (3.2.1) bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. - (3.2.2) bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. - (3.2.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 3.3-cü bəndinə görə devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən AR Maliyyə X2na təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə görə kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə AR Maliyyə X2 Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı AR Maliyyə Nazirliyinə və AR Mərkəzi Bankına təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə görə AR Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların AR Mərkəzi Bankındakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Göründüyü kimi, mövcud qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. İşin hallarına münasibətdə məhkəmə vurğulayır ki, hazırkı cavabdeh inzibati orqan AR Mərkəzi Bankı tərəfindən İddiaçı müraciəti üzrə inzibati icraatda qanunvericiliklə nəzərdə tutulmuş “araşdırma” tam aparılmamış, eləcə də ərizəçiyə, yəni hazırkı iddiaçıya lazımi hüquqi yardım (məlumatlar saxlanılan qurum BOKT və ya bank olsa da) göstərilməsi istiqamətində təşəbbüskarlıq belə göstərilməmişdir. Müvafiq xüsusatlar üzrə işin hallarına gəldikdə isə, hansı ki, inzibati icraatda müəyyənləşdirilməli idi, onlarla bağlı inzibati orqanın resursları və imkanları baxımından araşdırma aparılması inzibati icraatda daha operativ və məqsədyönlü qiymətləndirilir, nəinki məhkəmə icraatında. Bununla da məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan AR Mərkəzi Bankı tərəfindən aparılmış inzibati icraat zamanı «İnzibati icraat haqqında» AR Qanununun 5, 15, 19 və 24-cü maddələrinin tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır, bu səbəbdən də zəruri araşdırmanın inzibati icraat çərçivəsində tamamlanması məqsədəuyğundur. Məhkəmənin hüquqi mövqeyi belədir ki, ərizəçi kimi İddiaçı müraciəti üzrə inzibati icraatda aidiyyəti qurumdan onunla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ödənişlərin məbləğləri və tarixi barədə dolğun məlumatlar əldə olunmalı və işin tam araşdırılması, o cümlədən zərurət yaranarsa həmin kredit müqavilənin mötəbərliyinin müəyyən edilməsi istiqamətində bütün tədbirlər görülməli və ərizəçiyə müraciətin məzmununda müvafiq məsələnin həlli prosesuruna uyğun dəqiqləşmə aparılması təklif olunmalı, bundan sonra araşdırmanın nəticəsi üzrə qaldırılan məsələnin müsbət həlli və ya məsələnin həllindən imtina barədə əsaslandırılmış qərar verilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2). inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı “kredit müqaviləsi üzrə borclara görə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi ilə əlaqədar” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı “kredit müqaviləsi üzrə borclara görə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi ilə əlaqədar” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar