Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16545/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixində anadan olmuşdur. xx.xx.2024-cü il tarixində iddiaçının 60 yaşı tamam olub. xx.xx.2024-cü il tarixinə kimi iddiaçı ümumi 25 ildən və güzəştli şərtlərlə əmək pensiya hüququ verən sahə üzrə 12 il yarımdan çox sığorta stajına malik olmuşdur. "xxxx" QSC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçının ADY-nin Biləcəri lokomotiv və lokomotivlərin təmiri depolarında xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi tomaçı peşəsi ilə xx.xx.2023-cü il tarixindən bu günə qədər çalışdığı bandaj üzrə tomaçı peşəsi əmək funksiyalarına uyğun olaraq icra etdikləri işlərin əsas xüsusiyyətləri lokomotivin təkər cütlərinin bandaj hissəsini universal forma dəzgahında ölçmək və onu standarta uyğun olaraq yonmaqdan və lövbərlərin yastığının oturacağının yonulmasını həyata keçirməkdən ibarət olmaqla eynilik təşkil edir. Müxtəlif dövrlərdə eyni vəzifə funksiyalarına malik bu peşənin adı ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Hal-hazırda ADY-nin Hərəkət vasitələrinin təmiri departamenti Lokomotivlərin təmiri xidmətinin Biləcəri lokomotivlərin təmiri deposunun Təsərrüfat sahəsinin bandaj üzrə tomaçısı olmaqla sözügedən peşə üzrə vəzifə təlimatında göstərilmiş əmək funksiyalarına uyğun olaraq işlər icra edilməkdədir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.1-ci bəndin 3-cü və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda isə 21-ci bölmənin 1-ci bəndinin a) yarımbəndinin 2-ci (kod:1200100a— 11170) abzaslarında nəzərdə tutulmuş “bandajçılar” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti ilə uyğunluq təşkil edir. Həmçinin, iddiaçının yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajı 18 il 7 ay 16 gün təşkil edir. Bandaj üzrə tornaçı peşəsi üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə İddiaçı əmək haqqına 8% əlavə müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi 4 fevral 1988-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə tornaçı, xx.xx.2022-ci il tarixindən bugünədək isə bandaj üzrə tornaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə aid deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 18 gün (xx.xx.1998-xx.xx.2000-ci il ve 01.07 2000xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları iş yerinin arayışında dəqiq göstərilməlidir. Əlavə olaraq bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 8 aprel 2025-ci il tarixli 2-1(103)- 937/2025 nömrəli qərarına əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filialın üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 14 oktyabr 1982-ci ildən 7 dekabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci ilədək məktəbdə keşikçi vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “X1 müəssisəsində çilingər vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək “Azəryoltəmirtikinti” İstehsalat Birliyində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Dəmir Yolunun 2 nömrəli müəssisəsində çilingər vəzifəsində, xx.xx.2000-ci ildən Dəmiryol Biləcəri deposunda qaz qaynaqçısı, çilingər və tornaçı vəzifələrində işləmiş, hal-hazırda da işləyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-937/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" QSC-nin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının ADY-nin Biləcəri lokomotiv və lokomotivlərin təmiri depolarında xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi tornaçı peşəsi ilə xx.xx.2023cü il tarixindən bu günə qədər çalışdığı bandaj üzrə tornaçı peşəsi əmək funksiyalarına uyğun olaraq icra etdikləri işlərin əsas xüsusiyyətləri lokomotivin təkər cütlərinin bandaj hissəsini universal forma dəzgahında ölçmək və onu standarta uyğun olaraq yonmaqdan və lövbərlərin yastığının oturacağının yonulmasını həyata keçirməkdən ibarət olmaqla eynilik təşkil edir. Müxtəlif dövrlərdə eyni vəzifə funksiyalarına malik bu peşənin adı ADYyə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Hal-hazırda ADY-nin Hərəkət vasitələrinin təmiri departamenti Lokomotivlərin təmiri xidmətinin Biləcəri lokomotivlərin təmiri deposunun Təsərrüfat sahəsinin bandaj üzrə tornaçısı olmaqla sözügedən peşə üzrə vəzifə təlimatında göstərilmiş əmək funksiyalarına uyğun olaraq işlər icra edilməkdədir. Qeyd edilir ki, ADY-də mövcud bütün vəzifə və peşələrdən lokomotivin təkər cütlərinin bandaj hissəsinə texniki baxış keçirilməsi və onun təmiri ilə məşğul olan tək peşə olması baxımdan bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.1-ci bəndin 3-cü və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda isə 21-ci bölmənin 1-ci bəndinin a) yarımbəndinin 2-ci (kod:1200100a—11170) abzaslarında nəzərdə tutulmuş “bandajçılar” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti ilə uyğunluq təşkil edir. Həmçinin iddiaçının yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajı 19 il 2 ay 10 gün təşkil edir. Qeyd edilir ki, bandaj üzrə tornaçı peşəsi üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə iddiaçının əmək haqqına 8% əlavə müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş təlimatdan müəyyən edilir ki, iddiaçının çalışdığı bandaj üzrə tornaçı vəzifəsinin əmək funksiyalarına daxildir: bandaj üzrə tornaçı universal forma dəzgahında təkər cütünü ölçmək, standarta uyğun olaraq yonmaq və yenidən ölçmək (F1), lövbərlərin yastığının oturacağının yonulmasını həyata keçirmək (F2) və dəzgahların, avadanlıqların saxlanma qaydalarına riayət etmək (F3). Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi xx.xx.2024-cü il tarixində qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Yəni iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı tamam olmalı, 25 il ümumi stajı, 12 il 06 ay isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrə qədər olan ümumi stajı və pensiya kapitalının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının olmamasına istinad edir. Eyni zamanda cavabdeh hesab edir ki, iddiaçının xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə alınmayan xx.xx.2006-xx.xx.2022-ci il tarixədək və hazırda da işlədiyi dövrün güzəştli pensiya hüququ verən əmək stajına aid olması "xxxx" QSC-nin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təsdiq edilir. Belə ki, həmin məktubda iddiaçının Biləcəri lokomotiv və lokomotivlərin təmiri depolarında xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi tornaçı peşəsi ilə xx.xx.2023-cü il tarixindən bu günə qədər çalışdığı bandaj üzrə tornaçı peşəsinin əmək funksiyalarına uyğun olaraq icra etdikləri işlərin əsas xüsusiyyətləri lokomotivin təkər cütlərinin bandaj hissəsini universal forma dəzgahında ölçmək və onu standarta uyğun olaraq yonmaqdan və lövbərlərin yastığının oturacağının yonulmasını həyata keçirməkdən ibarət olmaqla, eynilik təşkil etdiyi, həmçinin, iddiaçının yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajının 19 il 2 ay 10 gün təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"nın 21-ci bölməsinin (“Nəqliyyat”) 21.1-ci bəndində “Dəmiryol nəqliyyatı və metropoliten”də fəhlələr bandajçılar peşəsi öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Beləliklə, yuxarıda göstərilən araşdırılmalar, cavabdehin irəli sürdüyü arqumentlərin əsassız olduğuna dəlalət edir. Belə ki, cavabdeh müvafiq peşələrin ad uyğunsuzluğu baxımından iddiaçının həmin dövrlər üzrə əmək stajının güzəştli staj kimi nəzərə alınmasından imtina etmişdir. Lakin, müvafiq peşələrin müxtəlif dövrlərdə necə adlanması deyil, işşinin həmin peşə üzrə əsas funksiyaları hazırkı məsələdə əsas rol oynayır. Bu səbəbdən məhkəmə iddiaçının xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi "xxxx" QSC-də “tornaçı” peşəsini güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edir. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-16545/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16545/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver